Tupak Şakurun qətlinə görə keçmiş dəstə liderinə ömürlük həbs verilib

Tupak Şakurun qətlinə görə keçmiş dəstə liderinə ömürlük həbs verilib
Dueyn Devis və vəkili Maykl Sanft Tupak Şakurun qətli işi üzrə hökmün elan edildiyi məhkəmə iclasında. Las-Veqas, ABŞ, 13 oktyabr 2026-cı il.
Reuters

ABŞ-nin Las-Veqas şəhərində 1996-cı ildə hip-hop ulduzu Tupak Şakurun avtomobildən açılan atəş nəticəsində qətlə yetirilməsini təşkil etdiyinə görə keçmiş cinayətkar dəstə lideri oktyabrın 13-də ən azı 40 il həbsdə qalmaq şərti ilə ömürlük azadlıqdan məhrum edilib.

Beləliklə, hip-hop tarixində dərin iz buraxan və təxminən 30 il üstü açılmayan qətl işi üzrə hökm çıxarılıb.

Avqustda andlılar məhkəməsi tərəfindən birinci dərəcəli qətldə təqsirli bilinən 63 yaşlı Dueyn “Keffe D” Devisə ardıcıl icra ediləcək iki ayrı həbs cəzası verilib. Qətlə və öldürücü silahdan istifadəyə görə təyin olunan cəzaların hər biri 20 ildən ömürlük həbsədək müddəti nəzərdə tutur.

Las-Veqas məhkəməsində təxminən bir saat davam edən iclas zamanı Devis hökm oxunarkən emosiyalarını büruzə verməyib.

Bel nahiyəsindən qandallanmış və mavi həbsxana geyimində olan Devis həbsdə keçirdiyi müddətin cəza müddətinə hesablanması ilə bağlı hakimlə qısa mübahisə edib. İclasın qalan hissəsində isə demək olar ki, danışmayıb.

Məhkəmədə son sözünü demək imkanı veriləndə o, müstəntiqlərin evindən götürdüyü əşyaları nəzərdə tutaraq bildirib: “Sadəcə evimdən götürdükləri əşyalarımı geri istəyirəm”.

30 ilə yaxın açılmamış qətl

Şakur 1996-cı ildə səsyazma şirkətinin rəhbəri Marion “Suq” Naytın idarə etdiyi avtomobildə olarkən güllələnib. Devisin 2023-cü ildə həbsinə qədər bu qətl təxminən 30 il ərzində ABŞ-də üstü açılmamış ən məşhur cinayət işlərindən biri olaraq qalıb.

Şakurun qətli ilə əlaqədar ittiham olunan yeganə şəxs Devis olsa da, ölümcül atəşi kimin açdığı qəti şəkildə müəyyən edilməyib.

Şakur ölümündən sonra sağlığındakından da böyük şöhrət qazanıb. Qətlindən bir neçə ay əvvəl işıq üzü görən dördüncü studiya albomu “All Eyez on Me” onun qanunlara meydan oxuyan obrazını ön plana çıxarıb. Reper 2017-ci ildə Rok-n-Roll Şöhrət Zalına daxil edilib.

Oktyabrın 13-də məhkəmədə çıxış edən reperin 51 yaşlı bacısı Sekyiva Şakur göz yaşları içində bildirib ki, anaları Tupakı insan hüquqları müdafiəçisi kimi böyüdüb və ona dünyanı yaxşılığa doğru dəyişə biləcəyinə inam aşılamağa çalışıb.

Qətlin motivi və əsas sübutlar

Devis Şakurun qətlini qisas məqsədilə təşkil etməkdə təqsirli bilinib. İttihama əsasən, 1996-cı il sentyabrın 7-də Las-Veqasdakı “MGM Grand” kazinosunda Şakur və onu müşayiət edən şəxslər Devisin bacısı oğlunu döyüblər. Qətlin motivi həmin hadisənin qisasını almaq olub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar uzun müddət Devisin Şakurun qətlində iştirakından şübhələnsələr də, ona ittiham irəli sürmək üçün kifayət qədər sübut olmayıb.

Tupak Şakurun qətlində təqsirli bilinən Dueyn Devis polis əməkdaşlarının müşayiəti ilə məhkəmə zalından aparılır. Las-Veqas, Nevada, ABŞ, 13 oktyabr 2026-cı il.
Reuters

Vəziyyət Devisin mediada çıxış edərək hadisə barədə danışmasından və xatirələrini dərc etdirməsindən sonra dəyişib. Onun açıqlamaları, eləcə də müstəntiqlərlə gizli şəkildə keçirdiyi görüşlərin səs yazıları ittiham tərəfinin əsas sübutlarını təşkil edib.

Devis “Compton Street Legend” adlı kitabında həm Şakurun, həm də onun rəqibi olan reper Kristofer Uollesin qətlində şübhəli şəxs hesab edildiyini yazıb.

Teqlər