İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
2022-ci ildə “Şimal axını” qaz kəmərlərində baş verən partlayışları təşkil etməkdə ittiham olunan ukraynalı keçmiş hərbçinin Almaniyada məhkəməsi başlayıb. Partlayışlar Rusiyadan Avropaya qaz tədarükünün əsas marşrutlarından birinin fəaliyyətini pozub.
Almaniyanın şəxsi məlumatların qorunması qaydalarına əsasən, adı yalnız Sergey K. kimi açıqlanan şəxs ukraynalılardan ibarət qrupa rəhbərlik etməkdə ittiham olunur. Qrupun tərkibində dalğıcların və partlayıcı maddələr üzrə mütəxəssisin olduğu bildirilir. Təqsirləndirilən şəxs hadisədə hər hansı iştirakını inkar edir.
Prokurorluğun iddiasına görə, qrup həmin ilin əvvəlində Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra Moskvanı əsas gəlir mənbələrindən birindən məhrum etmək məqsədilə Ukraynanın adı açıqlanmayan dövlət qurumlarının adından hərəkət edib.
Ukrayna hökuməti partlayışlarla hər hansı əlaqəsinin olduğunu inkar edir.
Prokurorluğun məlumatına görə, Sergey K. partlayışlardan təxminən üç həftə əvvəl saxta Ukrayna pasportu ilə Polşadan Almaniyaya gedib. İttihama əsasən, qrup Almaniyanın Rostok limanında yaxta icarəyə götürərək Danimarkanın Bornholm adasına doğru yola düşüb.
İstintaqın ehtimalına görə, qrupun dənizin dibinə taymerlə təchiz edilmiş hərbi standartlara uyğun partlayıcı maddələr yerləşdirdiyi ehtimal olunur.
Almaniyanın “Der Spiegel” nəşri və ZDF telekanalının məlumatına əsasən, “Andromeda” yaxtasında beş kişi və bir qadın olub. Yaxta sentyabrın 6-da Rostok limanından yola düşüb, sentyabrın 23-də isə geri qayıdıb.
İsveçli seysmoloqlar 2022-ci il sentyabrın 26-da təxminən 17 saat fasilə ilə bir neçə partlayış qeydə alıblar. Nəticədə Baltik dənizində 80–110 metr dərinlikdə yerləşən “Şimal axını” layihələrinə aid dörd boru xəttindən üçü zədələnib. Atmosferə böyük həcmdə metan qazı sızıb.
“Şimal axını-1” kəməri Almaniyanın qaz idxalının yarısını təmin edirdi. Paralel çəkilən “Şimal axını-2” kəmərinin tikintisi başa çatsa da, istismara verilməmişdi. Berlin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bir qədər əvvəl kəmərin sertifikatlaşdırılması prosesini dayandırmışdı.
Rusiya isə Qərbin tətbiq etdiyi sanksiyalarla bağlı gərginlik fonunda Avropaya qaz tədarükünü azaltmışdı.
Sergey K. 2025-ci ilin avqustunda İtaliyada istirahətdə olarkən saxlanılıb və Almaniyaya ekstradisiya edilib.
Almaniyanın ARD telekanalının məlumatına görə, istintaq zamanı yeddi şübhəlinin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri sonradan Rusiyaya qarşı döyüşlərdə həlak olub.
Dekabrın 17-dək 16 məhkəmə iclasının keçirilməsi nəzərdə tutulub. Yanvar və fevral aylarında da əlavə iclaslar planlaşdırılır.
Rusiya oktyabrın 12-də bildirib ki, həm hücumu həyata keçirənlərin, həm də onu sifariş edənlərin müəyyənləşdiriləcəyi ədalətli məhkəmə hökmü gözləyir.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata görə, bu, 2020-ci ildən bəri bir gündə qeydə alınan ən yüksək göstəricidir.
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlarla əlaqədar Rumıniya ordusu iki dəfə qırıcı təyyarələrini havaya qaldırıb.
İtaliyanın fərdi məlumatların mühafizəsi qurumu “Meta Platforms” şirkətini 805 milyon avro (887 milyon dollar) cərimələdiyini açıqlayıb. Qurumun məlumatına görə, şirkət Android istifadəçilərinin foto və videolarına onların xəbəri və razılığı olmadan çıxış əldə edib.
“SpaceX”in “Starship” kosmik gəmisi noyabrın 14-də 22,5 saatdan çox davam edən orbital uçuşdan sonra ilk dəfə Texasdakı buraxılış qülləsinin mexaniki qolları ilə tutulub. Bu, tam təkrar istifadə oluna bilən raket sisteminin yaradılmasında mühüm addımdır.
Filippin və Avstraliya noyabrın 15-də Manilada hərbi əməkdaşlığı genişləndirmək və təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədilə yeni saziş imzalayıblar. Razılaşma Cənubi Çin dənizində Çinlə gərginliyin davam etdiyi bir vaxtda əldə olunub.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın