canlı Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına hücumlara görə tənqid edib

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına hücumlara görə tənqid edib
Polis əməkdaşları Rusiyanın raket zərbəsinə məruz qalan fitness klubunun binasına baxış keçirirlər. Kiyev, Ukrayna, 19 oktyabr 2026-cı il.
Reuters

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın enerji obyektlərinə hücumları davam etdirdiyinə görə tənqid edib. Eyni zamanda, Rusiyanın oktyabrın 19-na keçən gecə Kiyevə endirdiyi zərbələr nəticəsində azı bir nəfər ölüb, metro stansiyasına ziyan dəyib.

⦿ 22:35 | YENİLƏNİB

Zelenski “Lockheed Martin”lə “Patriot”ların çatdırılmasının sürətləndirilməsini müzakirə edib

Reuters

Volodimir Zelenski Rusiyanın balistik raket hücumlarının qarşısını almaq üçün Ukraynanın bel bağladığı “Patriot” hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını sürətləndirmək məqsədilə “Lockheed Martin” şirkətinin nümayəndələri ilə danışıqlar apardığını bildirib.

“Telegram” hesabındakı paylaşımında Zelenski vurğulayıb ki, “Patriot” sistemləri və F-16 qırıcıları Ukraynanı Rusiya raketlərindən və reaktiv mühərrikli dronlardan qorumaqda həyati əhəmiyyət kəsb edir.

O əlavə edib ki, cəbhədə artan təzyiqlər fonunda müzakirələr gələcək təchizatların genişləndirilməsi və sürətləndirilməsi üzərində cəmlənib.

⦿ 21:44 | YENİLƏNİB

Roma Papası və Zelenski Rusiyanın nəzarətində olan Oleşkiyə yardım çatdırılmasını müzakirə ediblər

Reuters

Roma Papası XIV Leo Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında onu Rusiya ilə əməkdaşlığa çağırıb. Papa Ukraynanın Rusiyanın nəzarətində olan Oleşki bölgəsinə humanitar yardım çatdırılmasına şərait yaradılmasını istəyib.

Vatikanın oktyabrın 16-da yaydığı məlumata görə, Papa Rusiya prezidenti Vladimir Putinə də müraciət edib. O, Putini Oleşkidə mühasirədə qalan minlərlə dinc sakinə ərzaq, dərman və digər zəruri ləvazimatların çatdırılması üçün humanitar atəşkəs elan etməyə çağırıb.

⦿ 16:30 | YENİLƏNİB

Rusiya rəsmisi: Ukraynanın Luqanska hücumu nəticəsində üç nəfər həlak olub

Reuters

Rusiyanın nəzarətində olan Luqansk vilayətinə Ukraynanın hücumu nəticəsində üç nəfər həlak olub. Bu barədə Moskvanın vilayətə təyin etdiyi rəhbər Leonid Paseçnik məlumat verib.

Məlumatı müstəqil mənbələr vasitəsilə təsdiqləmək mümkün olmayıb. Ukrayna rəsmiləri isə hücumla bağlı yayılan xəbərə dərhal münasibət bildirməyiblər.

⦿ 16:00 | YENİLƏNİB

Zelenski: ABŞ Ukraynaya mühüm hərbi təchizatın çatdırılmasını gecikdirir

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ ölkənin müdafiəsi üçün zəruri olan bəzi mühüm hərbi təchizatın Ukraynaya çatdırılmasını gecikdirir.

Zelenski “X” sosial şəbəkəsində paylaşım edərək gecikmələrin ABŞ Müdafiə Nazirliyi səviyyəsində baş verdiyini açıqlayıb.

O əlavə edib ki, hava hücumundan müdafiə vasitələri ilə bağlı əvvəllər razılaşdırılmış bəzi tədarüklər hələ də həyata keçirilməyib.

⦿ 15:22 | YENİLƏNİB

Peskov: “Ukraynanın iştirakı olmadan müharibəyə son qoymaq çətin olacaq”

Reuters

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukraynada müharibənin sona çatdırılmasına dair yekun razılaşmanın Kiyev nümayəndələrinin iştirakı olmadan əldə edilməsi çətin görünür.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında təklif olunan üçtərəfli görüşlə bağlı hələlik konkret razılıq əldə olunmayıb.

Kremlin sözçüsü Dmitri Peskov. Moskva, Rusiya, 9 sentyabr 2026-cı il.
Reuters

⦿ 13:30 | YENİLƏNİB

Sibiqa: “Çin, Rusiya və ABŞ liderlərinin görüşü Putini müharibəni davam etdirməyə təşviq edər”

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Çin, Rusiya və ABŞ liderlərinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün mümkün razılaşmanı müzakirə etmək məqsədilə keçirəcəyi sammit Rusiya Prezidenti Vladimir Putini müharibəni davam etdirməyə təşviq edəcək.

“Putinin belə bir görüşə dəvət edilməsi onun özünü daha da əhəmiyyətli şəxs kimi göstərmək istəyini gücləndirər və ona layiq olmadığı beynəlxalq nüfuz qazandırar. O, qlobal lider deyil, müharibə cinayətkarıdır. Rusiya isə qlobal güc deyil, qlobal problemdir”, – Sibiqa “X” sosial şəbəkəsində yazıb.

“The Wall Street Journal” qəzetinin məlumatına görə, Vladimir Putin müharibəyə son qoymaq üçün noyabrda ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə görüşməyi təklif edib. Sibiqanın açıqlaması bu məlumatın yayılmasından sonra verilib.

Sibiqa əlavə edib ki, Ukrayna, ABŞ və Rusiya liderlərinin üçtərəfli görüşü müharibənin daha tez başa çatmasına kömək edə bilər.

⦿ 13:10 | YENİLƏNİB

Zelenski: “Ukrayna Rusiyanın gecə raket hücumları barədə əvvəlcədən xəbərdarlıq almayıb”

Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində bildirib ki, tərəfdaşları Rusiyanın gecə saatlarında Ukraynaya endirdiyi ballistik raket zərbələri barədə ölkəsini yenə də əvvəlcədən xəbərdar etməyiblər.

Zelenskinin sözlərinə görə, Rusiya Kiyev və ölkənin şimal-şərqində yerləşən Xarkov şəhərinə 16 ballistik raket atıb.

O bildirib ki, hücumlar nəticəsində enerji infrastrukturu obyektlərinə, klinikaya, məktəbə və metro stansiyasına ziyan dəyib.

Prezident əlavə edib ki, Rusiyanın hücumları nəticəsində elektrik enerjisinin kəsilməsi təxminən 550 min sakinə təsir edib.

“Ukraynanın hava hücumundan müdafiəsi üçün nəzərdə tutulan raketlərin tədarükü əngəlləndiyi, eyni zamanda Rusiyaya qarşı sanksiyalar yumşaldıldığı və ya onların tətbiqi təxirə salındığı bir vaxtda bu, təəssüf ki, tərəfdaşlarımızın reallığı qəbul etməkdən imtina etməsi deməkdir”, – Zelenski bildirib.

Zelenski daha əvvəl Ukraynanın hazırda ABŞ-dən ayda cəmi 12 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi üçün tutucu raket aldığını açıqlayıb. Bu, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin vəzifədə olduğu dövrdə tədarük edilən raketlərin sayının təxminən dörddəbirinə bərabərdir.

ABŞ-nin hazırkı Prezidenti Donald Tramp oktyabrın 9-da Rusiya dizel yanacağının ABŞ-yə və beynəlxalq bazarlara idxalına imkan yaratmaq üçün sanksiyaların tətbiqini müvəqqəti dayandırıb.

⦿ 12:54 | YENİLƏNİB

Rusiyada hökumətdə kadr dəyişiklikləri: Siluanova yeni vəzifə

Reuters

Rusiyanın maliyyə naziri Anton Siluanovun hazırkı vəzifəsini saxlamaqla yanaşı, Baş nazirin müavini postuna da təyin edilməsi nəzərdə tutulur. Bu barədə oktyabrın 19-da hökumətdə planlaşdırılan kadr dəyişiklikləri ilə bağlı məlumat yayılıb.

Rusiya dövlət xəbər agentliklərinin Kremlə istinadən yaydığı məlumata görə, Prezident Vladimir Putin Baş nazir Mixail Mişustinin təklif etdiyi dəyişiklikləri dəstəkləyib.

Kadr dəyişiklikləri sentyabrda keçirilən parlament seçkilərindən sonraya təsadüf edir. Həmin seçkilər nəticəsində Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının tərkibi yenilənib.

Rusiyanın maliyyə naziri Anton Siluanov Nazirlər Kabinetinin iclasında iştirak edir. Moskva, Rusiya, 24 sentyabr 2026-cı il.
Reuters

Dəyişikliklər Rusiyanın artan büdcə kəsiri, vergilərin yüksəlməsi və faiz dərəcələrinin nisbətən yüksək qalması şəraitində iqtisadi artım üçün yeni imkanlar axtardığı bir dövrə təsadüf edir.

⦿ 11:00 | YENİLƏNİB

Rusiya Qara dənizdə yük gəmisini vurduğunu bildirib

Reuters

Rusiya Müdafiə Nazirliyi Qara dənizdə, Ukraynanın Odessa limanından cənub-qərbdə hərbi və ikili təyinatlı mallar daşıyan yük gəmisinə zərbə endirdiyini açıqlayıb.

⦿ 10:36 | YENİLƏNİB

Zelenski yaxın günlərdə ABŞ nümayəndələri ilə görüş gözləyir

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin NBC News telekanalına açıqlamasında amerikalı nümayəndələrlə danışıqların oktyabrın 20-də və ya 21-də keçirilə biləcəyini bildirib.

Zelenski əlavə edib ki, ABŞ nümayəndələri birbaşa Ukraynaya səfər edə bilməsələr, onlarla Avropada görüşməyə hazırdır.

⦿ 10:20 | YENİLƏNİB

Rusiya Kiyevə genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb

Reuters

Rusiya Müdafiə Nazirliyi qüvvələrinin Kiyev və paytaxt vilayətindəki hədəflərə “genişmiqyaslı zərbələr” endirdiyini bildirib.

Nazirliyin məlumatına görə, hücum zamanı hərbi sənaye obyektləri, qanadlı raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar, eləcə də məlumat mərkəzləri hədəf alınıb.

⦿ 10:12 | YENİLƏNİB

Fotolarda Kiyevə endirilən zərbələrin fəsadları əks olunub

Rusiyanın zərbəsi nəticəsində zədələnmiş metro stansiyası. Kiyev, Ukrayna, 19 oktyabr 2026-cı il.
Ukraine's State Emergency Service
 
Rusiyanın zərbəsi nəticəsində yaranmış çuxur. Kiyev, Ukrayna, 19 oktyabr 2026-cı il.
Ukraine's State Emergency Service
 
Rusiyanın zərbəsindən sonra yaranan dağıntılar. Kiyev, Ukrayna, 19 oktyabr 2026-cı il.
Ukraine's State Emergency Service

⦿ 10:06 | YENİLƏNİB

Polşa polisi Lublin yaxınlığında naməlum uçan obyekt axtarır

Polşa polisi ölkənin şərqində yerləşən Lublin şəhəri yaxınlığında naməlum uçan obyektin axtarışına başlayıb. Bu barədə Polşanın “Telewizja Republika” telekanalı məlumat yayıb.

Yerli sakinlər oktyabrın 18-də səhər saatlarında güclü səs çıxaran naməlum uçan obyekt barədə məlumat veriblər. Bundan sonra polis Lublin yaxınlığındakı Zemborjitski su anbarının ətrafında axtarışlara başlayıb.

Lublin polisinin sözçüsü Anna Kamola bildirib ki, polis əməkdaşları Polşa hərbçiləri ilə birlikdə su anbarının ətrafındakı ərazidə axtarış aparırlar.

⦿ 10:00 | YENİLƏNİB

Rubio: “ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmayıb”

Reuters

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmayıb.

Ukrayna Rusiyanın şəhərlərinə dalğalar şəklində endirdiyi ballistik raket zərbələrini vaxtında aşkar etmək üçün ABŞ-nin kəşfiyyat məlumatlarından istifadə edir.

Ötən həftə Ukrayna rəsmiləri Rusiyanın bəzi raket hücumlarının əvvəlcədən xəbərdarlıq edilmədən baş verdiyini bildiriblər. Oktyabrın 18-də isə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini bərpa etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu məlumatlar Ukraynanın Rusiyanın raket hücumlarından müdafiəsi üçün vacibdir.

ABŞ dövlət katibi Marko Rubio Registan meydanında jurnalistlərə açıqlama verir. Səmərqənd, Özbəkistan, 19 oktyabr 2026-cı il.
Reuters

Oktyabrın 19-da Özbəkistanda çıxış edən Rubio ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yollar axtarmağa davam edəcəyini bildirib.

O vurğulayıb ki, həm Zelenski, həm də Rusiya rəhbərliyi müharibənin başa çatdırılmasına diqqət yetirməlidir.

⦿ 09:09 | YENİLƏNİB

Zelenski: “ABŞ “Patriot” raketlərinin Ukraynaya çatdırılmasını gecikdirir”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ NATO təşəbbüsü çərçivəsində ödənişi artıq edilmiş “Patriot” hava hücumundan müdafiə sistemlərinin raketlərini Ukraynaya göndərməyi gecikdirir.

Zelenski bu barədə oktyabrın 18-də “Bloomberg” agentliyinə müsahibəsində danışıb.

“ABŞ tərəfi raketlərin yalnız bir hissəsinin göndərilməsinə razılıq verib, qalan hissəsinin çatdırılmasını isə təsdiqləməyib. Bu, texniki səbəblərlə bağlı deyil”, – Zelenski bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, ölkəsi hazırda ABŞ-dən ayda cəmi 12 ədəd “Patriot” raketi alır. Bu, Co Baydenin prezidentliyi dövründəki aylıq tədarükün təxminən dörddəbirinə bərabərdir.

Ukrayna Prezidenti Volodimir Zelenski “Patriot” hava hücumundan müdafiə sisteminin yanında. Almaniya, 11 iyun 2024-cü il.
Reuters

⦿ 08:26  | YENİLƏNİB

Tramp: “Zelenski müharibənin başa çatmasını istəmir”

ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin başa çatmasını istəmir və “yəqin ki, heç vaxt da istəməyib”.

Trampın sözlərinə görə, Zelenski hücumların beynəlxalq dizel yanacağı bazarına, o cümlədən ABŞ-yə mənfi təsir göstərəcəyini bildiyi halda, Rusiyanın dizel yanacağı istehsal edən neft emalı zavodlarını hədəf alır.

ABŞ Prezidenti bildirib ki, Ukraynanın bu hücumları fermerlərə, heyvandarlıqla məşğul olanlara və müəssisələrə ziyan vurur. Bununla belə, o iddia edib ki, zərbələr Rusiyanın xarici bazarlara dizel yanacağı ixracını dayandıra bilmir.

“Zelenski iki il əvvəl indikindən daha sərfəli razılaşma əldə edə bilərdi”, – Tramp əlavə edib.

⦿ 08:20 | YENİLƏNİB

Putin Tramp və Si Cinpinlə görüş təklif edib

“The Wall Street Journal” (WSJ) məsələdən xəbərdar mənbələrə istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibəyə son qoyacaq razılaşmanı müzakirə etmək məqsədilə noyabrda ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpinlə üçtərəfli görüş keçirməyi təklif edib.

Rusiya Prezidenti Vladimir Putin Kremldə. Moskva, Rusiya, 15 oktyabr 2026-cı il.
Reuters

⦿ 08:13 | YENİLƏNİB

Rusiyanın Kiyevə hava hücumunda bir qadın ölüb, metro stansiyası zədələnib

Reuters

Rusiyanın oktyabrın 19-na keçən gecə Kiyevə endirdiyi hava zərbələri nəticəsində bir qadın ölüb, paytaxtdakı metro stansiyasına və 25 mərtəbəli yaşayış binasına ziyan dəyib.

Bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, hücum zamanı qeyri-yaşayış binaları və tibb müəssisəsi də zərər görüb, daha üç nəfər yaralanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Ukraynanın Rusiyanın raket hücumlarından müdafiəsinə kömək etmək üçün kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib.

Onun sözlərinə görə, bu məlumatlar Rusiyanın ardıcıl şəkildə buraxdığı yüksək sürətli raketləri vaxtında aşkar etmək və mümkün hücumlar barədə xəbərdarlıq etmək üçün mühüm əhəmiyyət daşıyır.

.

Teqlər