Kornell Universiteti tələbə toplantılarını qadağan edib

Kornell Universiteti tələbə toplantılarını qadağan edib
Kornell Universitetində ədalət tələbi ilə aksiya. İtaka, Nyu-York, ABŞ, 5 oktyabr 2026-cı il.
Reuters

ABŞ-nin Kornell Universiteti 2024-cü ildə baş verən hadisə ilə əlaqədar tələbə birliklərinin binalarında sosial toplantıların keçirilməsini tədris ilinin sonunadək qadağan edib.

Qərar universitet rəhbərliyinin hadisə ilə bağlı fəaliyyətinə yönələn tənqidlərin artdığı bir vaxtda qəbul olunub.

Universitetin prezidenti Maykl Kotlikoff oktyabrın 13-də qərarı açıqlayıb. Qərar şəxsiyyəti açıqlanmayan və məhkəmə sənədlərində Ceyn Dou (Jane Doe) şərti adı ilə göstərilən keçmiş tələbənin məhkəməyə müraciətindən sonra qəbul edilib. O, keçmiş tələbə birliklərdən birinin təşkil etdiyi şənlikdə yeddi kişinin iştirakı ilə baş verdiyini iddia etdiyi hadisə ilə bağlı məhkəməyə müraciət edib.

Nyu-York ştatının İtaka şəhərində yerləşən universitet hadisə ilə bağlı iddialara münasibətinə görə tələbələrin, müəllimlərin və məzunların təzyiqi ilə üzləşib.

Qadağa Kornell Universitetinin Tələbə Şurasına (Interfraternity Council) bağlı birliklərin binalarına şamil olunur. ABŞ universitetlərində fəaliyyət göstərən bu tələbə birlikləri “fraternity” adlanır. Şuranın siyahısında 34 belə birlik var.

“Bu tədbirlər Kornell Universitetində tələbə birliklərinin fəaliyyətinin təhlükəsiz şəkildə davam etdirilməsinin mümkünlüyünü və bunun yollarını hərtərəfli araşdırmaq üçün vaxt yaradacaq”, – Kotlikoff açıqlamasında bildirib.

Tələbə Birliyi Şurası şərh sorğusuna cavab verməyib.

Hadisə ilə bağlı istintaq yenidən başlanıb

Sentyabrda məhkəmə iddiası qaldırıldıqdan sonra hüquq-mühafizə orqanları 2024-cü ilə aid iddialar üzrə istintaqı yenidən başladıb.

Nyu-York ştatının qubernatoru Keti Hokul özünü zərərçəkmiş hesab edən şəxsin işi üzrə əvvəlki araşdırmada yol verilmiş nöqsanları əsas gətirərək ştatın baş prokuroru Letisiya Ceymsi müstəqil xüsusi prokuror təyin edib.

Məhkəmə iddiasında adı çəkilən yeddi kişinin heç birinə qarşı cinayət ittihamı irəli sürülməyib. Onların hamısı barələrində səsləndirilən iddiaları rədd edir.

Tramp xüsusi prokurorun istintaqdan uzaqlaşdırılmasını tələb edir

Letisiya Ceymslə dəfələrlə qarşıdurma yaşamış ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də onun istintaqdan uzaqlaşdırılması tələbini yeniləyib.

“Qubernator Ceymsi dərhal bu işdən uzaqlaşdırmalıdır”, – Tramp “Truth Social” platformasında yazıb.

Tramp oktyabrın əvvəlində də Ceymsin təyinatını sual altına almışdı. Lakin rəsmilər onun tələbi ilə bağlı heç bir tədbir görməyiblər.

Nə Hokulun ofisi, nə də baş prokurorluq şərh sorğularına cavab verməyib.

Kornell Universitetində etirazlar və hesabatlılıq tələbləri artır

Yeddi tələbə birliyi üzvünə, Kornell Universitetinə və digər cavabdehlərə qarşı qaldırılan məhkəmə iddiası etirazlara səbəb olub və universitet rəhbərliyinin fəaliyyətinə diqqəti artırıb.

Müəllimlər rəhbərliyə etimadsızlıq səsverməsi keçirməyi nəzərdən keçirirlər. Universitetin məzunları da administrasiyanın iddialara münasibətini tənqid ediblər.

İctimai toplantı zamanı tələbələr universitet rəsmilərini kampusda tələbələrin təhlükəsizliyi ilə bağlı problemlərə qarşı yetərli tədbirlər görməməkdə ittiham ediblər.

“Son həftələrdə tələbələri, müəllimləri, əməkdaşları, valideynləri, məzunları və qəyyumlar şurasının üzvlərini dinləmişəm. Onlar Ceyn Douya dərin həmrəylik və rəğbət hisslərini, belə bir hadisənin Kornell Universitetində baş verə bilməsinə görə qəzəb və məyusluqlarını bölüşüblər”, – Kotlikoff bildirib.

“Kampusumuzdakı qadınlar özlərini təhlükəsiz hiss etmələrinə dair narahatlıqlarını ifadə etməyə davam edirlər”, – o əlavə edib.

Kotlikoff iddia edilən hadisələrdən zərər çəkən şəxslərə dəstək göstərmək üçün əlavə əməkdaşların işə götürüləcəyini də açıqlayıb.

Universitet əlavə təhlükəsizlik tədbirləri elan edib

Tələbə birliklərinə tətbiq olunan məhdudiyyətlərlə yanaşı, Kornell Universiteti hadisələrin araşdırılmasında Nyu-York Ştat Polisi ilə əməkdaşlıq etməyi və universitetin tələbələrin cinsi toxunulmazlığının qorunması ilə bağlı işçi qrupunun daha əvvəl hazırladığı tövsiyələrin icrasını sürətləndirməyi planlaşdırır.

Bu tədbirlər universitetin 2025-ci ildə keçirdiyi sorğunun nəticələri fonunda elan edilib. Sorğuda iştirak edən bakalavr pilləsində təhsil alan qadın tələbələrin 35 faizi Kornell Universitetində təhsilə başladıqdan sonra zor tətbiqi və ya müqavimət göstərmək imkanlarının məhdud olduğu vəziyyətlərdə razılıqları olmadan cinsi xarakterli təmasa məruz qaldıqlarını bildiriblər.

Sorğunun nəticələri tələbələrin təhlükəsizliyi və universitetin bu cür halların qarşısının alınmasına yanaşması ilə bağlı narahatlıqları daha da artırıb.

“Biz yol verdiyimiz nöqsanları qəbul etməli və təsirli addımlar atmalıyıq”, – Kotlikoff bildirib.

Daha ətraflı:

Teqlər