Birləşmiş Krallıqda sifarişli qətl planına görə norveçli gəncə 20 il həbs verilib

Birləşmiş Krallıqda sifarişli qətl planına görə norveçli gəncə 20 il həbs verilib
Vulviç Kral Məhkəməsində 20 il müddətinə azadlıqdan məhrum edilən 19 yaşlı Yohannes Natland. Çəkilmə tarixi məlum olmayan foto 16 oktyabr 2026-cı ildə yayımlanıb.
Metropolitan Police

İsveçdə fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmanın sifarişli qətl törətmək üçün Birləşmiş Krallığa göndərdiyi norveçli gənc 20 il müddətinə azadlıqdan məhrum edilib.

19 yaşlı Yohannes Natland 2025-ci ilin martında İngiltərənin şimalındakı Haddersfild şəhərində qaldığı hotel otağında saxlanılıb.  Natland iyulda keçirilən təkrar məhkəmə prosesində qətl törətmək məqsədilə cinayətkar sövdələşmədə iştirak etməkdə təqsirli bilinib. Hökm oktyabrın 16-da Vulviç Kral Məhkəməsində elan olunub.

Prokurorluğun məlumatına görə, Natlandı bu işə İsveçdə fəaliyyət göstərən “Foxtrot Network” cinayətkar şəbəkəsi cəlb edib. Qruplaşma İranla əlaqələrinə görə Birləşmiş Krallıq və ABŞ-nin sanksiyalarına məruz qalıb.

Bununla belə, yerli terrorla mübarizə polisi bu cinayət işinin İranla birbaşa əlaqəsini təsdiqləyən sübut tapılmadığını bildirib.

Qətl törətmək üçün 28 min dollar vəd edilib

Natlanda qətl törətmək müqabilində 270 min Norveç kronu (təxminən 28 min ABŞ dolları) təklif olunub. O, 18 yaşını yenicə tamamladıqdan sonra, 2025-ci il martın 17-də Norveçin Stavanger şəhərindən Mançesterə uçub. Əvvəlki pasportunun etibarlılıq müddəti bitdiyi üçün təcili qaydada verilmiş yeni pasportdan istifadə edib.

Natland aldığı göstərişə əsasən, Haddersfilddəki hotelə gedib. Orada onun üçün odlu silahlar, döyüş sursatı, nağd pul və saxta dövlət qeydiyyat nişanları olan oğurlanmış avtomobil hazırlanmışdı. İstintaqın məlumatına görə, o, iki odlu silah və 19 patronu götürdükdən sonra otağına qayıdıb.

Norveç polisi Natlandı cinayətə cəlb etməkdə şübhəli bilinən yeniyetməni saxlayıb. Onun telefonunda qətl planı ilə bağlı yazışmalar aşkar edilib. Bundan sonra polis əməliyyata başlayıb. Qətlə yetirilməsi planlaşdırılan şəxsin kimliyi isə indiyədək müəyyən edilməyib.

Məhkəmədə Natland yarımavtomatik tapança, revolver və döyüş sursatı saxladığını etiraf etsə də, qətl törətmək üçün əlbir olmaq ittihamını rədd edib. O, heç kimi öldürmək niyyətində olmadığını və başqalarına təsir göstərmək üçün planlarını şişirtdiyini iddia edib.

Hakim cinayətkar şəbəkənin fəaliyyətindən danışıb

Hökmü elan edən hakim Çima-Qrabb bildirib ki, şəbəkə özünü hücumlardan kənarda göstərərək gəncləri zorakılıq cinayətlərinə cəlb etmək üsulu formalaşdırıb.

“Siz bu cinayəti törətməyə razılıq vermisiniz. Geri çəkilmək üçün dəfələrlə imkanınız olsa da, planınızı həyata keçirməyə çalışmısınız. Siz cinayətin icraçısı olmağa razılaşmış və geri çəkilmək üçün dəfələrlə imkanınız olsa da, bu məqsədin ardınca getmisiniz”, – hakim Natlanda müraciətində deyib.

Natlandın vəkili Pol Hayns bildirib ki, müvəkkilinin narkotik vasitələrdən istifadəsi onun psixi sağlamlığına mənfi təsir göstərib və düşünülmüş qərarlar qəbul etmək qabiliyyətini zəiflədib. Natland əvvəllər demək olar ki, hər gün narkotik vasitə qəbul etdiyini və bunun nəticəsində psixoz keçirdiyini bildirmişdi.

Londonun Terrorla Mübarizə Polisinin rəhbəri Helen Flanaqan qətlə yetirilməsi planlaşdırılan şəxsin kimliyinin hələ də müəyyənləşdirilmədiyini açıqlayıb.

Onun sözlərinə görə, “Foxtrot Network” İran hökumətinin tapşırığı ilə Avropada yəhudilərə və İsrailə aid hədəflərə qarşı zorakılıq aktları təşkil etdiyinə görə Birləşmiş Krallıq və ABŞ-nin sanksiyalarına məruz qalıb.

Flanaqan əlavə edib ki, polis Birləşmiş Krallığa qarşı düşmən mövqedə dayanan dövlətlərin ölkə ərazisində cinayətlər törətmək cəhdlərinin qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək.

Məhkəmənin qərarına əsasən, Natland 20 illik həbs cəzasının ən azı üçdə ikisini həbsxanada keçirməlidir.

Teqlər