Polşada Baş nazir və müdafiə nazirinə qarşı hücum planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Polşada Baş nazir və müdafiə nazirinə qarşı hücum planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Polşanın Baş naziri Donald Tusk Günəşin qismən tutulmasını izləyir. Kopernik Elm Mərkəzi, Varşava, Polşa, 12 avqust 2026-cı il.
Reuters

Polşada Baş nazir Donald Tuska və müdafiə naziri Vladislav Kosinyak-Kamışa hücum planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Hadisə ilə əlaqədar təhlükəsizlik qurumları oktyabrın 11-də xüsusi iclas keçiriblər.

Daxili işlər naziri Marçin Kervinski dövlət televiziyası “TVP Info”ya bildirib ki, 60 yaşlarında olan şübhəli ölkənin cənubundakı Aşağı Sileziya bölgəsində saxlanılıb.

“Təhlükəsizlik xidmətləri internetdəki paylaşımları ətraflı təhlil edərək onun yerini müəyyənləşdiriblər”, – Kervinski deyib.

Xüsusi xidmətlərin sözçüsü Yatsek Dobjinski bildirib ki, qurumlara mümkün hücum barədə məlumat daxil olub və təhlükə son dərəcə ciddi qiymətləndirilir.

“Bu təhdidlərin həyata keçirilməsi ehtimalı yüksəkdir”, – Dobjinski əlavə təfərrüat vermədən jurnalistlərə deyib.

Daxili İşlər Nazirliyinin sözçüsü Karolina Qaletskanın sözlərinə görə, nazirlərin mühafizəsinə cavabdeh olan Dövlət Mühafizə Xidməti mümkün hücum barədə məlumatların yer aldığı elektron məktubu polisə göndərib.

Tusk və Kosinyak-Kamış “X” platformasındakı paylaşımlarında operativ və qətiyyətli müdaxiləyə görə polisə təşəkkür ediblər.

Polşada təhlükəsizliklə bağlı narahatlıq artır

Polşada məktəblərdə zorakılıq hadisələri və Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin Polşaya coğrafi yaxınlığından irəli gələn təhlükələr fonunda qurumlar mümkün təhdidlərə qarşı tədbirləri davam etdirirlər.

Rəsmilər məktəblərdəki silsilə zorakılıq hadisələrini, o cümlədən oktyabrın 8-də bir məktəb əməkdaşının ölümü ilə nəticələnən hadisəni araşdırırlar.

Polşada zorakılıqla müşayiət olunan cinayətlər nisbətən az baş versə də, ölkədə siyasi qütbləşmə güclüdür. Əvvəllər də yüksəkvəzifəli siyasətçilərə qarşı təhdidlər qeydə alınıb.

Avqust ayında polis yüksəkvəzifəli Polşa siyasətçilərinin öldürülməsinə çağırış etməkdə ittiham olunan 23 yaşlı şəxsi saxlayıb.

2024-cü ildə isə Donald Tusk Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdindən sonra özünün də təhdidlər aldığını bildirmişdi.

Polşa rəsmiləri Tusk və Kosinyak-Kamışa qarşı ehtimal olunan hücum planı ilə bağlı əlavə məlumat açıqlamayıblar.

Teqlər