Pentaqon Nidal Həsənin edamını canlı yayımlayacaq: Bu, qanunidir?

Pentaqon Nidal Həsənin edamını canlı yayımlayacaq: Bu, qanunidir?
Keçmiş mayor Nidal Həsənin fotosu.
Reuters

Pentaqonun 2009-cu ildə ABŞ-nin “Fort-Hud” hərbi bazasında 13 nəfəri öldürən və 30-dan çox insanı yaralayan keçmiş hərbi psixiatr Nidal Həsənin edamını canlı yayımlamaq planı müzakirələrə səbəb olub. 

Bu qərar edamların canlı yayımlanmasının qanuniliyi və hərbi ədalət sisteminin səlahiyyətləri ilə bağlı suallar doğurub.

Pentaqon oktyabrın 8-də Həsənin güllələnmə yolu ilə edamının canlı yayımlanacağını açıqlayıb. Prezident Donald Tramp oktyabrın 2-də Nidal Həsən barəsində ölüm hökmünü təsdiqləyib. Oktyabrın 6-da ABŞ ordusu edamın dekabrın 3-də güllələnmə yolu ilə həyata keçiriləcəyini qərara alıb.

ABŞ-də güllələnmə ilə edam qanunidirmi?

Bəli. ABŞ Ali Məhkəməsi 1879-cu ildə Uilkerson v. Utah işi üzrə qərarında güllələnmənin Konstitusiya ilə qadağan edilən qəddar və qeyri-adi cəza hesab olunmadığını müəyyən edib.

Hazırda ABŞ-nin beş ştatında güllələnmə ilə edama icazə verilir: Aydaho, Missisipi, Oklahoma, Cənubi Karolina və Yuta.

Tramp administrasiyası bu üsulun federal həbsxanalarda da tətbiqinə icazə verəcəyini bildirib.

ABŞ ordusunda əvvəllər fərarilik də daxil olmaqla, müxtəlif hərbi cinayətlərə görə məhkum edilmiş hərbçilər güllələnmə yolu ilə edam olunublar.

ABŞ-nin hərbi məhkəmə sistemini tənzimləyən qanununa əsasən, hərbi qulluqçu barəsində çıxarılan ölüm hökmünü yalnız prezident təsdiqləyə bilər.

2013-cü ildə hərbi məhkəmənin andlılar heyəti Həsəni qəsdən adam öldürməkdə təqsirli bilib.

Edamın canlı yayımlanmasına icazə verilirmi?

ABŞ-də federal həbsxanalarda edamların videoya çəkilməsi və yayımlanması qadağandır. Lakin hərbi edamlarla bağlı qaydalarda belə qadağa nəzərdə tutulmayıb. Bu da Pentaqonun canlı yayım planının qanuniliyi ilə bağlı suallar yaradır.

ABŞ-də əvvəllər edamlar ictimaiyyət qarşısında həyata keçirilsə də, sonradan əsasən həbsxanalarda, qapalı şəraitdə icra olunmağa başlanıb.

Ştat qanunlarına əsasən, edamları adətən yalnız səlahiyyətli rəsmilər, məhkumun və zərərçəkənlərin yaxınları, hüquqi nümayəndələr və məhdud sayda jurnalist izləyə bilər.

Məhkəmələr edamların daha geniş auditoriyaya yayımlanması ilə bağlı müraciətləri də rədd ediblər.

2001-ci ildə məhkəmə 1995-ci ildə Oklahoma-Siti şəhərində 168 nəfərin ölümünə səbəb olan partlayışa görə məhkum edilmiş Timoti Makveyin edamının canlı yayımlanması barədə müraciəti rədd edib.

ABŞ Ədliyyə Nazirliyi bunun əvəzinə hücumdan sağ çıxan şəxslər və qurbanların ailələri üçün məhdud yayım təşkil edib.

Nidal Həsən edam qərarına etiraz edə bilərmi?

Həsən hərbi məhkəmə sistemi daxilində birbaşa apellyasiya imkanlarından artıq istifadə edib. Bununla belə, o, həbsin və hökmün qanuniliyinin yoxlanılması üçün məhkəməyə müraciət vasitəsilə federal mülki məhkəmələrdə hökmə və cəzaya etiraz edə bilər.

Bu hüquqi prosedur məhkumun həbsinin və ya ona verilmiş cəzanın qanuniliyinin məhkəmə tərəfindən yoxlanılmasını nəzərdə tutur.

Belə müraciətlər nəticəsiz qalsa belə, məhkəmə prosesləri edamın illərlə təxirə salınmasına səbəb ola bilər.

2009-cu ildə “Fort-Hud” hərbi bazasında 13 nəfərin ölümü ilə nəticələnən atışmada ittiham olunan Nidal Həsənin fotosu.
Reuters

Hüquq ekspertlərinin sözlərinə görə, Həsən edam üsuluna etiraz etmək üçün mülki hüquqlarının pozulması ilə bağlı ayrıca məhkəmə iddiası da qaldıra bilər.

Həsən 2013-cü ildə keçirilən məhkəmədə özünü müdafiə edib və demək olar ki, heç bir müdafiə arqumenti irəli sürməyib.

BMT nə deyir?

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Nidal Həsənin edamının canlı yayımlanması planını pisləyib.

Qurum bildirib ki, belə yayım faktiki olaraq ictimai edam hesab olunur və beynəlxalq insan hüquqları normalarını pozur.

“Edamın canlı yayımlanması onun ictimaiyyət qarşısında həyata keçirilməsinə bərabərdir və işgəncəyə qoyulan mütləq qadağanı pozar”, – komissarlığın açıqlamasında bildirilir.

Qurum həmçinin planın 1984-cü ildə qəbul edilmiş “İşgəncələrə qarşı konvensiya”ya zidd olduğunu bildirib. ABŞ bu konvensiyanı 1994-cü ildə ratifikasiya edib.

Bununla belə, beynəlxalq hüquq normaları ABŞ məhkəmələrində bu plana etiraz etmək üçün avtomatik olaraq hüquqi əsas yaratmır.

Teqlər