Qara dənizdə dron hücumu: Üç ticarət gəmisi zədələnib
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz...
Yunanıstanda tələbələr münasib qiymətə mənzillə təminat və təhsilə ayrılan vəsaitin artırılması tələbi ilə oktyabrın 13-də Afinada parlament binasının qarşısında çadırlar qurublar. Güclü yağışa baxmayaraq, etirazçılar gecəni çadırlarda keçiriblər.
Tələbələrin sözlərinə görə, kirayə, kommunal və təhsil xərclərinin artması bəzi gəncləri universitetə qəbul olunsalar da, təhsildən imtina etməyə, digərlərini isə təhsillərini yarımçıq qoymağa məcbur edir.
Afinadakı tələbə birliklərinin təşkil etdiyi aksiya Maliyyə Nazirliyinin qarşısında mitinqlə başlayıb. Sonra iştirakçılar Sintagma meydanına yürüş ediblər. Burada konsertlər keçirilib, etiraz aksiyası isə gecə boyu davam edib.
Aksiya Fransa və İspaniya da daxil olmaqla, Avropanın müxtəlif ölkələrində təhsilin maliyyələşdirilməsi və yaşayış xərclərinin artmasına qarşı keçirilən tələbə etirazları fonunda baş tutub.
Etirazların əsas səbəblərindən biri mənzil xərclərinin artmasıdır. Tələbələr universitetlərin yaxınlığında münasib qiymətə kirayə mənzil tapmaqda çətinlik çəkirlər.
“Reuters”in məlumatına görə, universitetlərin yaxınlığında kirayə mənzillər uğrunda rəqabət güclənib. Nəticədə başqa şəhərlərdən gələn tələbələrin mənzil tapmaq imkanları məhdudlaşır.
Tələbə birlikləri bildirirlər ki, bəzi ailələrin kirayə haqqını, kommunal ödənişləri, dərslik və digər təhsil xərclərini qarşılamağa artıq imkanı çatmır.
Onların fikrincə, artan maliyyə yükü xüsusilə ailələrindən uzaqda təhsil alan gənclərin ali təhsil imkanlarını məhdudlaşdırır.
Tələbə birlikləri kirayə haqlarına yuxarı hədd qoyulmasını, mənzil müavinətlərinin artırılmasını və dövlət vəsaiti hesabına daha çox yataqxananın tikilməsini tələb edirlər.
Onlar mənzil müavinətindən daha çox tələbənin yararlanması üçün müavinət almaq hüququ verən gəlir həddinin artırılmasını və akademik nəticələrə dair tələblərin ləğvini istəyirlər.
Tələblər arasında maddi çətinlik çəkən birinci kurs tələbələrinin pulsuz yaşayış yeri ilə təmin olunması, mövcud yataqxanaların təmiri və yenilərinin tikintisinə vəsait ayrılması da var.
Etirazçılar universitetlərin maliyyələşdirilməsinin artırılmasını, dərslik və tədris ləvazimatlarının ucuzlaşdırılmasını, elektrik enerjisi və yanacaq xərclərinin azaldılması üçün tədbirlər görülməsini tələb edirlər.
Bundan başqa, tələbələr pulsuz yeməklə təmin olunmağı, ictimai nəqliyyatdan və internetdən ödənişsiz istifadə etməyi, eləcə də maddi çətinlik çəkənlər üçün universitetlər arasında köçürülmə qaydalarının sadələşdirilməsini tələb edirlər.
Tələbə birliklərinin məlumatına görə, universitetlərdə kadr çatışmazlığı var, tədris şəraiti qənaətbəxş deyil, gündəlik fəaliyyət xərcləri isə artır. Onlar ali təhsilə dövlət büdcəsindən daha çox vəsait ayrılmasını vacib hesab edirlər.
Tələbələr hökumətin özəl universitetlərin yaradılmasına icazə verən siyasətini də tənqid edirlər. Onların fikrincə, bu addım dövlət ali təhsil sisteminə mənfi təsir göstərə bilər.
Aksiya təşkilatçıları hökuməti büdcə xərcləri ilə bağlı prioritetlərinə yenidən baxmağa, təhsil və sosial xidmətlərə daha çox vəsait ayırmağa çağırırlar.
Etirazçıları narahat edən əsas məsələ aztəminatlı ailələrdən olan gənclərin maddi çətinliklər səbəbindən ali təhsil almaq imkanlarının məhdudlaşmasıdır.
Afina ilə yanaşı, Avropanın digər ölkələrində də təhsilin maliyyələşdirilməsi, mənzil və yaşayış xərcləri ilə bağlı etirazlar keçirilir.
Fransada məktəblilər, universitet tələbələri və müəllimlər təhsilə ayrılan vəsaitin azaldılmasına, kadr çatışmazlığına və sinif otaqlarındakı şəraitin qənaətbəxş olmamasına etiraz ediblər. “Reuters”in məlumatına görə, fransalı məktəblilər ardıcıl dörd həftə aksiya keçiriblər.
İspaniyada mənzil xərclərinin kəskin artmasına qarşı etirazlar təşkil olunub. Belçikada isə tələbələr təhsil haqlarının artırılmasına və təhsil büdcəsinin azaldılmasına etiraz ediblər.
İtaliyada, o cümlədən Roma və Turində tələbələr universitet binalarını tutaraq etiraz aksiyaları keçiriblər.
Afinadakı aksiyanın təşkilatçıları bildiriblər ki, Fransa və İspaniyadakı etirazlar onları da oxşar aksiya keçirməyə həvəsləndirib.
Etirazçılar hökumətdən mənzil və təhsil xərclərinin artmasına qarşı tədbirlər görülməsini tələb edərək Sintagma meydanındakı çadır düşərgəsini oktyabrın 14-dək saxlamağı planlaşdırıblar.
Tələbə birlikləri ümid edirlər ki, aksiya hakimiyyəti tələbələrin maliyyə yükünü azaltmaq və ali təhsili daha əlçatan etmək üçün tədbirlər görməyə sövq edəcək.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlarla əlaqədar Rumıniya ordusu iki dəfə qırıcı təyyarələrini havaya qaldırıb.
İtaliyanın fərdi məlumatların mühafizəsi qurumu “Meta Platforms” şirkətini 805 milyon avro (887 milyon dollar) cərimələdiyini açıqlayıb. Qurumun məlumatına görə, şirkət Android istifadəçilərinin foto və videolarına onların xəbəri və razılığı olmadan çıxış əldə edib.
“SpaceX”in “Starship” kosmik gəmisi noyabrın 14-də 22,5 saatdan çox davam edən orbital uçuşdan sonra ilk dəfə Texasdakı buraxılış qülləsinin mexaniki qolları ilə tutulub. Bu, tam təkrar istifadə oluna bilən raket sisteminin yaradılmasında mühüm addımdır.
Filippin və Avstraliya noyabrın 15-də Manilada hərbi əməkdaşlığı genişləndirmək və təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədilə yeni saziş imzalayıblar. Razılaşma Cənubi Çin dənizində Çinlə gərginliyin davam etdiyi bir vaxtda əldə olunub.
Noyabrın 15-də Filippinin paytaxtı Manilada ASEAN-ın 49-cu sammiti işə başlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın