İndoneziyadakı meşə yanğınları Sinqapurda havanı çirkləndirib

İndoneziyadakı meşə yanğınları Sinqapurda havanı çirkləndirib
Meşə yanğınlarının tüstüsü ilə çirklənmiş havada maska taxaraq velosiped sürən qadın. Sinqapur, 16 oktyabr 2026-cı il.
Reuters

İndoneziyanın Kalimantan bölgəsində baş verən meşə yanğınlarının tüstüsü Sinqapura yayılıb. Nəticədə ölkədə havanın keyfiyyəti kəskin pisləşib, gündəlik həyat və müəssisələrin fəaliyyəti çətinləşib.

Hökumətin məlumatına görə, sentyabrın 4-də ölkədə havanın keyfiyyəti son üç ildə ilk dəfə sağlamlıq üçün zərərli səviyyəyə düşüb.

Oktyabrın 18-də yerli vaxtla saat 17:00-a olan məlumata əsasən, Sinqapurun bütün bölgələrində havanın keyfiyyəti sağlamlıq üçün zərərli səviyyədə qalıb. Havanın çirklənmə səviyyəsini göstərən 24 saatlıq PSI indeksi 112–197 arasında dəyişib.

Tüstü hava nəqliyyatına da təsir göstərib. Sinqapurun Mülki Aviasiya İdarəsi və Çanqi Hava Limanı Qrupunun məlumatına görə, görmə məsafəsinin azalması səbəbindən oktyabrın 5-dən 11-dək Seletar hava limanına enməli olan 16 təyyarə ehtiyat tədbiri kimi digər hava limanlarına yönləndirilib.

Havanın çirklənməsi restoran və barların fəaliyyətinə də təsir edib. Açıq havada xidmət göstərən müəssisələrdə müştərilərin sayı azalıb. Bəzi restoranlarda əvvəlcədən edilmiş yer sifarişləri ləğv olunub. Açıq havada fəaliyyət göstərən iaşə mərkəzlərində də satışların azaldığı bildirilir.

“Marina Bay Sands” kompleksinin sözçüsü bildirib ki, açıq havada uzun müddət qalmağı tələb edən bəzi fəaliyyətlər müvəqqəti dayandırılıb. Otel qonaqları maskalar və hava təmizləyici cihazlarla təmin edir.

Sinqapurun rəqəmsal inkişaf və informasiya naziri Cozefin Teonun sözlərinə görə, hökumət vəziyyətlə bağlı tədbirləri bir neçə həftə əvvəl planlaşdırmağa başlayıb. Bu tədbirlərə ehtiyacı olan şəxslərə maskaların paylanması və İndoneziyaya yardım göstərilməsi də daxildir.

Sinqapur yeddi şirkətə qabaqlayıcı bildiriş göndərib

Sinqapurun Milli Ətraf Mühit Agentliyi oktyabrın 16-da havanın tüstü ilə çirklənməsi ilə əlaqədar yeddi şirkətə qabaqlayıcı tədbirlərin görülməsinə dair bildiriş göndərib.

Transsərhəd tüstü çirklənməsi haqqında qanuna (THPA) əsasən, şirkətlər yanğınların söndürülməsi və yayılmasının qarşısının alınması üçün ərazilərə yanğınsöndürənlər göndərməli, həmin torpaqlarda hər hansı yandırma işlərini dayandırmalıdırlar.

Şirkətlər həmçinin mövcud yanğınların söndürülməsi və təkrar baş verməsinin qarşısının alınması üçün görüləcək tədbirləri əks etdirən fəaliyyət planları təqdim etməlidirlər.

2014-cü ilin sentyabrında qəbul edilən qanun Sinqapura ölkə xaricindəki fəaliyyəti nəticəsində havanın tüstü ilə çirklənməsinə səbəb olan və ya çirklənməni artıran şirkətlərə qarşı tədbir görmək səlahiyyəti verir.

Qanun tüstü nəticəsində Sinqapurun hər hansı bölgəsində PSI göstəricisinin azı 24 saat ərzində 101 və ya daha yüksək səviyyədə qaldığı hallara şamil edilir.

Milli Ətraf Mühit Agentliyi transsərhəd tüstü çirklənməsinə görə məsuliyyət daşıdığı müəyyən edilən şirkətlərə qarşı qanunvericiliyə uyğun tədbirləri davam etdirəcəyini bildirib.

Malayziya regional əməkdaşlığa çağırıb

Meşə yanğınlarının tüstüsü qonşu Malayziyaya da yayılıb. Bu, region ölkələri arasında əməkdaşlığın gücləndirilməsi çağırışlarına səbəb olub.

Malayziyanın ikinci maliyyə naziri Əmir Həmzə Əzizan bildirib ki, vəziyyətin pisləşməsi Cənub-Şərqi Asiya ölkələrinin birgə tədbirlər görməsini zəruri edir.

“Bu məsələ ASEAN çərçivəsində həll olunmalıdır”, – deyə nazir bildirib.

Malayziya yanğınlarla mübarizəyə yardım məqsədilə yanğınsöndürən təyyarələr və digər vasitələr göndərməyi təklif edib.

Teqlər