ABŞ rəsmiləri Nyu-Yorkda sürücünü yaralayan ICE əməkdaşlarını müdafiə ediblər

ABŞ rəsmiləri Nyu-Yorkda sürücünü yaralayan ICE əməkdaşlarını müdafiə ediblər
Etirazçılar Bronksda baş verən atışmaya görə ICE-yə qarşı aksiya keçirirlər. Manhetten, Nyu-York, ABŞ, 10 oktyabr 2026-cı il.
Reuters

ABŞ rəsmiləri Nyu-Yorkda avtomobilə atəş açaraq sürücünü yaralayan miqrasiya əməkdaşlarını müdafiə ediblər. Hadisə zamanı sürücünün beş yaşlı oğlu da avtomobildə olub. Nyu-York meri Zöhran Məmdani isə əməkdaşların hərəkətlərini sərt tənqid edib.

ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mallin oktyabrın 9-da bildirib ki, əməkdaşlar atəş açarkən avtomobildə uşağın olduğundan xəbərsiz olublar. O, Oskar Belqalı həm federal əməkdaşların, həm də uşağın həyatını təhlükəyə atmaqda ittiham edib.

ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) yüksəkvəzifəli rəsmisi Markos Çarlzın sözlərinə görə, hadisə oktyabrın 8-də Manhettenin Marbl-Hill məhəlləsində baş verib. ICE əməkdaşları Belqaldan avtomobildən düşməsini tələb etsələr də, o, buna əməl etməyib.

Çarlzın iddiasına görə, Belqal avtomobilin sürətini artıraraq ICE-yə məxsus iki nəqliyyat vasitəsinə çırpılıb və daha sonra əməkdaşların üzərinə sürüb. Bundan sonra federal əməkdaşlar ona atəş açıblar.

Bronksda ICE əməkdaşlarının atəş açdığı bildirilən hadisə yerində zədələnmiş avtomobil. Nyu-York, ABŞ, 8 oktyabr 2026-cı il.
Reuters
Bədən kamerası görüntüləri yayımlanıb

Çarlzın sözlərinə görə, Belqal boynundan yüngül güllə yarası alıb. O, hazırda Nyu-York ştatından kənarda yerləşən saxlanma mərkəzindədir. Nyu-York polisi bildirib ki, atışma zamanı Belqalın beş yaşlı oğlu avtomobilin arxa oturacağında olub.

Nyu-York Polis Departamentinin yaydığı bədən kamerası görüntülərində Belqalın avtomobilin yanında əlləri qandallı vəziyyətdə olduğu görünür. Yerdə qana bənzər izlər var. Ətrafda toplaşan insanlar isə yaxınlıqda dayanan federal əməkdaşlara etiraz edirlər.

Daha sonra polis əməkdaşları Belqalı patrul avtomobilinə apararaq xəstəxanaya çatdırırlar.

Məmdani ICE-ni tənqid edib, Mallin cavab verib

Nyu-York meri Zöhran Məmdani oktyabrın 8-də hadisə yerində ICE-ni sərt tənqid edərək qurumu “başdan-ayağa çürümüş” adlandırıb.

Məmdani bildirib ki, Belqalın sərbəst buraxılmasını tələb etmək üçün ABŞ Prezidenti Donald Tramp və daxili təhlükəsizlik naziri Markveyn Mallinlə əlaqə saxlamağa çalışsa da, buna nail olmayıb.

Mallin isə oktyabrın 9-da Məmdanini və Nyu-Yorkun miqrasiya siyasətini tənqid edib. Şəhərdə tətbiq olunan qaydalar müəyyən hallarda yerli hakimiyyət orqanlarının federal miqrasiya qurumları ilə əməkdaşlığını məhdudlaşdırır.

Hüquqi yardım təşkilatı araşdırma tələb edir

Hadisə Tramp administrasiyasının miqrasiya əməliyyatları zamanı güc tətbiqi hallarının artdığı bir dövrdə baş verib. Tramp 2025-ci ilin yanvarında kütləvi deportasiyalar həyata keçirmək vədi ilə yenidən prezident vəzifəsinə başlayıb.

Məhkəmədə Belqalın hüquqlarını müdafiə edən Hüquqi Yardım Cəmiyyəti (The Legal Aid Society) də atışmanı pisləyib.

Təşkilat federal əməkdaşların hərəkətlərinə görə daha ciddi məsuliyyət daşımasını tələb edib və Nyu-York prokurorlarını hadisədə iştirak edən əməkdaşların hərəkətlərini araşdırmağa çağırıb.

Teqlər