İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
Birləşmiş Krallığın Baş naziri Endi Börnhem bildirib ki, İngiltərənin Qlosterşir qraflığında yerləşən “Fairford” hərbi hava bazasına mümkün hücum planı böyük ehtimalla İrandan koordinasiya edilib.
Parlamentdə çıxış edən Börnhem Britaniya kəşfiyyatının qiymətləndirməsinə istinadən bildirib ki, planın, demək olar ki, şübhəsiz, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunduğu qənaətinə gəlinib.
Tehran isə ittihamları qətiyyətlə rədd edərək Birləşmiş Krallıqdan iddialarını təsdiqləyən sübutlar təqdim etməyi tələb edib.
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında istifadə etdiyi baza ilə bağlı hadisə London və Tehran arasında gərginliyi daha da artırıb.
“Fairford” Birləşmiş Krallığın mühüm hərbi hava bazalarından biridir. Bazadan ABŞ-nin strateji bombardmançı təyyarələri istifadə edir.
Sentyabrın 27-də bazanın yaxınlığında şübhəli fəaliyyət barədə məlumat daxil olduqdan sonra genişmiqyaslı antiterror əməliyyatı keçirilib. Terrorçuluq və partlayıcı maddələrlə bağlı cinayətlərdə şübhəli bilinən beş Britaniya vətəndaşı saxlanılıb.
Şübhəlilər ertəsi gün müəyyən şərtlərlə sərbəst buraxılıblar. Daha sonra istintaq çərçivəsində daha iki nəfər saxlanılıb. Araşdırmalar davam edir.
Rəsmilər ehtimal olunan hücum planının bütün təfərrüatlarını açıqlamayıblar. Lakin ABŞ mediasında yayılan məlumatlara görə, Vaşinqton bazaya dronlarla mümkün hücumdan narahat olub.
Hadisədən təxminən bir həftə sonra ABŞ təhlükəsizliklə bağlı narahatlıqlar fonunda bazada yerləşdirdiyi 12 ədəd B-1 bombardmançı təyyarəsini geri çəkib.
İran rəsmiləri hadisə ilə hər hansı əlaqələrini inkar edərək Birləşmiş Krallığın ittihamlarını rədd ediblər.
Tehran bildirib ki, London İranın ehtimal olunan hücum planı ilə əlaqəsini təsdiqləyən sübutları ictimaiyyətə təqdim etməyib.
İran bundan əvvəl də Birləşmiş Krallıq ərazisində gizli əməliyyatlar keçirməsi ilə bağlı ittihamları dəfələrlə rədd edib.
Bu fikir ayrılığı sanksiyalar, regional təhlükəsizlik və İranın hərbi fəaliyyəti ilə bağlı onsuz da gərgin olan ikitərəfli münasibətləri daha da kəskinləşdirib.
Birləşmiş Krallıq hökuməti İranla əlaqələndirdiyi düşmənçilik fəaliyyətlərinə qarşı daha sərt tədbirlər görmək niyyətindədir.
Baş nazir Endi Börnhem bildirib ki, ölkəsi Tehran adından fəaliyyət göstərdiyi iddia olunan cinayətkar şəbəkələrin və vasitəçi qrupların fəaliyyətinin qarşısını almaq üçün səylərini artıracaq.
O, həmçinin İran və SEPAH-la əlaqəli şəxslərə və təşkilatlara qarşı əlavə sanksiyaların tətbiq olunacağını bildirib.
Britaniya rəsmiləri son vaxtlar ölkə daxilində xarici dövlətlərlə əlaqələndirilən təhlükələr barədə xəbərdarlıqlarını artırıblar. Onların sözlərinə görə, bu təhlükələrə casusluq, kiberhücumlar, müxalif fəallara və digər şəxslərə qarşı hücum planları daxildir.
ABŞ, Kanada, Fransa və Almaniya da daxil olmaqla 29 ölkə Birləşmiş Krallığın “Fairford” hadisəsində İranın mümkün iştirakı ilə bağlı qiymətləndirməsini dəstəkləyib.
Oktyabrın 12-də yayımlanan birgə bəyanatda ölkələr İranın xaricdə zorakılıq, təxribat, kiberhücumlar və digər gizli fəaliyyətlər həyata keçirdiyini bildirərək bu cür hərəkətləri pisləyiblər.
Bəyanatda SEPAH-ın gizli şəbəkələr və vasitəçi qruplar vasitəsilə ölkə hüdudlarından kənarda fəaliyyət göstərməsinə dair narahatlıq ifadə olunub.
İmzacı ölkələr bu cür təhlükələrin qarşısını almaq üçün beynəlxalq əməkdaşlığı gücləndirmək və məsul şəxslərin cavabdehliyə cəlb olunmasını təmin etmək niyyətində olduqlarını bildiriblər.
Son ittihamlar Birləşmiş Krallıq və İran arasında uzun illərdir davam edən qarşıdurma fonunda səsləndirilib.
Britaniya rəsmiləri daha əvvəl İranla əlaqəli olduğu iddia edilən bir neçə hücum planının qarşısını aldıqlarını bildiriblər. Bunların arasında ölkədə yaşayan şəxslərə qarşı təhdidlər də olub. Tehran isə əvvəlki ittihamları da rədd edib.
Son aylarda Birləşmiş Krallıq SEPAH-la əlaqəli fəaliyyətdə ittiham olunan şəxslərə və qruplara qarşı sanksiyaları genişləndirib, yeni məhdudiyyətlər tətbiq edib.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata görə, bu, 2020-ci ildən bəri bir gündə qeydə alınan ən yüksək göstəricidir.
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlarla əlaqədar Rumıniya ordusu iki dəfə qırıcı təyyarələrini havaya qaldırıb.
İtaliyanın fərdi məlumatların mühafizəsi qurumu “Meta Platforms” şirkətini 805 milyon avro (887 milyon dollar) cərimələdiyini açıqlayıb. Qurumun məlumatına görə, şirkət Android istifadəçilərinin foto və videolarına onların xəbəri və razılığı olmadan çıxış əldə edib.
“SpaceX”in “Starship” kosmik gəmisi noyabrın 14-də 22,5 saatdan çox davam edən orbital uçuşdan sonra ilk dəfə Texasdakı buraxılış qülləsinin mexaniki qolları ilə tutulub. Bu, tam təkrar istifadə oluna bilən raket sisteminin yaradılmasında mühüm addımdır.
Filippin və Avstraliya noyabrın 15-də Manilada hərbi əməkdaşlığı genişləndirmək və təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədilə yeni saziş imzalayıblar. Razılaşma Cənubi Çin dənizində Çinlə gərginliyin davam etdiyi bir vaxtda əldə olunub.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın