Günün icmalı: Dünyada baş verən son təbii fəlakətlər

Günün icmalı: Dünyada baş verən son təbii fəlakətlər
Zəlzələ nəticəsində bəzi hissələri dağılan “El Sitio” hotelinin dronla çəkilmiş görüntüsü. Playa-Venao, Los-Santos əyaləti, Panama, 11 oktyabr 2026-cı il.
Reuters

AnewZ “Günün icmalı” rubrikasında əsas yenilikləri təqdim edir. Oktyabrın 12-də dünyanın müxtəlif bölgələrində baş verən beş əsas təbii fəlakət və onların mümkün fəsadları barədə məlumatları nəzərinizə çatdırırıq.

Panamada güclü zəlzələdən sonra 200-dən çox təkrar təkan qeydə alınıb

Panamada oktyabrın 9-da baş verən 7,7 maqnitudalı zəlzələdən sonra 200-dən çox təkrar yeraltı təkan qeydə alınıb.

Zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb, 900-ə yaxın evə ziyan dəyib. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Tələfat qeydə alınmasa da, rəsmilər araşdırmalar davam etdikcə dəyən ziyanın miqyasının artacağını istisna etmirlər.

Panama hökuməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 100 milyon dollaradək vəsait ayırıb. ABŞ isə 5 milyon dollar həcmində yardım ayıracağını və 20 nəfərlik operativ dəstək heyəti göndərəcəyini vəd edib.

“Isaias” qasırğası dörd nəfərin ölümünə səbəb olub, 670 min sakin işıqsız qalıb

Oktyabrın 10-da səhər saatlarında ABŞ sahillərinə çatan “Isaias” qasırğası nəticəsində dörd nəfər həyatını itirib. Florida, Alabama, Corciya və Missisipi ştatlarında təxminən 670 min sakin elektrik enerjisiz qalıb.

Qasırğa sonradan zəifləyərək güclü külək və yağışla müşayiət olunan tropik fırtınaya çevrilib. Rəsmi qurumlar əsas diqqəti elektrik təchizatının bərpasına və dəymiş ziyanın qiymətləndirilməsinə yönəldiblər. Paralel olaraq, yollarda və körpülərdə hərəkət, hava limanlarının fəaliyyəti isə tədricən bərpa olunur.

Eyni zamanda, “Reyçel” fırtınası Meksikanın Aşağı Kaliforniya yarımadasının şimalına yaxınlaşıb. Fırtına ABŞ-nin Kaliforniya ştatında daha 7 min nəfərin elektrik enerjisiz qalmasına səbəb olub.

ABŞ Energetika Nazirliyi qasırğa səbəbindən neft tədarükündə yaranan fasilələri aradan qaldırmaq üçün strateji ehtiyatlardan dörd milyon barelədək xam neftin istifadəsinə icazə verib.

“Simon” qasırğası Meksika sahillərinə yaxınlaşdıqca üçüncü kateqoriyaya qədər zəifləyib

Oktyabrın 11-də Meksikanın Sakit okean sahilləri boyunca hərəkət edən “Simon” qasırğası üçüncü kateqoriyaya qədər zəifləyib.

Güclü külək və leysan yağışları bəzi yaşayış məntəqələrində evlərin su altında qalmasına səbəb olub.

ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, fırtına zamanı küləyin sürəti saatda 205 kilometrə çatıb.

Mərkəzin xəbərdarlığına görə, “Saymon” gecə saatlarında Meksikanın qərb sahillərinin mərkəzi hissəsindən keçərkən güclü qasırğa təhlükəsini saxlayacaq.

Meksika rəsmiləri Xalisko və Kolima ştatlarının 28 bələdiyyəsində ən yüksək səviyyəli siklon xəbərdarlığı elan ediblər. Daha 93 bələdiyyədə isə yüksək səviyyəli xəbərdarlıq qüvvəyə minib.

Puerto-Valyarta Beynəlxalq Hava Limanının fəaliyyəti müvəqqəti dayandırılıb.

Nepalda torpaq sürüşməsi daşqına səbəb olub, beş nəfər itkin düşüb

Nepal rəsmiləri oktyabrın 11-də bir neçə rayonda yaşayan sakinləri daşqın təhlükəsi səbəbindən təhlükəsiz ərazilərə köçməyə çağırıblar.

Qorxa rayonunda baş verən torpaq sürüşməsi nəticəsində Budhi Qandaki çayının məcrası bağlanıb. Bu isə çayın aşağı axarında daşqına səbəb olub.

Daşqın nəticəsində 12-yə yaxın ev və iki asma körpü dağılıb, su elektrik stansiyasının tikintisində çalışan işçilərin düşərgəsinə ziyan dəyib.

Beş nəfər itkin düşüb. Ordu biri xarici ölkə vətəndaşı olmaqla, 49 nəfəri xilas edib.

Hələlik ölən və yaralananlar barədə təsdiqlənmiş məlumat yoxdur. Xilasetmə qrupları ərazidə vəziyyəti izləməyə davam edir.

UNICEF: El-Ninyo dünyada 347 milyondan çox uşağa təsir göstərə bilər

BMT-nin Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib ki, 2026–2027-ci illərdə gözlənilən El-Ninyo iqlim hadisəsi səbəbindən yaxın aylarda 100-ə yaxın ölkə və ərazidə 347 milyondan çox uşaq güclü yağıntı və ya quraqlıqla üzləşə bilər.

Proqnozlara görə, bu El-Ninyo müşahidələr tarixində ən güclü iqlim hadisələrindən biri ola bilər.

Güclü quraqlıq və daşqınlar uşaqların sağlamlığına, qidalanmasına, təhsilinə və əsas xidmətlərə çıxışına ciddi təhlükə yarada bilər.

UNICEF həmçinin insanların məcburi köçkün vəziyyətinə düşməsi, su çatışmazlığı, yoluxucu xəstəliklərin yayılması, məktəblərin bağlanması və ailələrin maddi vəziyyətinin ağırlaşması riskləri barədə xəbərdarlıq edib.

Teqlər