Britaniya ABŞ və Ukraynanı fikir ayrılıqlarını aradan qaldırmağa çağırır

Britaniya ABŞ və Ukraynanı fikir ayrılıqlarını aradan qaldırmağa çağırır
ABŞ-nin müdafiə naziri Pit Heqset Britaniyanın müdafiə naziri Ues Stritinqi Pentaqonda qarşılayır. Arlinqton, Virciniya ştatı, ABŞ, 15 oktyabr 2026-cı il.
Reuters

Birləşmiş Krallığın müdafiə naziri Ues Stritinq Vaşinqtonla Kiyev arasında gərginlik fonunda ABŞ və Ukraynanı birgə hərəkət etməyə çağırıb. O, Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) çıxış edən Stritinq bildirib ki, mövcud təhlükəsizlik şəraiti müttəfiqlər arasında daha sıx əməkdaşlıq tələb edir. Onun sözlərinə görə, Britaniya ilə ABŞ-nin birgə hərəkət etməsi nadir hallarda indiki qədər vacib olub.

Nazir qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik sisteminin əsas prinsipləri bu gün də aktuallığını qoruyur. O, Şimali Amerika və Avropanın təhlükəsizliyinin bir-biri ilə sıx bağlı olduğunu vurğulayıb.

Stritinq NATO-nu bu əməkdaşlığın əsas dayağı adlandırıb və Britaniyanın müdafiə siyasətini bundan sonra da əsasən alyans çərçivəsində həyata keçirəcəyini bildirib.

Ukrayna məsələsi diqqət mərkəzindədir

Britaniya müdafiə nazirinin açıqlamaları hərbi yardım və döyüş meydanında istifadə olunan texnologiyalarla bağlı fikir ayrılıqları səbəbindən Vaşinqtonla Kiyev arasında gərginliyin yenidən artdığı bir vaxta təsadüf edib.

Stritinq Pentaqonda ABŞ-nin müdafiə naziri Pit Heqsetlə görüşündə Ukrayna məsələsini müzakirə etdiyini təsdiqləyib.

Nazir “Fox News”a müsahibəsində Pentaqonda Pit Heqsetlə keçirdiyi görüşdə Ukrayna və “Starlink” məsələlərini müzakirə etdiklərini bildirib. Bundan əvvəl xidmətə tətbiq edilən məhdudiyyətlərin Ukrayna ordusunun əməliyyatlarına mane olduğu barədə narahatlıqlar yaranmışdı.

Stritinq xidmətin fəaliyyətində yaranan məhdudiyyətlərin səbəblərini ətraflı açıqlamayıb. Bununla belə, hər iki tərəfin xidmətin bərpasını müsbət qarşıladığını və Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyi ilə razılaşdığını deyib.

Nazir müharibənin başa çatdırılması üçün diplomatik səylərin və hərbi yardımın eyni dərəcədə vacib olduğunu bildirib. Onun sözlərinə görə, diplomatik danışıqlar davam etdiyi müddətdə Rusiyanın təzyiqlərinə tab gətirə bilməsi üçün Ukrayna lazımi hərbi vasitələrlə təmin olunmalıdır.

“Birləşmiş Krallıq hesab edir ki, belə vaxtlarda bizim vəzifəmiz dostlarımızı yenidən bir araya gətirməkdir”, – Stritinq ABŞ və Ukrayna arasındakı son gərginliyə münasibət bildirərkən deyib.

O əlavə edib ki, Britaniyanın məqsədi Ukraynanı dəstəkləyən ölkələr arasında birliyi qorumaq və Vaşinqtonun bu prosesdə iştirakını davam etdirməsinə nail olmaqdır.

Müttəfiqlər arasında birliyə çağırış

Stritinqin səfəri ABŞ Prezidenti Donald Trampın bir sıra qərarlarının Kiyevdə narazılıq doğurduğu dövrə təsadüf edib.

Bu qərarlar arasında Rusiya dizelinin ixracına tətbiq olunan sanksiyaların ləğvi və Trampın Ukrayna rəhbərliyini tənqid edən açıqlamaları da var.

Britaniyalı nazir bildirib ki, müttəfiqlər arasındakı fikir ayrılıqları Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyaya təzyiq göstərilməsi kimi əsas məqsədlərə mane olmamalıdır.

Gələcək təhlükələrə hazırlıq

Stritinq NATO ölkələrinin sürətlə dəyişən təhlükəsizlik mühitinə və yeni texnologiyaların yaratdığı çağırışlara uyğunlaşmalı olduğunu bildirib.

Onun sözlərinə görə, müasir hərbi güc artıq təkcə əsgər sayı və ənənəvi silahlarla ölçülmür. Süni intellekt, kibermüdafiə, avtonom sistemlər və dron texnologiyaları da getdikcə daha mühüm rol oynayır.

Nazir qeyd edib ki, gələcək münaqişələrdə ölkələrin yeni texnologiyaları sürətlə inkişaf etdirmək, hərbi avadanlıqları böyük həcmdə istehsal etmək və az xərcli, səmərəli sistemlərdən istifadə etmək bacarığı həlledici olacaq.

“Bu gün sülhü qorumağın xərci sabah onu bərpa etmək üçün ödəniləcək bədəldən qat-qat az ola bilər”, – Stritinq deyib.

Britaniyanın Avropa təhlükəsizliyində rolu

Birləşmiş Krallığın müdafiə naziri ölkəsinin NATO çərçivəsində fəaliyyətini davam etdirməklə yanaşı, Avropanın təhlükəsizliyində aparıcı rol oynamaq niyyətində olduğunu vurğulayıb.

O bildirib ki, London kollektiv müdafiəyə töhfəsini artırır və NATO-nu ABŞ ilə Avropanın təhlükəsizliyini təmin etmək üçün ən effektiv mexanizm hesab edir.

Nazirin açıqlamaları NATO üzvləri arasında müdafiə xərclərinin artırılması, orduların döyüş hazırlığının gücləndirilməsi və artan qlobal təhlükələrə hazırlıqla bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.

Teqlər