Avstraliyada deputata hücumda təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb

Avstraliyada deputata hücumda təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb
Bitərəf deputat Helen Heyns Nümayəndələr Palatasında. Kanberra, Avstraliya, 25 oktyabr 2022-ci il.
Reuters

Avstraliyada deputat Helen Heynsi avtomobillə qəsdən vurmaqda təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb. Polis hücumun motivini müəyyənləşdirməyə çalışır.

Hadisə oktyabrın 19-da Melburnun şimal-şərqində yerləşən Vanqaratta şəhərində, deputatın seçki dairəsindəki ofisinin qarşısında baş verib. Avstraliya mediası və rəsmilərinin məlumatına görə, şübhəli şəxs avtomobillə Heynsi iki dəfə vurub. Ağır xəsarət alan deputatın bir ayağı amputasiya olunub. Hadisə yerində olan şəxslər sürücünü zərərsizləşdirdikdən sonra polisə təhvil veriblər.

İqlim dəyişikliyi ilə mübarizə və bölgələrdə mənzil probleminin həlli kimi məsələlərə diqqət çəkən bitərəf deputatın vəziyyəti kritik olaraq qalır. 

Məhkəmə sənədlərinə əsasən, Heynsin təmsil etdiyi seçki dairəsində yerləşən Taravinqi qəsəbəsinin 43 yaşlı sakini Brendan Nugentə qarşı üç ittiham irəli sürülüb. O, avtomobili təhlükəli şəkildə idarə edərək ağır xəsarət yetirməkdə, qəsdən ağır xəsarət yetirməkdə və vəzifəli şəxsə xəsarət yetirməkdə ittiham olunur.

Avtomobillə vurulan deputat Helen Heyns xərəkdə xəstəxanaya aparılır. Melburn, Avstraliya, 20 oktyabr 2026-cı il.
Reuters

Nugentə qarşı kannabis yetişdirmək və saxlamaqla bağlı əlavə ittihamlar da irəli sürülüb.

Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, qısa məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili bildirib ki,  Nugent nadir nevroloji xəstəlik olan idiopatik köndələn mielitdən əziyyət çəkir və beyin silkələnməsindən müalicə alır.

Vəkil Nugentin psixi sağlamlığı ilə bağlı müəyyən problemlərinin olduğunu da bildirib. Məhkəmədə onun ilk dəfə həbsdə saxlanıldığı qeyd edilib.

Təqsirləndirilən şəxsin girov müqabilində azadlığa buraxılması üçün müraciət olunmayıb.

Hadisənin araşdırılmasına terrorla mübarizə bölməsinin əməkdaşları da cəlb olunublar. Polis hücumun konkret şəxsə qarşı yönəldiyini, lakin digər hadisələrlə əlaqəsinin olmadığını ehtimal edir.

Helen Heynsin seçki dairəsi ofisinin qarşısına qoyulan güllər. Vanqaratta, Avstraliya, 20 oktyabr 2026-cı il.

Avstraliyada siyasətçilərə qarşı fiziki hücumlar nadir hallarda baş verir. Ölkədə federal parlament üzvləri, ştat rəhbərləri və hətta baş nazirlər çox vaxt ciddi mühafizə olmadan alış-veriş zamanı, kafelərdə və ictimai tədbirlərdə görünürlər.

Teqlər