İqlim fəalı Qreta Tunberq Paris yaxınlığında şagirdlərin etiraz aksiyasına qoşulub

İqlim fəalı Qreta Tunberq Paris yaxınlığında şagirdlərin etiraz aksiyasına qoşulub
İqlim fəalı Qreta Tunberq HƏMAS-ın İsrailə hücumunun üçüncü ildönümündə Fələstinə dəstək aksiyasında iştirak edir. Berlin, Almaniya, 7 oktyabr 2026-cı il.
Reuters

İqlim fəalı Qreta Tunberq oktyabrın 13-də Paris yaxınlığındakı Sen-Deni şəhərində məktəblilərin etiraz aksiyasına qoşulub. Fransada təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirilən etirazlar davam edir.

Tunberq etirazçılara dəstək vermək üçün Pol Elüar liseyinə baş çəkib. O, günün ikinci yarısında keçirilməsi planlaşdırılan yürüşdən əvvəl məktəbin qarşısına toplaşan şagirdlərə qoşulub.

Fransada təxminən üç həftədir davam edən aksiyalarda şagirdlər təhsil şəraitinin yaxşılaşdırılmasını, müəllimlərin və digər məktəb işçilərinin sayının artırılmasını, həmçinin məktəblərə daha çox maliyyə vəsaiti ayrılmasını tələb edirlər.

Marsel yaxınlığındakı məktəbdə silahlı hücum

Etirazlar Fransada məktəblərin təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir. Oktyabrın 12-də Marsel yaxınlığındakı məktəblərdən birində silahlı hücum baş verib.

Rəsmilərin məlumatına görə, Oban şəhərindəki Jozef Lakanal məktəbində 14 yaşlı şagird gitara çantasında gizlətdiyi ov tüfəngi ilə atəş açaraq iki müəllimi yaralayıb.

Polis hadisə yerinə çatmazdan əvvəl məktəb nəzarətçisi şagirdi tərk-silah edib. Yaralananlardan birinin məktəb direktoru, digərinin isə müəllim olduğu bildirilib. Hər ikisi xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə olmadığı açıqlanıb.

Marsel Prokurorluğu qəsdən adam öldürməyə cəhd faktı üzrə istintaqa başlayıb. Rəsmilər silahlı hücumla ölkə miqyasında davam edən şagird etirazları arasında əlaqə olduğunu göstərən ilkin sübutların aşkar edilmədiyini bildiriblər.

Makron zorakılığı pisləyib

Fransa Prezidenti Emmanuel Makron məktəbdə baş verən silahlı hücumu pisləyib. O, hadisədən sonra müəllimlərə, şagirdlərə və onların ailələrinə dəstəyini ifadə edib.

“Daha ağır nəticələrin qarşısının alınmasına imkan verən təmkinli və nümunəvi davranışlarına görə məktəb kollektivini təqdir edirəm”, – Makron “X” platformasında yazıb.

Hücumda şübhəli bilinən şagird polis tərəfindən saxlanılıb. Müstəntiqlər hadisənin motivinin hələlik müəyyən edilmədiyini bildiriblər.

Polis həmkarlar ittifaqının sözçüsü Eddi Sid “BFM TV” telekanalına açıqlamasında silahlı hücumla məktəblərdə kadr və maliyyə çatışmazlığına qarşı keçirilən etirazlar arasında hər hansı əlaqənin görünmədiyini deyib.

Bildirilib ki, hadisə baş verən gün Jozef Lakanal məktəbində dərslərin dayandırılması məqsədilə etiraz aksiyası keçirilməyib.

Teqlər