Paris Avtomobil Sərgisi 2026: Avropa elektromobillərə keçidi sürətləndirir, Çin istehsalçıları mövqelərini gücləndirir

Paris Avtomobil Sərgisi 2026: Avropa elektromobillərə keçidi sürətləndirir, Çin istehsalçıları mövqelərini gücləndirir
Fransa Prezidenti Emmanuel Makron Paris Avtomobil Sərgisində “Citroen” 2CV konsept avtomobilinin sərnişin oturacağında əyləşib. Paris, Fransa, 12 oktyabr 2026-cı il.
Reuters

2026-cı il Paris Avtomobil Sərgisi avtomobil bazarında rəqabətin kəskinləşdiyi bir vaxtda açılıb. İstehsalçılar elektrikli avtomobillər, yeni texnologiyalar və fərqli dizaynlarla alıcıları cəlb etməyə çalışırlar.

Sərgidə 200-dən çox avtomobil brendi yeni modellərini nümayiş etdirir. Əsas diqqət Avropanın köklü istehsalçıları ilə sürətlə böyüyən Çin şirkətləri arasındakı rəqabətə yönəlib. “France 24”ün məlumatına görə, BYD, “XPeng” və “Zeekr” kimi Çin istehsalçıları qlobal bazarda mövqelərini gücləndirərək böyük maraq doğururlar.

Avropa istehsalçılarından yeni dizaynlar

Fransa istehsalçıları avtomobil sənayesindəki təcrübələrini gələcəyin texnologiyaları ilə birləşdirən modellər təqdim edirlər. “Renault”, “Citroën”, “Peugeot”, “Alpine” və DS kütləvi istehsala hazır avtomobillərlə yanaşı, konsept modellərini də nümayiş etdirirlər.

Diqqətçəkən təqdimatlardan biri “Citroën” 2CV modelinin müasir elektrik avtomobili kimi geri qayıtmasıdır. “Auto Express” bunu münasib qiyməti ilə geniş alıcı kütləsinə xitab edən, müharibədən sonrakı dövrün məşhur avtomobilinin qayıdışı kimi qiymətləndirib.

Digər təqdimatlar arasında “Renault”nun “E-Space” konsepti, “Peugeot”nun ralli üslublu E-T16 elektrik hetçbeki və “Alpine”in yüksək performanslı “A310 Vision” konsepti yer alır.

Elektrikli avtomobillər ön plandadır
“Toyota” bZ7 elektrik sedanı Pekin Beynəlxalq Avtomobil Sərgisində (Auto China) nümayiş etdirilir. Pekin, Çin, 24 aprel 2026-cı il.
Reuters

Sərgidə əsas diqqət elektrikli avtomobillərə yönəlib. İri istehsalçılar daha rəqabətqabiliyyətli və münasib qiymətli modellər hazırlamaq üçün yarışırlar.

“Volkswagen” ailə avtomobilləri bazarındakı mövqeyini gücləndirmək məqsədilə yenilənmiş “ID. Tiguan” elektrik SUV modelini təqdim edib. “Smart” isə ilkin “ForTwo” modelindən ilhamlanan, tam elektrikli və kompakt “Smart #2” ilə şəhər avtomobilləri istehsalı ənənəsinə qayıdıb.

Analitiklərin fikrincə, sərgi Avropanın avtomobil sənayesindəki dəyişiklikləri əks etdirir. İstehsalçılar elektromobillərin hazırlanmasını sürətləndirməklə yanaşı, istehlakçıların xərclərini azaltmağa çalışırlar.

Çin brendləri rəqabəti gücləndirir

Çin avtomobil istehsalçıları Paris Avtomobil Sərgisindən Avropa bazarında mövqelərini genişləndirmək üçün istifadə edirlər. BYD, “Geely”, “Aion”, “Omoda”, “Leapmotor” və “Li Auto” yeni modellərini təqdim edən brendlər arasındadır.

Diqqətçəkən modellərdən biri geniş avtomobil axtaran ailələr üçün nəzərdə tutulmuş yeddi yerlik BYD “Atto 8” elektrik SUV modelidir. “Aion” isə Parisdə ilk dəfə yeni krossover və SUV modelləri ilə çıxış edib.

Çin brendlərinin genişlənməsi Avropa və Şimali Amerika istehsalçıları üçün qiymət və texnologiya sahəsində rəqabəti artırır. Avtomobil İnnovasiyaları Alyansının prezidenti və icraçı direktoru Con Bozzella “France 24”ə açıqlamasında Çin avtomobil sənayesinin sürətli inkişafının ənənəvi istehsalçılar üzərində yaratdığı təzyiqə diqqət çəkib.

Yeni texnologiyalar sürücülük təcrübəsini dəyişir

Sərgidə batareyaların səmərəliliyi, sürətli enerji doldurma, avtonom idarəetmə, süni intellekt və avtomobil proqram təminatı sahəsində yeniliklər də təqdim olunur.

“Tesla”nın avtonom “Cybercab” modeli, “Fiat”ın modulyar avtomobil konseptləri və yeni nəsil rəqəmsal idarəetmə panelləri bu yeniliklər sırasındadır. Təqdimatlar avtomobillərin işində proqram təminatının artan rolunu göstərir. İstehsalçılar hərəkət göstəriciləri ilə yanaşı, avtomobillərin rəqəmsal sistemlərə inteqrasiyasına da diqqət yetirirlər.

Avtomobil sənayesinin gələcəyi

Paris Avtomobil Sərgisi qlobal avtomobil bazarının sürətlə dəyişdiyini göstərir. Avropa istehsalçıları mövqelərini qorumaq üçün təcrübələrinə, dizayna və elektrik texnologiyalarına arxalanırlar. Çin şirkətləri isə yeni modellər və genişlənmə planları ilə rəqabəti gücləndirirlər.

Həftə ərzində davam edən sərgidə elektromobillərə keçid, rəqəmsal texnologiyalar və beynəlxalq rəqabət əsas mövzular olaraq qalacaq.

Teqlər