Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədə prezident seçkilərinin keçirilməsi üçün təklif etdiyi 60 günlük atəşkəs təşəbbüsünü rədd edib. Moskva müvəqqəti pauza əvəzinə yekun sülh sazişinin imzalanmasında maraqlı olduğunu bəyan edib.
ABŞ Prezidenti Donald Tramp Rusiya dizelinə tətbiq edilən sanksiyaların yumşaldılması qərarını müdafiə edib. Müvafiq addım Ukrayna və Avropalı müttəfiqlər tərəfindən kəskin tənqid olunub. Sövdələşmənin Moskvanın müharibə xərclərini maliyyələşdirməyə xidmət edəcəyi bildirilib.
Tramp “Truth Social” şəbəkəsindəki paylaşımında Avropa İttifaqının Rusiyadan enerji idxalına milyardlarla dollar xərclədiyini vurğulayıb, medianı məsələyə göz yummaqda ittiham edib. “Avropa İttifaqı enerjiyə görə Rusiyaya 250 milyard dollar ödəyib, saxta xəbər mediası isə bunu görməzdən gəlir. Mən Amerika xalqı üçün doğru addım atdım — həmişə öncə Amerika”, – deyə ABŞ lideri qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsindəki paylaşımında Rusiyanı enerji sahəsində atəşkəs bəyanatından dərhal sonra ölkənin 6 enerji obyektinə zərbə endirməkdə və 33 nəfəri yaralamaqda ittiham edib.
Moskvaya qarşı təzyiqlərin artırılmasının vacibliyini vurğulayan Zelenski sanksiyaları müharibənin başa çatdırılması istiqamətində mühüm addım kimi qiymətləndirib.
Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampın Rusiya dizelinə tətbiq olunan sanksiyaları müvəqqəti yumşaltmaq qərarına reaksiya verib. Kansler vurğulayıb ki, Almaniya və Avropa üçün bu cür addımın atılması qətiyyən gündəmdə deyil.
“Rusiya yalnız təzyiq altında ciddi danışıqlara gedəcək. Məhz bu səbəbdən Moskvaya qarşı sanksiyaları saxlamaqda davam edirik”, – deyə Merts əlavə edib.
Varşava Təhlükəsizlik Forumunda çıxış edən NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ABŞ generalı Aleksus Qrinkeviç alyansın istənilən hücuma cavab verməyə hazır olduğunu bildirib.
“Əgər kimsə bizə hücum edəcək qədər ağılsızlıq etsə, döyüşəcəyik”, – o deyib.
General müharibənin qaçılmaz olduğuna və ya yaxın zamanda baş verəcəyinə inanmadığını, lakin zərurət yaranarsa, NATO-nun elə bu gecə döyüşməyə hazır olduğunu vurğulayıb.
Bu xəbərdarlıq son aylarda Rusiya pilotsuz uçuş aparatları və təyyarələrinin NATO üzvü olan ölkələrin hava məkanını dəfələrlə pozduğuna dair məlumatlar fonunda səsləndirilib.
Bu arada Çexiya kəşfiyyatının rəhbəri Mixal Koudelka xəbərdarlıq edib ki, Rusiya Ukraynaya dəstək verən NATO ölkələrinə qarşı əməliyyatlarını genişləndirə bilər.
Onun sözlərinə görə, Moskva silah anbarlarını və yardım obyektlərini təxribatlar, pilotsuz uçuş aparatları və raket zərbələri ilə hədəf ala, hətta məhdudmiqyaslı hərbi əməliyyatlara əl ata bilər.
Koudelka Rusiyanın mümkün strategiyasını gərginliyi artırmaqla onu azaltmağa nail olmaq kimi xarakterizə edib. O bildirib ki, bu cür addımlar NATO üzvlərinə təzyiq göstərmək məqsədi daşıya bilər.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa oktyabrın 12-də bildirib ki, Rusiyanın hücumlarını davam etdirməsinə baxmayaraq, Kiyev enerji obyektlərinə qarşılıqlı zərbələrin dayandırılmasına hazırdır. Nazir vurğulayıb ki, atəşkəs bəyanatından cəmi bir neçə saat sonra Rusiya Xarkov və digər bölgələrdə enerji infrastrukturunu yenidən hədəfə alıb.
“Heç kim Putinin sözlərinə inanmamalıdır, onun əməllərinə baxsınlar”, – deyə ukraynalı diplomat əlavə edib.
Rusiyanın “RİA Novosti” agentliyinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 12-də bildirib ki, Prezident Vladimir Putin Ukraynada prezident seçkilərinin keçiriləcəyi gün ölkəyə hücum etməmək barədə orduya əmr verməyə hazırdır.
Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 12-də jurnalistlərə bildirib ki, Rusiya müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh razılaşması istəyir.
“Həm Prezident Vladimir Putin, həm də Kremlin digər rəsmiləri dəfələrlə bəyan ediblər ki, biz atəşkəs istəmirik. Biz uzunmüddətli sülh istəyirik və buna nail olmaq üçün əlimizdən gələni etməyə hazırıq”, – Peskov bildirib.
Peskov həmçinin ABŞ Prezidenti Donald Trampın elan etdiyi Rusiya və Ukrayna arasında mümkün enerji atəşkəsi ilə bağlı təmasların davam etdiyini deyib.
O, təklif olunan razılaşmanın yalnız neft emalı zavodlarını əhatə edəcəyinə aydınlıq gətirməyib. Peskov əlavə məlumatların vaxtı çatanda açıqlanacağını bildirib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ Prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsinə çağırışı Prezident Volodimir Zelenskinin müharibəni başa çatdırmaq üçün siyasi iradə göstərməməsi ilə bağlıdır.
Peskov “RİA Novosti” agentliyinə müsahibəsində bildirib ki, Zelenski Rusiya-Ukrayna müharibəsinin həlli üçün məsuliyyəti üzərinə götürməli və çətin qərarlar qəbul etməlidir.
“Tramp artıq yeni prezidentin seçilməsinin vaxtının çatdığını bildirib. Niyə? Çünki Ukrayna Prezidenti bu müharibəni dayandırmaq üçün çox mühüm və çətin qərarlar qəbul etməlidir”, – Peskov deyib.
Fransa Prezidenti Emmanuel Makron oktyabrın 12-də bildirib ki, son 48 saat ərzində Rusiyanın Ukrayna ilə enerji atəşkəsinə əməl etdiyini göstərən heç bir əlamət müşahidə etməyib.
Bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp gözlənilmədən Rusiya və Ukrayna arasında enerji atəşkəsi barədə razılıq əldə olunduğunu və onun dərhal qüvvəyə mindiyini açıqlayıb. Lakin Ukrayna Prezidenti Volodimir Zelenski razılaşmanın təfərrüatlarını hələ də gözlədiyini bildirib.
“Enerji məsələsinin müzakirəsinə yalnız hər iki tərəfin əməl etdiyi real atəşkəs əldə olunduqdan sonra qayıda bilərik. Son 48 saat ərzində Rusiyanın enerji atəşkəsinə əməl etdiyini göstərən heç bir əlamət görməmişəm”, – Makron Paris Avtomobil Sərgisində jurnalistlərə bildirib.
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyanın hərbi-sənaye kompleksini hədəf alan 1 600-ə yaxın yeni sanksiya qərarı qəbul ediblər.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas oktyabrın 12-də açıqlama verib.
Kallas bildirib ki, bu qərar Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumundan bəri Aİ-nin sanksiya siyahısına edilən ən böyük əlavədir.
Rusiya oktyabrın 12-nə keçən gecə Ukraynanın dövlət neft-qaz şirkəti “Naftogaz”ın Xarkov vilayətindəki qaz hasilatı obyektlərinə hücum edib. Nəticədə yanğın baş verib.
Bu barədə şirkət oktyabrın 12-də məlumat yayıb.
“Hücum nəticəsində mühüm avadanlıqlar zədələnib. Əməkdaşlarımız zərəri mümkün qədər tez aradan qaldırmaq və enerji sisteminin sabit fəaliyyətinə yarana biləcək risklərin qarşısını almaq üçün əllərindən gələni edirlər”.
Bunu “Naftogaz”ın baş direktoru vəzifəsini icra edən Serhiy Fedorenko “Telegram” hesabında bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ABŞ Prezidenti Donald Trampın elan etdiyi enerji atəşkəsini pozduğunu bildirib.
Zelenski bu barədə Varşavada keçirilən təhlükəsizlik konfransına videobağlantı vasitəsilə qoşularkən danışıb.
“Prezident Trampın elan etdiyi enerji atəşkəsi Rusiya tərəfindən pozulub”, – o bildirib.
Zelenski qeyd edib ki, Ukrayna Vaşinqtonla Moskva arasında əldə olunduğu bildirilən razılaşmanın təfərrüatlarını hələ də gözləyir. O, atəşkəs barədə mediadan məlumat aldığını da əlavə edib.
“Bu enerji atəşkəsi işləyə və müharibənin başa çatması yolunda mühüm addıma çevrilə bilər. Bunun üçün amerikalılar indi həqiqətən müdaxilə etməli və Rusiyanın atəşkəsə əməl etməsini təmin etməlidirlər”, – Zelenski vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın