KİV: Ukraynanın “Patriot” raket ehtiyatları tükənmək üzrədir

KİV: Ukraynanın “Patriot” raket ehtiyatları tükənmək üzrədir
Yanğınsöndürən Rusiya dronunun zərbəsi nəticəsində zədələnmiş supermarketin ərazisində işləyir. Odessa vilayəti, Ukrayna, 15 oktyabr 2026-cı il.
Reuters

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları bərpa etməsini “biabırçılıq” adlandırıb. Qarşılıqlı hücumlar davam edir. Medianın məlumatına görə, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları demək olar ki, tükənib.

⦿ 20:08 | YENİLƏNİB

Papa XIV Leo Putini humanitar yardım və mülki əhalinin təxliyəsinə şərait yaratmağa çağırıb

Reuters

Vatikanın məlumatına görə, Papa XIV Leo oktyabrın 16-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Papa humanitar yardımın və ərzağın çatdırılmasına şərait yaratmaq üçün atəşkəsə çağırıb.

O, mülki əhalinin könüllü təxliyəsinə çağırıb və Oleşkidəki humanitar vəziyyətdən ciddi narahatlığını bildirib.

Vatikanın açıqlamasına görə, Papa XIV Leo Müqəddəs Taxt-Tacın dialoqa və sülhə nail olmağa yönəlmiş təşəbbüslərə sadiqliyini bir daha təsdiqləyib.

⦿ 17:54 | YENİLƏNİB

Almaniya: ABŞ Ukraynaya dəstəyi davam etdirir, lakin Kiyev və Moskva danışıqlar aparmalıdır

Reuters

Almaniyanın xarici işlər naziri ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna arasında münasibətlərin gərginləşməsi barədə suala cavabında bildirib ki, Vaşinqton Kiyevə dəstəyini əsasən davam etdirir.

Nazir əlavə edib ki, son nəticədə Ukrayna və Rusiya danışıqlar masasına əyləşməli olacaqlar.

Bu açıqlama Ukrayna Prezidenti Volodimir Zelenski ilə Donald Tramp arasında münasibətlərin gərginləşdiyi və bu məsələnin Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitini kölgədə qoyduğu bir vaxta təsadüf edir.

Ukraynanın Rivne vilayətində Rusiyanın PUA hücumu nəticəsində zədələnmiş yaşayış binasının qarşısındakı masanın üzərində yanğınsöndürən balonlar. 16 oktyabr 2026-cı il.
Reuters

⦿ 17:48 | YENİLƏNİB

Rusiya Ukraynanın enerji obyektlərinə zərbələri davam etdirir

Reuters

Ukraynanın Energetika Nazirliyi bildirib ki, Rusiya oktyabrın 15-dən 16-na keçən gecə və səhər saatlarında Kiyev şəhərində, həmçinin Kiyev, Volın, Odessa və Rivne vilayətlərində enerji obyektlərinə zərbələr endirib. Nəticədə bəzi abonentlər elektrik enerjisiz qalıb. Daha altı vilayətdə də yeni elektrik kəsintiləri qeydə alınıb.

Rusiya həmin gecə Ukraynaya 149 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Son sutka ərzində ölkə üzrə azı üç nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

⦿ 16:59 | YENİLƏNİB

Zelenski Maqyarla danışıqları müsbət qiymətləndirib, ABŞ ilə görüşə ümid edir

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Peter Maqyarla görüşünün çox yaxşı keçdiyini bildirib. O, görüşdə bir sıra məsələlərin müzakirə edildiyini qeyd edib və Budapeştə səfər etməyə hazır olduğunu deyib.

Kiyev və Budapeşt arasında uzun illər davam edən gərginlikdən sonra keçirilən ilk ikitərəfli görüşdə Ukraynanın Zakarpatye vilayətində yaşayan macar azlığının hüquqlarının genişləndirilməsi barədə siyasi razılıq əldə olunub.

ABŞ ilə münasibətlərə toxunan Zelenski yaxın günlərdə Kiyevlə Vaşinqton arasında danışıqlar aparılacağına ümid etdiyini bildirib. O, həmçinin Trampın Rusiya ilə dizel yanacağına dair razılaşması həyata keçirilərsə, Ukraynanın ABŞ-dən hava hücumundan müdafiə sistemləri almaq istədiyini açıqlayıb.

Qərb sanksiyalarına baxmayaraq əldə olunan bu razılaşma Kiyevlə Vaşinqton arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb olub.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı liderlərinin sammiti çərçivəsində keçirilən mətbuat konfransında. Brüssel, Belçika, 16 oktyabr 2026-cı il.
Reuters

⦿ 16:54 | YENİLƏNİB

Zelenski: “Avropada Ukraynanın qış ehtiyaclarını qarşılamaq üçün kifayət qədər “Patriot” raketi var”

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Avropalı müttəfiqlərin sərəncamında Ukraynanı qış aylarında hava hücumlarından qorumaq üçün kifayət qədər “Patriot” raketi var. O, hava hücumundan müdafiənin enerji təhlükəsizliyi və maliyyələşmə ilə yanaşı, ölkəsinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Zelenski “Starlink” xidmətinin fəaliyyətinin hələ tam bərpa edilmədiyini də bildirib. Onun sözlərinə görə, internet sürətinə qoyulan məhdudiyyətlər mülki əhalinin həyatını təhlükə altına qoyur.

Oktyabrın 14-də Ukraynada “Starlink” xidmətinin fəaliyyəti qismən bərpa edilsə də, hərəkət halında olan terminallar üçün sürət məhdudiyyəti qüvvədə qalır.

Ukrayna ordusunun 47-ci briqadasının hərbçisi “Starlink” avadanlığını istifadəyə hazırlayır. Donetsk, Ukrayna, 20 fevral 2024-cü il.
Reuters

⦿ 16:37 | YENİLƏNİB

Zelenski: “İlin sonunadək əlavə F-16 qırıcıları ala bilərik”

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında ölkəsinə ilin sonunadək əlavə F-16 qırıcılarının təhvil veriləcəyinə ümid etdiyini bildirib.

Zelenski sentyabrda Belçika ilə üç F-16 qırıcısının sürətləndirilmiş qaydada ilin sonunadək Ukraynaya təhvil verilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.

Belçika 2029-cu ilədək öz arsenalındakı 53 F-16 qırıcısının hamısını Ukraynaya təhvil verməyi öhdəsinə götürüb.

Ukrayna Prezidenti Volodimir Zelenski 16 oktyabr 2026-cı ildə Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı liderlərinin sammiti çərçivəsində keçirilən mətbuat konfransında çıxış edir.
Reuters

⦿ 15:50 | YENİLƏNİB

Rumıniya dron hücumuna məruz qalan gəmidə itkin düşən dənizçilərin axtarışını bərpa edib

Reuters

Rumıniya Qara dəniz sahilləri yaxınlığında pilotsuz uçuş aparatının zərbəsinə məruz qalan kimyəvi maddələr daşıyan tankerdə itkin düşmüş yeddi dənizçinin axtarışını bərpa edib.

İtkin düşən dənizçilər San-Marino bayrağı altında üzən “Wine Trader” tankerinin 12 nəfərlik heyətinin üzvləridir. Gəmi oktyabrın 15-də səhər saatlarında Rumıniyanın ərazi sularından təxminən bir mil kənarda dron hücumuna məruz qalıb.

Heyətin beş üzvü xilas edilib. Lakin güclü külək və dənizdəki yüksək dalğalar digər dənizçilərin axtarışını çətinləşdirib.

“Əməkdaşlarımız bu gün gəmidə axtarış aparmaq və heyətin qalan üzvlərini tapmaq üçün əməliyyatı davam etdirməyə qayıdıblar”, – Rumıniya Daxili İşlər Nazirliyinin sözçüsü bildirib.

Rəsmilərin məlumatına görə, “Black Hawk” helikopteri dörd xilasedicini gəminin göyərtəsinə endirəcək. Eyni zamanda, digər gəmi ətraf sularda axtarışları davam etdirəcək.

⦿ 15:35 | YENİLƏNİB

Rusiyanın hücumlarına baxmayaraq, Ukraynanın qaz ehtiyatları son altı ilin ən yüksək səviyyəsindədir

Reuters

Ukraynanın dövlət neft-qaz şirkəti “Naftogaz”ın baş direktorunun səlahiyyətlərini icra edən şəxs bildirib ki, Rusiyanın şirkətin obyektlərinə hücumlarının artmasına baxmayaraq, qış mövsümü ərəfəsində son altı ilin ən böyük qaz ehtiyatı yaradılıb.

Ukrayna qış aylarında şəhərlərin istiliklə təmin olunması üçün böyük həcmdə təbii qazdan istifadə edir. Rusiya isə son aylarda Ukraynanın enerji sektoruna hücumlarını kəskin şəkildə intensivləşdirib.

“Naftogaz”ın rəhbəri Sergey Fedorenkonun sözlərinə görə, Rusiya bu ilin əvvəlindən şirkətin obyektlərinə 400 dəfədən çox hücum edib. Bu, 2025-ci il ilə müqayisədə iki dəfə çoxdur.

“Bu il obyektlərimizin əksəriyyəti hücuma məruz qalıb”, – Fedorenko bildirib.

O qeyd edib ki, zərbələr neft və qaz hasilatı, emalı və nəqli obyektlərinə, eləcə də cəbhəyanı bölgələrdəki istilik elektrik stansiyalarına endirilib.

“Biz müdafiə tədbirlərini gücləndirir və mövqelərimizi möhkəmləndiririk”, – Fedorenko əlavə edib.

⦿ 15:15 | YENİLƏNİB

Macarıstan Ukraynada sülhə nail olmaq üçün bütün diplomatik vasitələrdən istifadə etməyə hazırdır

Macarıstanın Baş naziri Peter Madyar bildirib ki, ölkəsi Ukraynada atəşkəsə və davamlı sülhə nail olunmasına kömək etmək üçün bütün diplomatik vasitələrdən istifadə etməyə hazırdır.

Magyar bu barədə Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra X hesabında paylaşdığı açıqlamada bildirib.

“Biz həmçinin razılaşdıq ki, siyasi və iqtisadi münasibətlərimizi yeni əsaslar üzərində qurmaq hər iki ölkənin maraqlarına uyğundur. Təxminən beş ildir davam edən Rusiyanın qəddar təcavüzü qarşısında Ukrayna ilə tam həmrəy olduğumu ifadə etdim”, – Madyar qeyd edib.

⦿ 15:00 | YENİLƏNİB

Rusiyanın Ukraynaya zərbələri nəticəsində azı üç nəfər həlak olub

Reuters

Ukrayna rəsmilərinin məlumatına görə, oktyabrın 16-da səhər saatlarında Rusiyanın ölkənin müxtəlif bölgələrinə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində azı üç nəfər həlak olub.

Xarkov vilayətinin qubernatoru Oleq Sinequbov bildirib ki, şəhərin üç rayonuna edilən hücumlar nəticəsində iki nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

Rusiyanın pilotsuz uçuş aparatı ilə endirdiyi zərbə nəticəsində zədələnmiş yaşayış binasının ərazisində fövqəladə hallar xidmətinin minaaxtaranı işləyir. Rivne vilayəti, Ukrayna, 16 oktyabr 2026-cı il.
Reuters/State Emergency Service of Ukraine

Polşa ilə həmsərhəd olan Ukraynanın şimal-qərbindəki Volın vilayətində qida emalı müəssisəsinə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində bir nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Bu barədə vilayətin qubernatoru Roman Romanyuk məlumat verib.

Rəsmilərin bildirdiyinə görə, digər hücumlar zamanı azı iki ticarət mərkəzi hədəfə alınıb. Onlardan biri cəbhə xəttinə yaxın yerləşən şimaldakı Sumı şəhərində, digəri isə qonşu Rivne vilayətində yerləşir.

⦿ 14:41 | YENİLƏNİB

Bolqarıstan NATO-dan dronlara qarşı müdafiə sistemləri istəyib

Reuters

Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə bir sıra dron hücumlarından sonra müdafiəsini gücləndirmək üçün NATO-ya rəsmi müraciət edib. Sofiya ölkə ərazisinə döyüş təyyarələrinin və dronlara qarşı müdafiə sistemlərinin yerləşdirilməsini istəyib.

Bu barədə Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov məlumat verib.

Oktyabrın 13-də Bolqarıstanın Qara dəniz sahilləri yaxınlığında dron hücumuna məruz qalan ticarət gəmisi batıb. Hadisədən sonra Bolqarıstan Rusiyanın səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

“NATO-nun Baş katibinə və Müttəfiq Qüvvələrin Ali Baş Komandanına rəsmi müraciət edərək müdafiə imkanlarımızın gücləndirilməsini istəmişik. Bu, ölkəmizə əlavə hərbi qüvvələrin yerləşdirilməsini də nəzərdə tutur. Hazırda onların qərarını gözləyirik”, – Stoyanov bildirib.

⦿ 14:34 | YENİLƏNİB

Zelenski Aİ rəhbərləri ilə Ukraynaya maliyyə dəstəyini müzakirə edib

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 16-da Brüsseldə Avropa Komissiyasının və Avropa İttifaqı Şurasının prezidentləri ilə gələn il Ukraynaya ayrılacaq maliyyə yardımını müzakirə etdiyini bildirib.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının iclasında iştirak edirlər. Brüssel, Belçika, 16 oktyabr 2026-cı il.
Reuters

Hazırda Ukrayna müharibə səbəbindən ciddi büdcə böhranı ilə üzləşib. Ölkədə hərbi xərcləri qarşılamaq üçün kifayət qədər vəsait yoxdur, iqtisadi artım dayanıb. Rusiyanın müəssisələrə və infrastruktura hücumlarının artması isə dövlət büdcəsinə daxil olan gəlirlərin azalmasına səbəb olub.

⦿ 13:12 | YENİLƏNİB

Rusiya Avropa şirkətlərinin aktivlərini müvəqqəti idarəetməyə verir

Rusiya Belçika, Fransa, Almaniya və İsveç şirkətləri də daxil olmaqla, bir sıra Avropa şirkətlərinin aktivlərini dövlət nəzarətinə keçirmək üçün addımlar atıb.

“Reuters” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, həmin şirkətlərin aktivləri müvəqqəti idarəetməyə veriləcək.

Kreml bu qərarı Avropa İttifaqı (Aİ) ölkələrinin “döyüş əməliyyatlarında birbaşa iştirakı” ilə əsaslandırıb. Bununla yanaşı, Rusiya hakimiyyəti tədbirlərin müvəqqəti xarakter daşıdığını və qərarların ləğv oluna biləcəyini bildirib.

Qərarın təsir etdiyi şirkətlər arasında Fransanın döşəmə örtükləri istehsalçısı “Tarkett” və Almaniyanın qablaşdırma məhsulları istehsalçısı “Menshen” də var.

Rusiyanın Avropa şirkətlərinə qarşı bu addımı Ukrayna Prezidenti Volodimir Zelenskinin oktyabrın 16-da Aİ Şurasının iclasında iştirakından əvvəl atılıb.

⦿ 13:00 | YENİLƏNİB

Rusiya ukraynalı dron operatorunu və xarici könüllüləri qiyabi həbsə məhkum edib

Rusiyada ukraynalı dron operatoru, eləcə də Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən Britaniya və Gürcüstandan olan könüllülər qiyabi olaraq 13 il 6 aydan ömürlük həbsədək müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 16-da keçirdiyi mətbuat konfransında ukraynalı dron operatorunun Rusiya ərazisində “terror fəaliyyəti” ilə məşğul olduğunu iddia edib.

Zaxarovanın sözlərinə görə, məhkum edilən Britaniya vətəndaşları Aleksandr Moss və Ceyms Riçard Teylor, Gürcüstandan olan könüllü isə Tornike İremaşvilidir.

⦿ 12:09 | YENİLƏNİB

Ursula fon der Lyayen: “Rusiya müharibəni dayandırmayana qədər sanksiyaları ləğv etməyəcəyik”

Reuters

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) Şurasının iclası ərəfəsində bildirib ki, ittifaq Ukraynaya dəstəyini davam etdirəcək və Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək.

Antonio Koşta, Volodimir Zelenski və Ursula fon der Lyayen Avropa İttifaqı Şurasının iclasına gedirlər. Brüssel, Belçika, 16 oktyabr 2026-cı il.
Reuters

⦿ 11:54 | YENİLƏNİB

Rusiyada qaz kəmərindəki partlayış Özbəkistana yanacaq tədarükünə təsir etməyib

Rusiyada “Mərkəzi Asiya – Mərkəz” qaz kəmərində baş verən partlayış Özbəkistana yanacaq tədarükünə təsir etməyib. Özbəkistanın Energetika Nazirliyinin məlumatına görə, proses mövcud müqavilələrə uyğun davam edir və heç bir fasilə yaranmayıb.

Partlayış oktyabrın 13-də Rusiyanın Penza vilayətində baş verib. Hadisədən sonra kəmərin fəaliyyəti müvəqqəti dayandırılıb.

⦿ 11:35 | SON DƏQİQƏ

Andris Kulberqs: “Aİ ölkələri Ukraynanın ittifaqa üzvlüyünü dəstəkləyir”

Reuters

Latviyanın Baş naziri Andris Kulberqs Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Şurasının iclasının ikinci günü ərəfəsində bildirib ki, üzv ölkələr Ukraynanın Aİ-yə qəbul edilməsi məsələsində həmrəydirlər.

⦿ 11:30 | YENİLƏNİB

Rusiyanın hücumları nəticəsində Ukraynada 370 min nəfər işıqsız qalıb

Reuters

Rusiyanın dronlarla Ukraynanın şimal-qərbində, Polşa ilə həmsərhəd Volın vilayətinə endirdiyi zərbələr nəticəsində 370 min nəfər işıqsız qalıb, iki nəfər yaralanıb. Bu barədə vilayətin qubernatoru Roman Romanyuk “Telegram” kanalında məlumat verib.

Ukrayna Milli Polisinin məlumatına görə, ölkənin mərkəzindəki Uman şəhərində dronların yaşayış binasını vurması nəticəsində daha beş nəfər yaralanıb.

Özəl enerji şirkəti DTEK isə “X” platformasında bildirib ki, Rusiyanın hücumları zamanı paytaxt Kiyevdə elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq olunub.

⦿ 10:21 | YENİLƏNİB

Ukraynada gecə hücumlarının fəsadlarını əks etdirən fotolar

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yayımladığı fotolarda Rusiyanın ölkənin mərkəzindəki Çerkası vilayətinə gecə saatlarında endirdiyi zərbələrin fəsadları əks olunub.

Qurumun məlumatına görə, hücumlar nəticəsində yaranan bütün yanğınlar söndürülüb.

Yanğınsöndürən baş verən yanğını söndürməyə çalışır. Çerkası şəhəri, Ukrayna, 16 oktyabr 2026-cı il.
Ukraine's State Emergency Service
Yanğınsöndürən hadisə yerini nəzərdən keçirir. Çerkası şəhəri, Ukrayna, 16 oktyabr 2026-cı il.
Ukraine's State Emergency Service
Rusiyanın zərbələrindən sonra yaralı kişi təhlükəsiz yerə aparılır. Çerkası şəhəri, Ukrayna, 16 oktyabr 2026-cı il.
Ukraine's State Emergency Service

⦿ 09:19 | YENİLƏNİB

Rusiya yük gəmisini və logistika mərkəzini vurduğunu bildirib

Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında yaydığı məlumata görə, Rusiya ordusu ötən gecə Ukraynanın cənub-qərbindəki Teplodar şəhərində yerləşən böyük logistika mərkəzini məhv edib.

Nazirlik həmçinin Rusiya qüvvələrinin Ukraynanın cənub-qərbindəki Odessa limanına hərbi yüklər daşıyan gəmini vurduğunu bildirib.

⦿ 09:14 | YENİLƏNİB

Tramp Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarını bərpa etməsini “utancverici hal” adlandırıb

Reuters

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları bərpa etməsini “utancverici hal” adlandırıb. O bildirib ki, bu hücumlar dünya bazarında enerji qiymətlərinin yüksək qalmasına səbəb olur. Tramp bu fikirləri oktyabrın 15-də yayımlanan “Newsmax” telekanalına müsahibəsində səsləndirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Trampın elan etdiyi enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı atəşkəsə artıq əməl etməyəcəklərini bildirib. Bundan sonra Ukrayna Rusiyanın neft emalı zavodlarından birinə zərbə endirib.

Zelenski həmçinin Trampın Moskva ilə razılaşmalar əldə etməyə hazır olmasını tənqid edib.

ABŞ Prezidenti Donald Tramp Ağ Evin Qızılgül bağında təşkil olunan nahar zamanı çıxış edir. Vaşinqton, ABŞ, 15 oktyabr 2026-cı il.
Reuters

“Onun bütün etdikləri dünya bazarında neftin qiymətini artırmaqdır. Məncə, bu, utancverici haldır”, – Tramp deyib.

ABŞ Prezidenti bu açıqlamanı Ukraynanın Moskvanın cənub-şərqində yerləşən və paytaxtın yanacaqla təminatında rol oynayan “Rosneft” şirkətinə məxsus neft emalı zavoduna hücumundan sonra verib.

“Zərbə endirilə biləcək çoxlu hədəf var. Amma həm bizim, həm də bütün dünyanın ehtiyacı olan dizel yanacağını istehsal edən zavodları vurmaqla o, dünyaya heç bir yaxşılıq etmir”, – Tramp əlavə edib.

⦿ 08:20 | YENİLƏNİB

Mənbə: “Ukraynada peyk internetinin məhdudlaşdırılması göstərişi Ağ Evdən verilib”

Reuters

“Reuters”in məlumatına görə, Ukrayna ordusunun rabitə və dron əməliyyatlarında istifadə etdiyi peyk internet xidmətinin məhdudlaşdırılması göstərişi Ağ Evdən verilib. Agentlik bu barədə ABŞ-nin iki rəsmisinə və məsələdən xəbərdar olan bir Qərb rəsmisinə istinad edib.

Mənbələrin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin rəhbərliyinə Ukrayna ordusunun istifadə etdiyi “SpaceX” şirkətinin “Starshield” peyk internet xidmətinin sürətini azaltmaq barədə göstəriş verilib.

Ukrayna hərbçiləri “Starlink” peyk internet sistemini quraşdırırlar. Pokrovsk şəhəri, Donetsk vilayətinin yaxınlığı, Ukrayna, 10 aprel 2025-ci il.
Reuters

Adlarının açıqlanmasını istəməyən rəsmilər qərarın Ağ Evdə kim tərəfindən verildiyini və onun icrasına kimin cavabdeh olduğunu bildirməyiblər.

“Starshield” “Starlink” peyk internet xidmətinin hərbi məqsədlər üçün hazırlanmış versiyasıdır. Bu xidmətdən ən geniş istifadə edən qurum Pentaqondur.

Ukraynalı rəsmilər bu həftə bildiriblər ki, yüksək sürətlə hərəkət edən obyektlərə quraşdırılmış hərbi təyinatlı “Starlink” qəbulediciləri işləməyib. Bu isə Ukrayna ərazisində həmin qurğulardan istiqamətləndirmə sistemi kimi istifadə edən dronların fəaliyyətini çətinləşdirib.

Ukrayna Müdafiə Nazirliyindəki mənbə oktyabrın 15-də bildirib ki, qəbuledicilərin fəaliyyəti bərpa olunub. Lakin onlar hərəkət zamanı yalnız saatda 160 kilometrədək sürətdə işləyir.

⦿ 08:05 | YENİLƏNİB

ABŞ mediası: Ukraynanın cəmi iki “Patriot” raketi qalıb

Ukraynanın “Patriot”  hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları kritik həddə düşüb. Bu isə ölkənin Rusiyanın davam edən hücumlarından müdafiəsini çətinləşdirir.

“The Washington Post” qəzeti bu barədə Ukrayna rəsmisinə və vəziyyət barədə məlumatlı olan digər bir şəxsə istinadən xəbər verib.

“Patriot” sistemləri üçün nəzərdə tutulan raketlər Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi ballistik raketləri etibarlı şəkildə zərərsizləşdirə bilən yeganə vasitə hesab olunur.

Nəşrə müsahibə verən ukraynalı rəsminin sözlərinə görə, ölkənin ehtiyatında cəmi iki “Patriot” raketi qalıb.

Ukrayna və Yaxın Şərqdəki münaqişələrdə geniş istifadə olunması səbəbindən bu raketlərin dünya üzrə ehtiyatları da kəskin azalıb.

Teqlər