Hindistanda etirazlar fonunda “Tarakan Xalq Partiyası”nın lideri azadlığa buraxılıb

Hindistanda etirazlar fonunda “Tarakan Xalq Partiyası”nın lideri azadlığa buraxılıb
Təhlükəsizlik qüvvələri Tarakan Xalq Partiyasının etiraz aksiyasında nümayişçini saxlayır. Yeni Dehli, Hindistan, 11 oktyabr 2026-cı il.
Reuters

Hindistanın paytaxtı Yeni Dehlidə baş seçki komissarının istefası tələbi ilə keçirilən etiraz aksiyaları ikinci gününə keçib. Polis yüzlərlə nümayişçini saxlayıb. 

Eyni zamanda, məhkəmə gənclərin rəhbərlik etdiyi Tarakan Xalq Partiyasının (CJP) təsisçisinin və daha iki rəhbər şəxsinin azadlığa buraxılmasına qərar verib. Abhijit Dipke və partiyanın digər iki rəhbər şəxsi 10 oktyabrda uçduqları təyyarə Dehliyə endikdən sonra saxlanılıblar. Onlar paytaxtda etiraz aksiyalarının keçirilməsi üçün ayrılmış Cantar Mantar ərazisində planlaşdırılan nümayişdən əvvəl saxlanılıblar.

Partiyanın məlumatına görə, məhkəmə onların ictimai asayişə riayət etmələri şərti ilə azadlığa buraxılmasına qərar verib. Partiyanın hüquq şöbəsinin rəhbəri Ratna Sinq bu barədə X sosial şəbəkəsində paylaşım edib.

“Tarakanlar heç vaxt ölmür”, – deyə partiya Abhijit Dipkenin azadlığa buraxılmasından sonra sosial şəbəkə hesabında paylaşım edib.

11 oktyabrda şəhərin müxtəlif ərazilərində etirazlar yenidən başlayıb. Nümayişçilər, o cümlədən kommunist partiyaları ilə əlaqəli tələbə təşkilatlarının üzvləri bir araya gəlib. Polis gənc etirazçıları saxlayaraq avtomobillərlə ərazidən uzaqlaşdırıb.

Ümumhindistan Tələbələr Assosiasiyası X platformasında saxlanılan bəzi şəxslərin polis avtomobillərində zorakılığa məruz qaldığını iddia edib. “Reuters” bu iddiaları müstəqil şəkildə təsdiqləyə bilməyib. Dehli polisi isə şərh üçün göndərilən sorğulara cavab verməyib.

Tarakan Xalq Partiyasının baş sözçüsü Saurav Das azadlığa buraxıldıqdan sonra Hindistan Mətbuat Klubunda mətbuat konfransında çıxış edir. 11 oktyabr 2026-cı il.
Reuters
Polisin sərt müdaxiləsi tənqid olunur

Dehli polisinin məlumatına görə, 10 oktyabrda saxlanılanların sayı 2 400-ə çatıb. Məlumatlara əsasən, polis planlaşdırılan nümayişin qarşısını almaq üçün Dehlinin mərkəzində bəzi ərazilərə girişi də məhdudlaşdırıb.

11 oktyabrda minlərlə polis əməkdaşı və hərbiləşdirilmiş qüvvələrin üzvləri şəhərin müxtəlif ərazilərində xidmətini davam etdirib. Bununla belə, metro stansiyaları yenidən açılıb, mobil internet xidmətləri bərpa olunub.

Polisin məlumatına görə, 10 oktyabrda keçirilən etirazlar zamanı saxlanılanların əksəriyyəti həmin gecə azadlığa buraxılıb.

Etirazlara qarşı görülən sərt tədbirlər müxalifət partiyalarının və hökuməti tənqid edən şəxslərin narazılığına səbəb olub. Onlar hakimiyyət orqanlarını nümayişçilərə qarşı həddindən artıq güc tətbiq etməkdə ittiham ediblər.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı da Hindistan hakimiyyətini dinc toplaşmaq hüququna hörmət olunmasını təmin etməyə çağırıb.

Hindistan Xarici İşlər Nazirliyi BMT-nin bu məsələyə müdaxiləsini rədd edərək qurumun yanaşmasını “seçici xarakterli”, bəyanatını isə “Hindistanın daxili işlərinə yersiz müdaxilə” adlandırıb.

Tarakan Xalq Partiyasının etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan nümayişçilər. Yeni Dehli, Hindistan, 11 oktyabr 2026-cı il.
Reuters

Bu nümayişlər 2014-cü ildən hakimiyyətdə olan Baş nazir Narendra Modi hökumətinə qarşı son dövrün ən geniş diqqət çəkən etiraz aksiyaları sırasındadır.

Etirazçılar baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edirlər. Etirazlara seçici siyahılarında aparılan dəyişikliklər səbəb olub. Tənqidçilər hesab edirlər ki, bu dəyişikliklər Modinin rəhbərlik etdiyi hakim Bharatiya Canata Partiyasına (BJP) qeyri-mütənasib üstünlük qazandıra bilər.

Seçici siyahıları ətrafında mübahisə

Mübahisənin mərkəzində seçici siyahılarının yoxlanılması prosesi dayanır. BJP-nin istinad etdiyi Seçki Komissiyasının məlumatlarına əsasən, bu proses nəticəsində təxminən 130 milyon nəfərin adı seçici siyahılarından çıxarılıb.

Bu rəqəmə yaşayış yerini dəyişmiş təxminən 63 milyon nəfər və yeri müəyyən edilə bilməyən 30 milyon nəfər daxildir.

Müxalifət partiyaları və digər tənqidçilər iddia edirlər ki, dəyişikliklər BJP-ni dəstəkləmək ehtimalı daha az olan müsəlman seçicilərə və digər azlıq qruplarına qeyri-mütənasib təsir göstərir.

Seçki Komissiyası hər hansı siyasi partiyaya üstünlük verilməsi barədə ittihamları rədd edir. BJP isə rəqiblərini qanuni seçki prosedurlarını şübhə altına alaraq demokratiyaya xələl gətirməkdə ittiham edir.

Mübahisə sentyabrın sonunda “Indian Express” qəzetinin dərc etdiyi məlumatdan sonra daha da kəskinləşib. Qəzetin yazdığına görə, iki seçki komissarı seçici siyahılarının yenilənməsi, qeydiyyat prosedurları və rəqəmsal sistemlərlə bağlı daxili müzakirələrdə narahatlıqlarını ifadə edib.

Seçki Komissiyası isə daxili müzakirələrdə fikir ayrılıqlarının normal olduğunu bildirib.

Tarakan Xalq Partiyası əvvəlcə internetdə satirik layihə kimi fəaliyyətə başlayıb, sonradan ictimai təzyiq qrupuna çevrilib. Təşkilat bundan əvvəl imtahan suallarının sızdırıldığına dair iddialarla bağlı etiraz aksiyaları keçirib. Bu etirazlar Hindistanın təhsil nazirinin istefası çağırışlarının artmasına səbəb olan amillərdən biri olub.

Partiya Kumarın istefası tələbi ilə apardığı hazırkı kampaniyanı “İkinci mövsüm” adlandırıb və Hindistanın seçki sistemində islahatlar aparılanadək etirazları davam etdirəcəyini bildirib.

Fəallar yenidən küçələrə çıxır

Nümayişlərin tanınmış iştirakçılarından biri 29 yaşlı doktorant, solyönlü Ümumhindistan Tələbələr Assosiasiyasının ölkə üzrə sədri Neha Boradır.

Təhlükəsizlik qüvvələri nümayişçini saxlayarkən digər etirazçı onu geri çəkməyə çalışır. Yeni Dehli, Hindistan, 11 oktyabr 2026-cı il.
Reuters

Bora 10 oktyabrda polisin nümayişçilərin Cantar Mantar ərazisinə çatmasına mane olmasından sonra saxlanılıb. O, etirazçıları təxminən 10 kilometr uzaqlıqda yerləşən sənətkarlıq bazarı Dilli Haatda yenidən toplaşmağa çağırıb və saxlanıldığı müddətdə də nümayişlərin davam etdirilməsinə səsləyib.

Bora həmin gün azadlığa buraxılıb.

O, internetdə yayımladığı videoda saxlanılmasının etiraz hərəkatını dayandırmayacağını bildirib.

“Mən saxlanılmışam, amma hərəkat yox”, – deyə Bora tərəfdarlarını etirazları davam etdirməyə çağırıb.

Bora “Reuters”ə bildirib ki, onun ictimai fəallığı teatr və tələbə nümayişlərində iştirak nəticəsində formalaşıb. Bu fəaliyyətə 2019–2020-ci illərdə Hindistanın vətəndaşlıq qanununa qarşı keçirilən etirazlar da daxildir.

Fəal, həmçinin işsizlik, imtahan qalmaqalları və polisin nümayişçilərə qarşı hərəkətləri ilə bağlı kampaniyalarda iştirak edib.

Onun sözlərinə görə, hazırkı etiraz dalğası cəmiyyətdə illər ərzində yığılıb qalmış narazılığı əks etdirir. Bora hesab edir ki, ümid insanlara qorxularını dəf etməyə kömək edir.

“Qorxu yoluxucudur, əlbəttə. Amma ümid də yoluxucudur”, – deyə o bildirib.

Nümayişçilərin saxlanılmasına və hakimiyyətin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, etirazlar 11 oktyabrda da davam edib.

Tarakan Xalq Partiyası seçki sistemində dəyişikliklərin həyata keçirilməsi üçün təzyiqləri davam etdirəcəyini bəyan edib. Seçki Komissiyası və hakim BJP isə seçici siyahılarının yenilənməsi prosesində manipulyasiyaya yol verildiyinə dair ittihamları rədd edir.

Teqlər