Zelenski: "Qısa fasilədən sonra Rusiyanın neft emalı zavodlarına zərbələr bərpa olunacaq"

Ukrayna Prezidenti Volodimir Zelenski ikigünlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına hücumların bərpa olunacağını bildirib. Bu bəyanat enerji infrastrukturuna endirilən zərbələr və ABŞ-nin hərbi dəstəyi ilə bağlı Kiyevlə Vaşinqton arasında artan gərginlik fonunda verilib.

⦿ 21:23 | YENİLƏNİB

Putin: “Rusiyanın neft emalı zavodlarına hücumlara cavab verəcəyik”

Reuters

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 15-də bildirib ki, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi son zərbələr ciddi ziyana səbəb olmayıb.

“İnterfaks” agentliyinin məlumatına görə, Putin bu hücumlara cavab veriləcəyini də bildirib.

⦿ 19:57 | YENİLƏNİB

Bloomberg: Birləşmiş Krallıq Ukraynaya əlavə “Storm Shadow” raketləri göndərir

Reuters

Birləşmiş Krallıq Rusiyanın hərbi əməliyyatlarını çətinləşdirmək və mülki infrastruktura hücumların qarşısının alınmasına kömək etmək məqsədilə Ukraynaya əlavə uzaqmənzilli “Storm Shadow” qanadlı raketləri göndərir.

“Reuters”in məlumatına görə, “Bloomberg” bu barədə oktyabrın 15-də məsələdən məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 14-də Londonda Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüşüb. London Kiyevə dəstəyini bir daha təsdiqləyib və əlavə hərbi yardım elan edib. Bu addım Ukrayna ilə ABŞ arasında münasibətlərin son vaxtlar gərginləşdiyi bir dövrə təsadüf edir.

⦿ 19:00 | YENİLƏNİB

G7 Çernobıl AES-in təmiri üçün 291 milyon dollar vəsait toplayıb

Reuters

Böyük Yeddilik (G7) ölkələri Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasının (AES) bərpası üçün 260 milyon avro (291,67 milyon dollar) vəsait toplayıb. Bu barədə cBanqkokda Fransanın maliyyə naziri Rolan Leskür bəyan edib.

Leskür bildirib ki, AES-in tam bərpası üçün təxminən 500 milyon avro (560,90 milyon dollar) tələb olunur. Əlavə vəsait toplamaq məqsədilə noyabrın 9-da Parisdə donor konfransı keçiriləcək.

O, həmçinin əlavə edib ki, G7 ölkələri gübrə təminatı üçün 2,5 milyard dollar ayırmağı öhdələrinə götürüblər.

⦿ 18:10 | YENİLƏNİB

Rumıniya Prezidenti Rusiyanı Qara dənizdə gəmiçiliyi hədəf almaqda ittiham edib

Reuters

Rumıniya Prezidenti Nikuşor Dan bildirib ki, Qara dənizdə ticarət gəmilərinə edilən son hücumlar Rusiyanın NATO-nun şərq cinahında sabitliyi pozmaq və Ukraynaya dəstəyi zəiflətmək cəhdləridir.

NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra açıqlama verən Dan Rumıniyanın ərazi sularında və bu suların yaxınlığında vurulan gəmilər barədə ətraflı məlumatın davam edən araşdırmalar başa çatdıqdan sonra açıqlanacağını qeyd edib.

⦿ 18:09 | YENİLƏNİB

Fransa: Rusiyanın zərbələri Moskvanın sülhə hazır olmadığını göstərir

Reuters

Rəsmi Paris bəyan edib ki, Rusiyanın Ukraynaya endirdiyi son zərbələr Moskvanın sülh istiqamətində addım atmağa hazır olmadığını göstərir.

Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavrö jurnalistlərə açıqlamasında bildirib ki, ötən həftənin əvvəlindən bəri həyata keçirilən hücumlar nəticəsində 150-dən çox dinc sakin həlak olub.

⦿ 15:34 | YENİLƏNİB

Kreml: Ukraynanın neft emalı zavodlarına zərbələri ABŞ-nin sülh səylərinə xələl gətirir

Reuters

Kreml bəyan edib ki, Ukrayna PUA-sının gecə saatlarında Rusiyanın Ryazan vilayətindəki neft emalı zavoduna endirdiyi zərbə ABŞ-nin sülh danışıqlarını bərpa etmək səylərinə xələl gətirir.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Kiyev ABŞ Prezidenti Donald Trampın elan etdiyi enerji atəşkəsinə heç vaxt əməl etməyib. Ukrayna isə Rusiyanın neft emalı zavodlarına zərbələri üç günlüyə dayandırdığını, lakin Moskvanın Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirməsindən sonra zərbələri bərpa etdiyini açıqlayıb.

Moskva həmçinin atəşkəsin əhatə dairəsinin heç vaxt dəqiq müəyyənləşdirilmədiyini bildirib. Oktyabrın 14-də Rusiya Ukraynanın yeddi enerji infrastrukturu obyektinə zərbə endirdiyini açıqlamışdı.

⦿ 15:31| YENİLƏNİB

Fridrix Merts dondurulmuş Rusiya aktivləri ilə bağlı ABŞ-nin təklifini rədd edib

Reuters

Almaniya kansleri Fridrix Merts Avropada dondurulmuş bəzi Rusiya dövlət aktivlərinin Vaşinqtonun nəzarəti altında olan maliyyə mexanizminə köçürülməsi və Ukrayna üzrə sülh danışıqlarının bərpası üçün istifadə olunması barədə ABŞ-nin təklifini rədd edib.

“Bu aktivlər Avropada dondurulub və onlar Avropada dondurulmuş vəziyyətdə qalmalıdır. Bu, bizim işimizdir və buna dair qərarı yalnız biz veririk”, – deyə Merts Brüsseldə keçirilən Aİ sammitində bildirib.

“Financial Times” qəzetinin məsələdən məlumatlı şəxslərə istinadən verdiyi məlumata görə, Vaşinqtonun təklifi Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bloklanmış bəzi dövlət aktivlərinin dondurulmasının ləğvini nəzərdə tutur.

⦿ 14:38 | YENİLƏNİB

Rusiyanın ABŞ-yə dizel tədarükü 2–3 həftəyə başlaya bilər

Rusiya baş nazirinin müavini Aleksandr Novak  Moskvada keçirilən Rusiya Enerji Həftəsində bildirib ki, Rusiya iki-üç həftə ərzində Birləşmiş Ştatlara dizel yanacağının tədarükünə başlaya bilər.

Novak bildirib ki, tədarükün həyata keçirilməsi üçün ilk növbədə kommersiya müqavilələri yekunlaşdırılmalı, gəmilər icarəyə götürülməli və yanacaq yüklənməlidir. O, Rusiyanın oktyabrda 300 min ton, noyabrda 500 min ton, dekabrda isə 1 milyon ton dizel ixrac etməyə hazır olduğunu diqqətə çatdırıb.

Bu qrafik ABŞ-nin Rusiyanın yanacaq ixracına tətbiq etdiyi sanksiyaları müvəqqəti olaraq yumşaltmasından sonra müəyyənləşib.

⦿ 14:14 | YENİLƏNİB

Ukrayna Rusiyanın neft emalı zavoduna zərbə endirib

Reuters

Ukrayna rəsmisinin verdiyi məlumata görə, Ukrayna qüvvələri Rusiyanın həftə ərzində həyata keçirdiyi ballistik raket və PUA hücumlarına cavab olaraq bu ölkənin neft emalı zavoduna zərbə endirib. Rəsmi Kiyev bu zərbənin ABŞ Prezidenti Donald Trampın ötən həftə sonu elan etdiyi enerji atəşkəsinin pozulmasına cavab olduğunu bildirib.

Ukrayna Trampın oktyabrın 11-i verdiyi gözlənilməz bəyanatdan sonra Rusiyanın neft emalı zavodlarına zərbələri bir neçə günlüyə dayandırmışdı. Lakin Kreml oktyabrın 13-ü enerji atəşkəsinin əhatə dairəsinin hələ müəyyənləşdirilmədiyini və bu istiqamətdə işlərin davam etdiyini açıqlayıb.

⦿ 14:12 | YENİLƏNİB

Zelenski Rusiyanın Ukraynaya PUA zərbələri nəticəsində ən azı 6 nəfərin həlak olduğunu bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə yarısından səhər saat 09:00-dək Ukrayna ərazisinə 850-dən çox “Shahed” dronu buraxdığını bildirib. Hücumlar bir neçə regionu əhatə edib və ən azı 6 nəfər həlak olub.

Zelenski Kiyev, Odesa, Xarkov, Donetsk və Zaporojye də daxil olmaqla müxtəlif vilayətləri hədəf alan zərbələrin fəsadlarını aradan qaldırmaq üçün xilasedicilərin və təmir briqadalarının işlərini davam etdirdiyini qeyd edib. O, Kropivnitskidə 3, Dnepropetrovsk vilayətində isə daha 3 nəfərin həyatını itirdiyini açıqlayıb.

Ukrayna lideri Moskvaya qarşı sanksiyaların yumşaldılmasından və Kiyevə təzyiq cəhdlərindən sonra Rusiyanın hücumlarını intensivləşdirdiyini vurğulayıb. O, müharibəyə son qoymaq üçün daha qətiyyətli qərarların qəbul edilməsinə və Ukraynanın hava hücumundan müdafiə sistemlərinə beynəlxalq dəstəyin davam etdirilməsinə çağırıb.

⦿ 14:09 | YENİLƏNİB

Rumıniya dənizdə itkin düşən 7 dənizçini axtarır

Reuters

Rumıniya Dəniz Administrasiyasının verdiyi məlumata görə, ölkənin ərazi sularında gəmidə baş verən yanğından sonra heyətin 12 üzvündən 7-si itkin düşüb. Onların axtarışı davam edir.

Bu, Rusiyanın qonşu Ukraynaya gecə zərbələrindən sonra Dunay çayının Sulina kanalı yaxınlığında yanğın baş verən ikinci gəmidir.

İtkin düşən heyət üzvlərinin taleyi barədə hələlik məlumat yoxdur.

⦿ 14:07 | YENİLƏNİB

Rusiya ABŞ sanksiyalarının yumşaldılmasından sonra dizel ixracını bərpa etməyə hazırdır

Reuters

Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Birləşmiş Ştatlarla əldə olunan tədarük razılaşmasından və ABŞ sanksiyalarının müvəqqəti yumşaldılmasından sonra Rusiya istənilən vaxt dizel ixracını bərpa etməyə hazırdır.

ABŞ Prezidenti Donald Tramp ötən həftə yanacaq qiymətlərini aşağı salmaq məqsədilə Rusiyanın qlobal bazarlara dizel tədarük etməyə razılaşdığını bəyan etmişdi. Bunun ardınca Moskva oktyabrın 10-da dizel ixracına qoyulan qadağanı qismən ləğv edib.

Novak həmçinin hökumətin mayeləşdirilmiş neft qazının (LPG) ixracına məhdudiyyətlərin tətbiqini nəzərdən keçirdiyini bildirib. Lakin təklif olunan tədbirlərin əhatə dairəsi hələlik aydın deyil.

⦿ 14:05 | YENİLƏNİB

Ukrayna kəsintidən sonra “Starshield” peyk internet xidmətinin bərpa olunduğunu bildirib

Reuters

Ukrayna Müdafiə Nazirliyindəki mənbənin verdiyi məlumata görə, hərəkət zamanı istifadə üçün nəzərdə tutulan “Starshield” peyk internet xidmətinin fəaliyyəti bərpa olunub.

“SpaceX” şirkətinin hərbi təyinatlı bu xidmətində oktyabrın 14-də kəsinti yaranmışdı. Sürət saatda 160 kilometri keçdikdə bağlantının məhdudlaşdırılması cəbhə boyu Ukrayna dronlarının əməliyyatlarına mənfi təsir göstərmişdi.

Mənbə bildirib ki, Müdafiə Nazirliyi kəsintinin səbəblərini aydınlaşdırmaq üçün araşdırmaları davam etdirəcək.

Ukraynalı hərbçi Rusiyanın hücumu fonunda cəbhə xəttindəki mövqedə “Starlink” peyk internet sistemini hazırlayır. Ukrayna, 20 fevral 2024-cü il.
Reuters

⦿ 12:35 | YENİLƏNİB

Ukrayna Rusiyanın altı “Su-34M” təyyarəsini məhv etdiyini iddia edir

Reuters

Ukrayna Hərbi Dəniz Qüvvələrinin oktyabrın 15-də “Telegram” kanalında yaydığı bəyanata əsasən, Ukrayna qüvvələri gecə əməliyyatı zamanı “Neptun” raket kompleksindən istifadə edərək Rusiyanın Voronej vilayətindəki Borisoqlebsk aviabazasını hədəf alıb.

Bəyanatda hücum nəticəsində Rusiyaya məxsus altı “Su-34M” qırıcı-bombardmançı təyyarəsinin məhv edildiyi iddia olunub.

“Reuters” döyüş meydanından verilən bu məlumatları müstəqil şəkildə təsdiqləyə bilməyib.

⦿ 12:30 | YENİLƏNİB

Rusiya Ukraynanın qaz obyektini vurub, limanlara və yük gəmilərinə zərbələr endirib

Reuters

Ukraynanın dövlət enerji şirkəti “Naftoqaz” bildirib ki, Rusiya oktyabrın 15-nə keçən gecə ölkənin mərkəzindəki Poltava vilayətində yerləşən qazçıxarma obyektinə zərbə endirib.

Şirkətin “Telegram” kanalında yayılan bəyanata görə, hücum nəticəsində obyektin fəaliyyəti dayandırılıb, avadanlıqlara ziyan dəyib və yanğın baş verib.

Rusiya Müdafiə Nazirliyi isə qüvvələrinin Ukraynanın cənubundakı Odesa vilayətində yerləşən İzmail limanını, eləcə də Odesaya doğru hərəkət edən iki yük gəmisini vurduğunu açıqlayıb. Moskva gəmilərdən hərbi məqsədlərlə istifadə olunduğunu iddia edib.

Nazirliyin digər bəyanatında Qara dənizin Buq estuarisində və Çornomorsk limanında daha iki yük gəmisinin hədəf alındığı bildirilib. Nazirlik həmin gəmilərin də Ukrayna ordusu üçün təchizat daşıdığını iddia edib.

“Reuters” döyüş meydanından verilən bu məlumatları müstəqil şəkildə təsdiqləyə bilməyib.

⦿ 11:35 | YENİLƏNİB

Zelenski: "Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri bərpa edəcək"

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times” qəzetinə müsahibəsində Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələri bərpa edəcəyini bildirib.

“Neft emalı zavodlarına hücumlara qoyulan qadağa götürüldü. Fasilə başa çatdı”, – deyə o vurğulayıb.

Ukrayna ABŞ Prezidenti Donald Trampın enerji atəşkəsi barədə elanından sonra Rusiyanın enerji infrastrukturuna hücumları iki gün müddətinə dayandırmışdı.

Zelenski Vaşinqtonun Moskva ilə ticarət sazişləri, o cümlədən son dizel tədarükü müqaviləsini bağlamaq səylərini tənqid edib. O, ABŞ-ni Kiyevi zərbələri dayandırmağa məcbur etmək üçün hərbi dəstəyi məhdudlaşdırmaqda ittiham edib.

Zelenski Ukraynanın ballistik raket hücumları barədə ABŞ-nin erkən xəbərdarlıq sisteminə çıxışını itirdiyini, ölkə üzrə “Starlink” rabitəsinin isə zəiflədiyini iddia edib. O, bu kəsintilərin texniki problemlərdən qaynaqlandığına dair izahları rədd edib.

“Bu, texniki problem deyildi, siyasi iradə idi”, – deyə Zelenski bildirib.

O, Vaşinqtonun əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri təmin edəcəyi təqdirdə Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri dayandırmağı nəzərdən keçirəcəyini qeyd edib. Zelenski bunu minimum məqbul şərt adlandırıb. 

Ukrayna Prezidenti Volodimir Zelenski mediaya müsahibə verir. Çerniqov, Ukrayna, 8 oktyabr 2026-cı il.
Reuters

Teqlər