Keniyada təriqət rəhbəri 190 uşağın ölümündə təqsirli bilinib

Keniyada təriqət rəhbəri 190 uşağın ölümündə təqsirli bilinib
“Good News International Church” kilsəsinin rəhbəri Pol Makkenzi məhkəmədə. Mombasa, Keniya, 19 oktyabr 2026-cı il.
Reuters

Keniya məhkəməsi təriqət lideri Pol Makkenzini və onunla birlikdə mühakimə olunan daha 28 nəfəri 190 uşaq və bir yetkin şəxsin qətlində təqsirli bilib. Dünyanı sarsıdan bu hadisə son dövrlərin ən dəhşətli dini sekta faciələrindən biri kimi tarixə düşüb.

Hadisə Makkenzinin rəhbərlik etdiyi “Good News International Church” kilsəsinin ardıcıllarının ölümü ilə bağlıdır. Keniyanın cənub-şərqindəki Şakahola meşəsində 2023-cü ildə başlanan axtarışlar zamanı kütləvi məzarlıqlardan 400-dən çox insanın meyiti çıxarılıb. Ölənlərin çoxu uşaq olub.

İttiham tərəfinin bildirdiyinə görə, təriqət üzvlərinə dünyanın sonu çatmazdan əvvəl cənnətə düşmək üçün özlərini və uşaqlarını ac saxlamaları tapşırılıb. Məhkəmənin 190 uşaq və bir yetkin şəxsin qətli ilə bağlı qərarı üç ildən çox davam edən araşdırmalardan sonra çıxarılıb.

Məhkəmə müdafiə tərəfinin arqumentlərini rədd edib

Makkenzi ölümlərə görə məsuliyyət daşımadığını və tərəfdarlarını qidadan imtinaya məcbur etmədiyini bildirib. Məhkəmə onun bu arqumentlərini rədd edib.

Məhkəmə prosesində bəzi uşaqların təcrid edilərək qidasız saxlanıldığına dair sübutlar təqdim olunub. Hakim ölümlərin təsadüfi olmadığını, müridlərin məqsədli şəkildə ac saxlanması nəticəsində baş verdiyini bildirib.

Cəzaların noyabrın 6-da elan olunması nəzərdə tutulur. Müdafiə tərəfinin vəkilləri isə hökmdən apellyasiya şikayəti vermək niyyətində olduqlarını bildiriblər.

Xəbərdarlıqlar və dövlət qurumlarının məsuliyyəti

Əvvəllər taksi sürücüsü işləyən Makkenzi təhlükəli dini ayinlər təşkil etdiyinə görə 2023-cü ildə polis tərəfindən həbs edilib.

Polis sənədlərinə görə, o, bundan illər əvvəl də hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Məlumata görə, kilsəsi 2019-cu ildə hakimiyyət orqanları tərəfindən bağlandıqdan sonra fəaliyyətini Şakahola meşəsinə köçürüb.

Makkenzinin keçmiş tərəfdarları və onların yaxınları müstəntiqlərə deyiblər ki, o, qrup üzvlərini uşaqlarını məktəbə göndərməməyə və tibbi yardımdan istifadə etməməyə çağırıb. O, bunu məktəb və tibb müəssisələrinin öz dini təlimlərinə uyğun olmaması ilə əsaslandırıb.

Müstəntiqlərin sözlərinə görə, əvvəlcə uşaqların, sonra qadınların və gənc kişilərin ac saxlanması, ardınca digər üzvlərin də eyni yolu izləməsi nəzərdə tutulub.

Faciə Keniyada dini sektalara nəzarətin yetərli olub-olmaması və Makkenzinin fəaliyyətinə niyə vaxtında son qoyulmaması barədə suallar doğurub. Keniya Prezidenti Uillyam Ruto dövlət qurumlarının daha tez müdaxilə etməli olduğunu və faciənin qarşısının alınmamasına görə hökumətin məsuliyyət daşıdığını bildirib.

İkisi nəvəsi olmaqla, səkkiz yaxınını itirən Frensis Vance hökmü müsbət qarşılayıb. O, qərarın məhkəmə sisteminə inamını gücləndirdiyini və tərəfdarlarından sui-istifadə edən dini qruplar üçün xəbərdarlıq olacağına ümid etdiyini deyib.

Digər ittihamlar üzrə proseslər davam edir

Makkenzi digər ölümlərlə əlaqədar əlavə ittihamlarla, o cümlədən terrorçuluqla bağlı ittihamlarla da üzləşib. O, bunların hamısını rədd edib.

İttiham tərəfi Makkenzi həbs olunduqdan sonra da onunla əlaqələndirilən göstərişlər əsasında müridlər arasında ölümlərin davam etdiyini iddia edir. Keniya hakimiyyəti ölənlərin ümumi sayını hələ də dəqiqləşdirir.

Teqlər