Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb

Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb
Reuters

Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərmi ilə vurulub.

⦿ 20:20 | YENİLƏNİB

Livan danışıqları: Aun Floridada ABŞ və İsraillə üçtərəfli görüşdə iştirak ediləcəyini bildirib

Reuters

Livan Prezidenti Cozef Aun oktyabrın 17-də bildirib ki, Livan nümayəndə heyəti oktyabrın 20-də ABŞ-nin Florida ştatında ABŞ və İsrail nümayəndələri ilə keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək.

Aun Livanın çərçivə sazişinə uyğun nəticələr əldə etməyə çalışacağını qeyd edib.

ABŞ Prezidenti Donald Tramp Livan Prezidenti Cozef Aunla Ağ Evdə görüşür. Vaşinqton, ABŞ, 21 iyul 2026-cı il.
Reuters

⦿ 20:00 | YENİLƏNİB

İranın nüvə proqramı: Heqset Tehranın razılaşma ilə dağıdıcı zərbə arasında seçim etməli olduğunu bildirib

Anadolu

ABŞ-nin müdafiə naziri Pit Heqset oktyabrın 17-də bildirib ki, İran tezliklə danışıqlar masasında nüvə ambisiyalarından imtina etmək və ya ABŞ-nin dağıdıcı hərbi əməliyyatları ilə üzləşmək arasında seçim etməli olacaq.

Tennessi Universitetində çıxış edən Heqset Tehranı böyük raket arsenalı yaratmaqda, Livandakı “Hizbullah” təşkilatını və Yəməndəki husiləri maliyyələşdirməkdə də ittiham edib.

ABŞ-nin müdafiə naziri Pit Heqset Böyük Britaniyanın müdafiə naziri Ues Stritinqin Pentaqona səfəri zamanı. Arlinqton, Virciniya ştatı, ABŞ, 15 oktyabr 2026-cı il.
Reuters

⦿ 19:20 | YENİLƏNİB

Bağdadda “Həşdi-Şəbi”nin qərargahında partlayış: Bir nəfər həlak olub

Reuters

Oktyabrın 17-də İraqın paytaxtı Bağdadda “Həşdi-Şəbi” (Xalq Səfərbərlik Qüvvələri) hərbiləşdirilmiş birləşməsinin qərargahında baş verən partlayış nəticəsində qurumun bir üzvü həlak olub, dörd nəfər yaralanıb.

“Reuters” agentliyi bu barədə təhlükəsizlik və tibb mənbələrinə istinadən məlumat yayıb.

Birləşmə daha əvvəl istismar müddəti bitmiş döyüş sursatlarının saxlanıldığı anbarda partlayış baş verdiyini açıqlayıb.

⦿ 19:00 | YENİLƏNİB

Husi hücumları: Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya dörd dronu vurub

Anadolu

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya oktyabrın 17-də bir neçə saat ərzində ölkənin Ər-Riyad, Şərq və Cənub bölgələri üzərində dörd dronun ələ keçirilərək məhv edildiyini açıqlayıb.

Koalisiyanın sözçüsü Turki əl-Maliki bu barədə “X” sosial şəbəkəsində məlumat verib. O, əlavə təfərrüat açıqlamayıb.

İyuldan bəri Yəməndə döyüşlər şiddətlənib və hərbi əməliyyatlar Səudiyyə Ərəbistanı ərazisinə də yayılıb. Husilər ölkədə hava limanları da daxil olmaqla enerji və aviasiya obyektlərini hədəfə alıblar.

⦿ 18:46 | YENİLƏNİB

Yəməndə husilər 159 nəfəri azad ediblər

Anadolu

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) oktyabrın 17-də yaydığı məlumata görə, Yəməndə husilər bu yaxınlarda saxladıqları 159 nəfəri azad ediblər.

Komitə saxlanılan şəxslərin birtərəfli qaydada azad edilməsinə dəstək verdiyini, lakin kimlərin azad olunacağına dair qərarın qəbulunda iştirak etmədiyini bildirib. Qurum qeyd edib ki, bu proses BMT-nin dəstəyi ilə 2018-ci ildə əldə olunmuş Stokholm razılaşmasının əhatə dairəsinə daxil deyil.

Husilərin açıqlamasına görə, azad edilən şəxslər döyüşmədən təslim olublar və amnistiya əsasında sərbəst buraxılıblar.

Bu addım husilərlə Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə sadiq qüvvələr arasında döyüşlərin yenidən şiddətləndiyi bir vaxtda atılıb. Hökumət qüvvələrini Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya dəstəkləyir.

⦿ 18:00 | YENİLƏNİB

İran Hörmüz boğazı ilə bağlı ABŞ-nin qərarını gözləyir

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Hörmüz boğazının yenidən açılması üçün hazırladığı yeddi günlük planı Qətər vasitəsilə ABŞ-yə təqdim edib. Onun sözlərinə görə, indi qərar vermək növbəsi ABŞ-dədir.

Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısında çıxış edən Əraqçi ABŞ-nin hərbi əməliyyatlarını və sanksiyalarını tənqid edib. Nazirin fikrincə, davam edən təhdidlər və hücumlar vasitəsilə dənizdə təhlükəsizliyi bərpa etmək mümkün deyil. “Keçmiş səhvləri və cinayətləri təkrarlamaqla təhlükəsizliyi bərpa etmək mümkün deyil”, – deyə Əraqçi bildirib.

Nazir qeyd edib ki, İran öz suverenliyini və milli maraqlarını müdafiə etməyə, eyni zamanda sülhə nail olmaq üçün səylərini davam etdirməyə sadiqdir. “Hüquqlarımızı müdafiə etməklə sülhə nail olmağa çalışmaq arasında heç bir ziddiyyət yoxdur. Biz müharibənin vurduğu zərəri dərk edirik və məhz buna görə sülhə dəyər veririk”, – deyə Əraqçi bildirib.

⦿ 17:30 | YENİLƏNİB

İran Səudiyyə Ərəbistanı ilə Yəmən arasında münaqişənin həllinə yardım təklif edib

İran Səudiyyə Ərəbistanı ilə Yəmən arasındakı münaqişənin başa çatdırılmasına yardım etməyə hazırdır. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Telegram” kanalında paylaşdığı bəyanatda bildirib.

Əraqçi Bağdadda Misirin xarici işlər naziri Bədr Əbdülati ilə görüşündə 12 ildir davam edən münaqişənin Yəmən böhranının hərbi yolla həllinin mümkün olmadığını göstərdiyini deyib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının sessiyası çərçivəsində keçirilən görüşdə tərəflər ikitərəfli münasibətləri və regiondakı son hadisələri müzakirə ediblər.

⦿ 17:00 | YENİLƏNİB

ABŞ sanksiyaları səbəbindən İranın Pakistana ixracı müvəqqəti dayandırılıb

ABŞ-nin İranın bank sisteminə tətbiq etdiyi sanksiyalar səbəbindən bu ölkənin Pakistana ixracı müvəqqəti dayandırılıb. Pakistandan İrana idxal isə davam edir. Bu barədə Tehran Ticarət Palatasının Nəqliyyat Komissiyasının rəhbəri Peyman Sənəndəci məlumat verib.

Onun sözlərinə görə, bank məhdudiyyətləri maliyyə əməliyyatlarını çətinləşdirərək iranlı ixracatçılar və pakistanlı idxalçılar üçün problemlər yaradıb. Sənəndəci bildirib ki, Pakistandan idxalın davam etməsi Pakistan tərəfinin əməkdaşlığından asılı olacaq.

O, xəbərdarlıq edib ki, bank məhdudiyyətləri davam edərsə, İranın Pakistana ixracı dayandırılmış vəziyyətdə qala bilər.

⦿ 15:00 | SON DƏQİQƏ

SEPAH: FARS KÖRFƏZİNDƏ İKİNCİ SUPERTANKER MİNAYA DÜŞÜB

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, oktyabrın 17-də səhər saatlarında Fars körfəzində daha bir supertanker alovlanıb.

SEPAH-ın açıqlamasına görə, tankerdə 2 milyon bareldən çox xam neft olub.

“Gəmi bütün naviqasiya və radar sistemlərini söndürərək icazə verilməyən marşrutla hərəkət etməyə çalışıb. Minaya dəydikdən sonra mühərrik bölməsində güclü partlayış baş verib və qaydaları pozan gəmi hərəkətsiz qalıb”, – deyə açıqlamada bildirilib.

SEPAH-ın iddiasına görə, bu, son saatlarda minaya dəyən ikinci supertankerdir. Bundan əlavə, oktyabrın 16-da Hörmüz boğazından keçməyə çalışan daha iki tankerə zərbə endirildiyi barədə məlumat yayılıb.

⦿ 14:30 | YENİLƏNİB

SEPAH Hörmüz boğazının bağlı qaldığını bir daha bəyan edib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının bütün ölkələrin gəmiləri üçün bağlı qaldığını bəyan edib. Bu barədə İranın dövlət xəbər agentliyi məlumat yayıb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri İranın tətbiq etdiyi məhdudiyyətləri pozan gəmiləri mümkün nəticələrlə bağlı xəbərdar edib. Qurum daha əvvəl boğazda dəniz minasına toxunduqdan sonra yandığı bildirilən supertankerə istinad edib.

Bu xəbərdarlıq oktyabrın 16-dan etibarən Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında azı iki tankerin zərbəyə məruz qalması barədə məlumatlar fonunda səsləndirilib.

⦿ 14:00 | YENİLƏNİB

Misir Prezidenti Səudiyyə Ərəbistanının təhlükəsizliyini qorumaq üçün istənilən tədbiri görməyə hazır olduğunu bildirib

Anadolu

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi oktyabrın 17-də ölkəsinin Səudiyyə Ərəbistanının təhlükəsizliyini və suverenliyini qorumaq üçün Ər-Riyadın tələb edəcəyi istənilən tədbiri görməyə hazır olduğunu bildirib. Bu barədə Misirin dövlətə məxsus “Əl-Əhram” nəşri məlumat yayıb.

Yeni İnzibati Paytaxtda yerləşən Misir Hərbi Akademiyasında çıxış edən Əs-Sisi bildirib ki, Ər-Riyaddan belə bir müraciət daxil olarsa, müvafiq addımların atılmasına icazə verilməsi üçün parlamentin fövqəladə iclasının çağırılmasını istəyəcək. O, Misirin Fars körfəzindəki qonşu ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə hazır olduğunu vurğulayıb.

Əs-Sisinin açıqlaması husilərin Səudiyyə Ərəbistanının enerji və aviasiya obyektlərinə ardıcıl hücumları fonunda səsləndirilib.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi birgə mətbuat konfransında çıxış edir. Cakarta, İndoneziya, 11 oktyabr 2026-cı il.
Reuters

⦿ 13:40 | YENİLƏNİB

Bağdadda İƏT-in 52-ci sessiyası keçirilib

Anadolu

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirləri oktyabrın 17-də Bağdadda təşkilatın 52-ci sessiyası çərçivəsində bir araya gələrək regional böhranları, Fələstin məsələsini və üzv dövlətlər arasında əməkdaşlığı müzakirə ediblər. İƏT-in Baş katibi İsmayıl Vələd Şeyx Əhməd husilərin son vaxtlar Səudiyyə Ərəbistanına hücumlarını krallığın suverenliyinin kobud şəkildə pozulması kimi pisləyib.

⦿ 13:20 | YENİLƏNİB

Səudiyyə Ərəbistanında terrorla əlaqəli cinayətlərə görə beş nəfər edam edilib

Reuters

Səudiyyə Ərəbistanında terrorla əlaqəli cinayətlərdə təqsirli bilinən beş vətəndaş oktyabrın 17-də edam edilib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, ittihamlar arasında terror təşkilatı kimi tanınan xarici quruma qoşulmaq, təhlükəsizlik qüvvələrinə hücum etmək və ölkə daxilində hücumlara dəstək vermək yer alıb.

⦿ 13:00 | YENİLƏNİB

Yəmən qüvvələri Taizdə husilərin hücumlarını dəf edib

Yəmən hökumət qüvvələri Taiz vilayətinin cənub-şərqində husilərin səkkiz saatdan çox davam edən hücumlarını dəf etdiklərini açıqlayıb. 

Mühasirə Məsələləri İdarəsinin məlumatına görə, bu gün husilərin şəhərə hücumları nəticəsində üç mülki şəxs həlak olub, beş nəfər yaralanıb.

⦿ 12:42 | SON DƏQİQƏ

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb

Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, Səudiyyə Ərəbistanının Əl-Cübeyl şəhərindən təxminən 78 dəniz mili şimal-şərqdə tanker hücuma məruz qalıb. Kiçik qayıqdan tankere reaktiv qumbaraatanla (RPG) atəş açılıb.

Hücum nəticəsində tankerin arxa sol hissəsinə ziyan dəyib. Ekipajın bütün üzvlərinin sağ-salamat olduğu və yerində olduğu bildirilib. Gəmiyə dəyən ziyanın miqyası və hücumun ətraf mühitə mümkün təsirləri hələlik məlum deyil.

⦿ 12:35 | YENİLƏNİB

Səudiyyə Ərəbistanında iki şəhərdə təhlükəsizlik xəbərdarlığı edilib

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi Yəmən sərhədi yaxınlığında, ölkənin cənub-qərbindəki Əsir bölgəsində yerləşən Xamis-Müşeyt və Əbha şəhərlərində mümkün təhlükə ilə bağlı qısamüddətli erkən xəbərdarlıq yayıb. Qurum daha sonra təhlükənin sovuşduğunu elan edib.

⦿ 12:30 | YENİLƏNİB

Yaxın Şərqdəki münaqişə fonunda neft bahalaşıb

Yaxın Şərqdə gərginliyin artmasının qlobal neft təchizatını daha da məhdudlaşdıra biləcəyi ilə bağlı narahatlıqlar fonunda “Brent” markalı neftin qiyməti may ayından bəri ilk dəfə bir barel üçün 110 dollar həddinə çatıb.

Oktyabrın 16-da “Brent” markalı neftin fyuçers müqavilələrinin qiyməti 3,94 dollar və ya 3,7 faiz artaraq bir barel üçün 109,86 dollar olub. Bu, may ayından bəri ən yüksək bağlanış qiymətidir.

Enerji bazarları üzrə araşdırma və konsaltinq şirkəti “Energy Aspects” bildirib ki, Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumlarla bağlı təsdiqlənməmiş məlumatların yayılmasından sonra gərginliyin daha da artacağına dair narahatlıqlar yenidən güclənib. Nəticədə neft qiymətləri əvvəlki itkilərini bərpa edərək yüksəlib.

⦿ 10:54 | YENİLƏNİB

İranın XİN başçısı İƏT-in iclasında iştirak etmək üçün Bağdada gedib

İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasında iştirak etmək üçün Bağdada gedib. İraq 45 ildən sonra ilk dəfə bu tədbirə ev sahibliyi edir.

Oktyabrın 17–18-də keçirilən sessiyada Qəzzadakı vəziyyət, İordan çayının işğal altındakı qərb sahilində baş verən hadisələr, regional təhlükəsizlik və islamofobiya ilə mübarizə məsələlərinin müzakirə olunacağı gözlənilir.

Sessiya ABŞ və İsrailin İrana qarşı apardığı müharibə, eləcə də Yəməndə döyüşlərin intensivləşməsi fonunda keçirilir. Regionda artan gərginlik təhlükəsizlik və enerji təchizatı ilə bağlı narahatlıqları gücləndirir.

⦿ 10:08 | YENİLƏNİB

Yəməndə husilərin hücumu nəticəsində bir qadın ölüb, beş mülki şəxs yaralanıb

Yəmənin Taiz şəhərinin cənub-şərqində yerləşən Sabir əl-Məvadim rayonunda husilərin açdığı bildirilən artilleriya və snayper atəşi nəticəsində bir qadın həlak olub, beş mülki şəxs yaralanıb.

Bu barədə Yəmənin dövlət xəbər agentliyi SABA məlumat yayıb.

Agentlik Taiz İnsan Hüquqları Mərkəzinə istinadən bildirib ki, hücum zamanı əş-Şəqab bölgəsindəki yaşayış evləri və kəndlər hədəfə alınıb.

Teqlər