Parisdə təhsil etirazları zamanı polislə qarşıdurma yaşanıb

Parisdə təhsil etirazları zamanı polislə qarşıdurma yaşanıb
Tələbə və şagirdlərlə qarşıdurma zamanı Fransa çevik polis qüvvələri. Paris, Fransa, 13 oktyabr 2026-cı il.
Reuters

Oktyabrın 13-də Parisdə təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edən tələbə və şagirdlərlə polis arasında qarşıdurma baş verib. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, bir neçə nəfəri saxlayıb.

Fransanın müxtəlif şəhərlərində təhsil sistemi ilə bağlı etirazlar davam edir.

Gözyaşardıcı qazdan istifadə zamanı bəzi nümayişçilər qaz qumbaralarını polisə geri atıblar. Ərazidə fişənglər partladılıb, zibil yığınları yandırılıb.

Fransada təxminən üç həftədir davam edən aksiyalarda məktəblilər və universitet tələbələri iştirak edirlər. Onlar təhsil müəssisələrində şəraitin yaxşılaşdırılmasını, müəllim və digər işçilərin sayının artırılmasını, eləcə də təhsilə daha çox vəsait ayrılmasını tələb edirlər.

Oktyabrın 13-də Paris və digər şəhərlərdə yürüşlərin keçirilməsi nəzərdə tutulurdu. Etirazlara müəllimlər, valideynlər və vətəndaş cəmiyyətinin nümayəndələri də dəstək veriblər.

İqlim dəyişikliyinə qarşı mübarizə aparan fəal Qreta Tunberq də Paris yaxınlığındakı Sen-Deni şəhərində yerləşən Pol Elüar liseyində etiraz edən şagirdlərə qoşulub.

“Mən buradayam, çünki etirazların başladığı yerlərdən biri məhz buradır. Artıq üç həftəyə yaxındır ki, şagirdlər məktəbdə etiraz aksiyası keçirir, müəllimlər isə onlarla həmrəylik nümayiş etdirərək tətil edirlər. Belə həmrəyliyi görmək çox təsirlidir”, - Tunberq yerli mediaya açıqlamasında bildirib.

Fəal əlavə edib ki, fransalı şagirdlər son dərəcə zorakı bir sistemə qarşı necə mübarizə aparılmalı olduğunu bütün dünyaya göstərərək başqalarına nümunə olurlar.

Təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edən tələbə və şagirdlərin etiraz aksiyası zamanı çevik polis qüvvələri iştirakçılardan birini saxlayır. Paris, Fransa, 13 oktyabr 2026-cı il.
Reuters

Ölkənin müxtəlif bölgələrində etirazçılar məktəblərin girişlərini bağlayıblar. Bəzi aksiyalar zorakılıqla müşayiət olunub.

Marsel yaxınlığında məktəbdə silahlı hücum

Etirazların davam etdiyi bir vaxtda Fransa polisi Marsel yaxınlığındakı məktəbdə baş verən ayrıca silahlı insidenti də araşdırır.

Oktyabrın 12-də Oban şəhərindəki Jozef Lakanal orta məktəbinin 14 yaşlı şagird gitara çantasında gizlətdiyi ov tüfəngi ilə iki müəllimi yaralayıb.

Polis hadisə yerinə çatmazdan əvvəl məktəb nəzarətçisi şagirdi tərk-silah edib. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların həyati təhlükələrinin olmadığı bildirilib.

Fransanın Antiterror Prokurorluğu oktyabrın 13-də istintaqı öz üzərinə götürüb. Buna səbəb səlahiyyətli orqanların şübhəli şagirdin “True Crime Community” (TCC) adlı onlayn icmaya mənsub ola biləcəyini müəyyən etməsidir.

Prokurorluğun məlumatına görə, TCC kütləvi qətllər törədən şəxsləri qəhrəmanlaşdıran və bəzi hallarda ağır zorakılığa çağıran onlayn icmadır.

Şagird saxlanılıb, araşdırma davam edir.

Makron zorakılığı pisləyib

Fransa Prezidenti Emmanuel Makron son hadisələrlə bağlı zorakılığı pisləyib, yaralanan müəllimlərə, şagirdlərə və onların ailələrinə dəstəyini ifadə edib.

“Daha ağır nəticələrin qarşısını alan məktəb kollektivini təmkinli və nümunəvi davranışına görə təqdir edirəm”, – Makron “X” platformasında yazıb.

Fransa rəsmiləri oktyabrın 12-də baş verən silahlı hücumla ölkə üzrə davam edən təhsil etirazları arasında əlaqə aşkar edilmədiyini bildiriblər.

Polis həmkarlar ittifaqının sözçüsü Eddi Sid də hadisənin müəllim çatışmazlığı və təhsilə ayrılan vəsaitlə bağlı nümayişlərlə əlaqəli görünmədiyini deyib.

Silahlı hücumun baş verdiyi gün Jozef Lakanal məktəbində girişin bağlanması ilə müşayiət olunan etiraz aksiyası keçirilməyib.

Teqlər