Zelenski: “Rusiya azı altı enerji obyektini hədəfə alıb”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ölkənin müxtəlif bölgələrinə endirdiyi ölümcül hücumlar zamanı azı altı enerji obyektini hədəfə alıb. Onun sözlərinə görə, bu hücumlar Moskvanın ABŞ Prezidenti Donald Trampın elan etdiyi “enerji atəşkəsi”nə razı olmaq istəmədiyini göstərir.

⦿ 20:19 | YENİLƏNİB

Tramp ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam etdiyini bildirib

Reuters

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq səyləri çərçivəsində Kiyevlə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir.

“Biz onlara yardım göstəririk, kəşfiyyat məlumatlarımızı bölüşürük”, – deyə Tramp jurnalistlərə bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar müharibəni dayandırmaq üçün həm Ukrayna, həm də Rusiya ilə birgə çalışır.

Donald Tramp Ohayoya səfərdən sonra Ağ Evə qayıdır. Vaşinqton, ABŞ, 12 oktyabr 2026-cı il.

⦿ 19:27 | YENİLƏNİB

Rusiya Ukraynanın müttəfiqlərinə qarşı hibrid müharibəni gücləndirir

Reuters

Britaniyanın Təhlükəsizlik Xidmətinin (MI5) baş direktoru Ken Makkallam Rusiyanın Ukraynanın müttəfiqlərinə qarşı hibrid əməliyyatlarını genişləndirdiyini bildirib. Onun sözlərinə görə, İran da Birləşmiş Krallıqdakı mühüm obyektləri, o cümlədən hərbi infrastrukturu hədəf almağa çalışır.

Makkallam son bir ildə İranla bağlı əməliyyatlar çərçivəsində əllidən çox şəxsin həbs edildiyini bildirib. O, Rusiyanı Birləşmiş Krallığa qarşı düşmən mövqedə olan əsas dövlət adlandırıb.

MI5 rəhbəri süni intellektin kiberhücumları və bioloji silahların hazırlanmasını asanlaşdıraraq təhlükəsizlik təhdidlərini artıra biləcəyi barədə də xəbərdarlıq edib.

⦿ 19:22 | YENİLƏNİB

Zelenski: "Müttəfiqlər Kiyevə hücum barədə Ukraynaya xəbərdarlıq etməyiblər"

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, gecə saatlarında Rusiyanın Kiyevə endirdiyi ballistik raket zərbəsi barədə müttəfiqlərindən əvvəlcədən heç bir məlumat alınmayıb.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 10-da Rusiya ilə Ukrayna arasında enerji atəşkəsi elan etdikdən sonra Kiyev Rusiyanın neft emalı zavodlarını hədəf almayıb.

Zelenskinin sözlərinə görə, gecə hücumu zamanı beş raket mülki infrastruktur obyektlərinə düşüb. O vurğulayıb ki, müttəfiqlər adətən ballistik raket buraxılışları barədə əvvəlcədən xəbərdarlıq etsələr də, bu dəfə belə bir xəbərdarlıq daxil olmayıb.

⦿ 18:52 | YENİLƏNİB

Zelenski: “Kiyevin enerji və su təchizatını qorumaq üçün təcili tədbirlər görülür”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya hücumları fonunda Kiyevin elektrik enerjisi və su təchizatı sistemlərinin dayanıqlığını artırmaq üçün təcili tədbirlər görülür.

Zelenski bu barədə “X” platformasında paylaşım edib.

“Bu gün şəhərdəki vəziyyəti düzəltmək, Kiyevin dayanıqlıq planının icrasını sürətləndirmək və əhaliyə daha çox dəstək göstərmək üçün təhlükəsizlik və idarəetmə sahələrində təcili addımlarla bağlı məsləhətləşmələrə başladım”, – o bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, Kiyevin infrastrukturunun dayanıqlığını artırmaq üçün hazırlanan planın icrası ölkənin digər bölgələri ilə müqayisədə geri qalır.

⦿ 18:40 | YENİLƏNİB

Ukrayna Rusiyada raket təmiri bazasını məhv etdiyini bildirib

Ukrayna Rusiyanın qərbində yerləşən raket təmiri bazasını və digər obyektləri məhv etdiyini açıqlayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 13-də “Telegram” kanalında məlumat yayıb.

Baş Qərargahın məlumatına görə, hücumlar nəticəsində Rusiyanın Bryansk vilayətindəki radiolokasiya stansiyasına, həmçinin Ukraynanın Rusiya işğalı altında olan Luqansk vilayətindəki logistika anbarına ziyan dəyib.

⦿ 17:00 | YENİLƏNİB

Fransa Rusiyanın “kölgə donanması”na aid olduğu ehtimal edilən tankeri saxlayıb

Reuters

Fransa Rusiyanın Qərb sanksiyalarından yayınmaq üçün istifadə etdiyi iddia olunan “kölgə donanması”na məxsus neft tankerini saxlayıb. Fransa ordusunun məlumatına görə, gəmi hərbçilərin müşayiəti ilə Hind okeanında yerləşən Fransanın dənizaşırı ərazisi Reyunyon adasına aparılır.

“Gəminin hansı ölkənin bayrağı altında üzdüyünə dair şübhələrimiz var idi. Buna görə də yoxlama apardıq”, – Fransa ordusunun sözçüsü, polkovnik Ksavye Rival mətbuat konfransında bildirib.

“Şübhələrimiz hələ də aradan qalxmayıb. Buna görə prokurorun qərarı ilə gəmi hazırda Reyunyon adasına aparılır. Məqsəd məsələni ətraflı araşdırmaqdır”, – o əlavə edib.

Rusiyanın dövlət xəbər agentliyi RA Rusiyanın Fransadakı səfirliyinə istinadən bildirib ki, Moskva tankerin saxlanılmasını “dəniz quldurluğu” və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.

Fransa Prezidenti Emmanuel Makron isə oktyabrın 12-si axşam saatlarında “X” platformasında paylaşım edərək bu addımın Fransanın “bütün qanunsuz ticarət fəaliyyətlərinə qarşı mübarizədə” qətiyyətini nümayiş etdirdiyini bildirib.

⦿ 16:05 | YENİLƏNİB

Kreml ABŞ ilə dizel müqaviləsi və Ukrayna üzrə sülh danışıqları arasında “bağlılıq” görmür

Reuters

Kremlin mətbuat katibi  Dmitri Peskov bildirib ki, Rusiya dizelinin ixracına tətbiq olunan sanksiyaların müvəqqəti dayandırılması ilə Ukrayna üzrə sülh danışıqları arasında birbaşa əlaqə yoxdur.
”Mən burada heç bir birbaşa əlaqə görmürəm”, – deyə Peskov jurnalistlərlə keçirdiyi gündəlik mətbuat konfransında bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov Hindistanın paytaxtı Yeni Dehlidə çıxış edir. 12 sentyabr 2026-cı il.
Reuters

”Əslində, bu, Rusiya-Amerika əməkdaşlığının hər iki tərəf üçün son dərəcə sərfəli olan sahəsidir. Bu, Birləşmiş Ştatların, qlobal enerji bazarlarının və Rusiya Federasiyasının maraqlarına xidmət edir. Razılaşmanın baş tutmasının səbəbi də budur”, – deyə o əlavə edib.
Peskov bu açıqlamanı “Reuters”in məlumatına münasibət bildirərkən verib. Məlumatda ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin Ukrayna rəsmilərinə Rusiya dizelinin ixracına icazə verən razılaşmanın Moskvanı Ukraynada sülh tənzimlənməsi üzrə danışıqlara cəlb etmək cəhdinin bir hissəsi olduğunu bildirdiyi iddia edilirdi.

⦿ 15:55 | YENİLƏNİB

Ukrayna Rusiyanın Kiyevə raket zərbələri barədə əvvəlcədən xəbərdarlıq almayıb

Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabındakı paylaşımında ölkəsinin gecə saatlarında Kiyevə endirilən zərbələrlə bağlı Rusiyadan heç bir xəbərdarlıq almadığını bildirib.

“Rusiyanın ballistik raket buraxılışları haqqında kəşfiyyat məlumatları insan həyatını xilas etməyə imkan verir və bu, ən vacib məsələlərdən biridir. Ballistik raketlər barədə öncədən xəbərdarlığın olması məhz insanların həlak olmasının qarşısını almağa kömək edir”, – deyə o qeyd edib.

⦿ 15:35 | YENİLƏNİB

Rusiya gecə ərzində Ukraynada heç bir hədəfə zərbə endirmədiyini bildirib

Reuters

Rusiya Müdafiə Nazirliyinin gündəlik hesabatına görə, ABŞ Prezidenti Donald Trampın “enerji atəşkəsi” elan etməsindən bəri ilk dəfə Ukraynada heç bir hədəfə zərbə endirilməyib.

Nazirliyin gecə hücumları ilə bağlı hesabatında Ukraynanın enerji obyektləri barədə məlumat yer almayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl Rusiyanın Ukraynaya insan tələfatı ilə nəticələnən hücumları zamanı azı altı enerji obyektinə zərbə endirdiyini bildirmişdi.

Kremlin sözçüsü enerji atəşkəsi ilə bağlı suala cavabında yalnız tərəflər arasında təmasların davam etdiyini söyləyib, əlavə təfərrüat açıqlamayıb.

⦿ 15:30 | YENİLƏNİB

Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri iki gün müddətinə dayandırıb

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Trampın enerji atəşkəsi elan etməsindən sonra ölkəsi Rusiyanın neft emalı zavodlarına və digər enerji infrastrukturuna zərbələri iki gün müddətinə dayandırıb.

Lakin Zelenski Rusiyanın hücumları dayandırmaqdan imtina etdiyini vurğulayıb.

“Bu müddət ərzində ruslar həm enerji obyektlərimizə, həm də kritik infrastruktura hücum edərək Ukraynaya zərbələr endirməkdən əl çəkmək niyyətində olmadıqlarına dair tamamilə aydın siqnallar verdilər”, – deyə o, “X” hesabında qeyd edib.

⦿ 15:25 | YENİLƏNİB

Ukrayna ABŞ-dən kəşfiyyat məlumatları almağa davam edir

Reuters

Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın bildirdiyinə görə, ölkəsi Birləşmiş Ştatlardan kəşfiyyat məlumatları almağa davam edir. Nazir Rusiyanın Kiyevə ballistik raketlər atmasından əvvəl Ukraynanın heç bir xəbərdarlıq almaması ilə bağlı narahatlıqları azaltmağa çalışıb.

Varşava Təhlükəsizlik Forumunda çıxış edən Sibiqa Kiyevlə Vaşinqton arasında əməkdaşlığın davam etdiyini bildirib. O, Rusiyanın apardığı müharibə fonunda Ukraynanın növbəti qışa hazırlaşdığını qeyd edərək, ölkəsinə daha çox hava hücumundan müdafiə sistemi və enerji avadanlığı tədarükü ilə bağlı çağırışını təkrarlayıb.

⦿ 15:09 | YENİLƏNİB

Rusiya Fransanın “kölgə donanması”na aid olduğu ehtimal edilən tankeri saxlamasını pisləyib

Reuters

Rusiya Fransa Hərbi Dəniz Qüvvələrinin Moskvanın “kölgə donanması”na aid olduğu ehtimal edilən tankeri ələ keçirməsindən sonra Parisi beynəlxalq hüququ pozmaqda ittiham edib. RİA xəbər agentliyinin məlumatına görə, Rusiyanın Fransadakı səfirliyi “DF Peak” gəmisinin saxlanılmasını “dəniz quldurluğu” kimi qiymətləndirib.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, oktyabrın 12-də  Reyunyon adasından 450 dəniz mili cənubda gəminin qarşısı kəsilib və baxış keçirilib. O, tankerin saxta bayraq altında üzməkdə və qanunsuz yanacaq daşımaqda şübhəli bilindiyini qeyd edib.

Rusiya səfirliyi gəminin heyət üzvlərinin vətəndaşlığını dəqiqləşdirməyə çalışır. Diplomatik missiya həmçinin Fransa hakimiyyət orqanlarının gəminin saxlanılması barədə Moskvaya məlumat vermədiyini iddia edib.

⦿ 14:18 | YENİLƏNİB

Aİ Qara dənizdə gəmilərə hücumları pisləyib

Reuters

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Bolqarıstan sahilləri yaxınlığında gəmilərə edilən hücumları pisləyib.

“Qara dəniz Rusiyanın Ukraynada apardığı müharibədə gərginliyin artdığı daha bir cəbhəyə çevrilib”, – o, “X” platformasında bildirib.

“Günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar”, – Fon der Lyayen əlavə edib.

⦿ 14:14 | YENİLƏNİB

Qara dənizdə iki gəmiyə dron hücumu: 11 nəfər itkin düşüb

Reuters

Bolqarıstan rəsmilərinin məlumatına görə, ölkə sahilləri yaxınlığında dron hücumu nəticəsində yük gəmisi batıb, onun 11 heyət üzvü isə itkin düşüb.

Bolqarıstan mediası batan gəminin “Azov Concord” olduğunu bildirib. Gəmini idarə edən Türkiyə şirkətindən hadisə ilə bağlı şərh almaq mümkün olmayıb.

Rəsmilərin sözlərinə görə, gecə saatlarında ümumilikdə iki yük gəmisi dron hücumuna məruz qalıb.

Digər gəmi – “Chelsea 3” yerli vaxtla saat 01:30 radələrində üç dronla vurulub. Bolqarıstanın Baş naziri Rumen Radevin sözlərinə görə, gəminin 15 heyət üzvünün hamısı xilas edilib. Onlardan yeddisi Ukrayna, səkkizi isə Azərbaycan vətəndaşıdır.

Bolqarıstan rəsmiləri hücumlarda Rusiyanı birbaşa ittiham etməyiblər. Bununla belə, Radev hücumların nəticəsinin “Rusiya Federasiyasının maraqlarına uyğun olduğunu” bildirib.

⦿ 13:08 | YENİLƏNİB

Bolqarıstan sahillərində dron hücumu: 8 azərbaycanlı xilas edilib

Bolqarıstanın Baş naziri Rumen Radev bildirib ki, ölkənin ərazi sularında biri Ukraynaya məxsus olmaqla iki gəminin dron hücumuna məruz qalmasından sonra Rusiyanın Bolqarıstandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq.

Radev hücumlara görə hansı tərəfin məsuliyyət daşıdığını müəyyən etmək üçün “aydın və qəti sübutların” olmadığını bildirib. Bununla belə, o, hadisənin Rusiyanın maraqlarına uyğun olduğunu düşündüyünü qeyd edib.

Hücuma məruz qalan gəmilərdən biri – “Chelsea 3” yerli vaxtla saat 01:30 radələrində üç dronla vurulub. Radevin sözlərinə görə, gəminin 15 heyət üzvünün hamısı xilas edilib. Onlardan yeddisi Ukrayna, səkkizi isə Azərbaycan vətəndaşıdır.

⦿ 12:38 | YENİLƏNİB

Aİ Rusiyaya qarşı 1 600 yeni sanksiya hədəfi müəyyənləşdirib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya siyahısına daha 1 600 fiziki və hüquqi şəxs əlavə edir. Bu, Ukraynada müharibənin başlanmasından bəri sanksiya siyahısının ən genişmiqyaslı artırılmasıdır.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas oktyabrın 12-də Lüksemburq şəhərində yeni sanksiyalar barədə açıqlama verib.

⦿ 12:30 | YENİLƏNİB

Rusiya Ukraynanın cənubuna hərbi yük daşıyan gəmiyə zərbə endirib

Reuters

Rusiya Ukraynanın cənubundakı Mykolayiv liman şəhərinə hərbi yük daşıyan gəmiyə zərbə endirdiyini bildirib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, bölgədə yerləşən logistika mərkəzi və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbar da vurulub.

⦿ 11:34 | YENİLƏNİB

Xarkovda Rusiyanın dron hücumu nəticəsində 3 nəfər həlak olub

Reuters

Oktyabrın 12-də Xarkovda Rusiyanın reaktiv mühərrikli dronla endirdiyi zərbə nəticəsində zədələnmiş yaşayış binalarının ərazisində sakinlər görüntülənib.

Ukrayna rəsmilərinin məlumatına görə, bu zərbə Rusiyanın ölkənin müxtəlif bölgələrinə endirdiyi genişmiqyaslı hücumun bir hissəsi olub. Hücum zamanı ən azı altı enerji obyekti hədəfə alınıb.

Yerli rəsmilərin bildirdiyinə görə, Xarkovda üç nəfər həlak olub, doqquz nəfər yaralanıb.

⦿ 11:20 | YENİLƏNİB

Bolqarıstan sahilləri yaxınlığında iki gəmi dron hücumuna məruz qalıb

Reuters

Bolqarıstan sahillərindən təxminən 24 kilometr aralıda, Qara dənizdə iki gəmi dron hücumuna məruz qalıb. Gəmilərdən biri batıb. Bu barədə Bolqarıstanın Baş naziri Rumen Radev məlumat verib.

Radev gəmilərin hansı ölkələrə məxsus olduğu, nə daşıdıqları və dronların haradan buraxıldığı barədə məlumat verməyib.

Hadisə son həftələr Qara dənizdə kommersiya gəmilərinə qarşı bir neçə oxşar hücumun baş verdiyi dövrə təsadüf edir. Bu hücumlardan biri Ukrayna taxılı daşıyan Türkiyəyə məxsus yük gəmisini hədəf alıb və insan tələfatı ilə nəticələnib.

“Bu, qətiyyən qəbuledilməzdir. Bolqarıstanın ərazi sularının yaxınlığında yenidən hücum baş verib”, – Radev bildirib.

⦿ 11:02 | YENİLƏNİB

Rusiya və Ukraynada dron hücumları sənaye obyektlərinə ziyan vurub

Reuters

Rusiyanın cənubundakı Stavropol diyarının Nevinnomıssk şəhərində dron qalıqlarının düşməsi nəticəsində sənaye obyektlərinin yerləşdiyi əraziyə ziyan dəyib. Bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov məlumat verib.

Ukraynada isə gecə saatlarında Rusiyanın dron hücumu nəticəsində Mykolayiv liman şəhərindəki yük terminalına ziyan dəyib. Bu barədə Mykolaiv vilayətinin qubernatoru vəzifəsini icra edən Heorhiy Reşetilov məlumat verib.

⦿ 09:06 | YENİLƏNİB

Kiyevdə səhər saatlarında partlayış səsi eşidilib

Reuters

Oktyabrın 13-də səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə partlayış səsi eşidilib. Bu barədə “Reuters”in hadisə yerində olan əməkdaşı məlumat verib.

Hadisə Rusiyanın Ukraynanın müxtəlif bölgələrində azı altı enerji obyektinə zərbə endirməsindən bir gün sonra qeydə alınıb.

Xarkov meri İqor Terexov bildirib ki, oktyabrın 12-də şəhərə endirilən zərbələrdən sonra dağıntılar altından üç nəfərin cəsədi çıxarılıb.

⦿ 08:26 | YENİLƏNİB

Zelenski: “Rusiya enerji obyektlərinə hücumları davam etdirib”

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ölkənin müxtəlif bölgələrinə endirdiyi zərbələr zamanı azı altı enerji obyektini, o cümlədən qaz hasilatı obyektini və yanacaqdoldurma məntəqəsini hədəfə alıb.

Onun sözlərinə görə, bu hücumlar Moskvanın ABŞ Prezidenti Donald Trampın elan etdiyi “enerji atəşkəsi”nə əməl etmək istəmədiyini göstərir.

Kreml oktyabrın 12-də Zelenskinin Ukraynada prezident seçkilərinin keçirilməsinə şərait yaratmaq üçün irəli sürdüyü 60 günlük atəşkəs təklifini rədd edib. Rusiya müvəqqəti atəşkəs əvəzinə uzunmüddətli sülh razılaşması əldə etmək istədiyini bildirib.

⦿ 08:15 | YENİLƏNİB

Tramp: “Rusiya və Ukrayna mənim sözümə görə atəşkəsə razılaşıblar”

ABŞ Prezidenti Donald Tramp oktyabrın 12-də Rusiya və Ukraynanın enerji obyektlərinə hücumları dayandırmaq barədə razılığa gəldiyini bildirib. Lakin tərəflərdən heç biri belə bir razılaşmanın əldə olunduğunu açıq şəkildə təsdiqləməyib.

“Onlar razılaşıblar. Bilirsiniz niyə? Çünki mən onlara razılaşmalı olduqlarını dedim. Səbəb budur”,– deyə Tramp Rusiya və Ukraynanın razılaşmanı niyə təsdiqləmədiyi barədə suala cavab verib.

ABŞ Prezidenti əlavə edib ki, atəşkəs məsələsi öz həllini tapmalıdır.

Teqlər