İsraildə seçki gərginliyi: Netanyahunu əvəzləmək planı nə dərəcədə realdır?

İsraildə seçki gərginliyi: Netanyahunu əvəzləmək planı nə dərəcədə realdır?
İsrailin Baş naziri Benyamin Netanyahu parlament seçkiləri ərəfəsində vətəndaşlarla görüşür. Yokneam İllit, İsrail, 18 oktyabr 2026-cı il.
Reuters

İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir Benyamin Netanyahunun müttəfiqləri və rəqibləri yeni hökuməti formalaşdırmaq uğrunda mübarizə aparırlar. 

Seçkilər Netanyahunun müharibə dövründəki fəaliyyətinə veriləcək qiymət kimi dəyərləndirilir. Kiçik partiyalar isə hökumətin qurulmasında həlledici rol oynaya bilərlər.

Seçicilər Netanyahunun 7 oktyabr 2023-cü il hücumundan sonrakı fəaliyyətinə və növbəti üç ildə baş verən müharibələrlə bağlı qərarlarına da münasibət bildirəcəklər. Həmin hücum İsrail dövlətinin yarandığı vaxtdan bəri ölkəyə qarşı ən çox insan tələfatı ilə nəticələnən hücum olub.

İsraildə seçicilər ayrı-ayrı namizədlərə deyil, siyasi partiyalara səs verirlər. Seçkilərdən sonra partiyalar hökumət koalisiyası yaratmaq üçün danışıqlara başlayırlar. İsrail dövləti yaradılandan bəri heç bir partiya 120 yerlik Knessetdə təkbaşına mütləq çoxluq əldə etməyib.

Partiyalar parlamentdə ən azı 61 mandatı birləşdirən çoxluq koalisiyası yaratmağa çalışırlar. Buna görə də kiçik partiyalar koalisiya danışıqlarında mühüm rol oynayırlar. Knessetə düşmək üçün partiyalar səslərin ən azı 3,25 faizini toplamalıdırlar.

İsrail tarixində ən uzun müddət baş nazir olmuş Netanyahu üç ayrı dövrdə ümumilikdə 18 ildən çox hakimiyyətdə qalıb. Ölkədə baş nazirin neçə dəfə bu vəzifəyə seçilə biləcəyinə məhdudiyyət qoyulmayıb.

Netanyahunun rəqibləri seçiciləri onun hakimiyyətdə qalmasının qarşısını almağa çağırırlar. Onlar 7 oktyabr hücumunun qarşısının alınmamasına görə Netanyahunu məsul hesab edir və onu məsuliyyətdən yayınmaqda ittiham edirlər.

Seçkilərdə iştirak edən əsas siyasi qüvvələr bunlardır:

Netanyahunun “Likud” partiyası və müttəfiqləri
“Likud”

“Likud” (Birləşmə) İsrailin əsas sağçı partiyasıdır. Partiya daha çox işçi təbəqəsinin nümayəndələri və ənənəvi dini baxışlara malik yəhudilər arasında dəstək qazanır. Onun siyasi xətti millətçilik və liberal iqtisadi siyasətə əsaslanır.

“Likud” 2022-ci il seçkilərində səslərin təxminən dörddəbirini toplayıb. Netanyahu ifrat sağçı və ultraortodoks partiyalarla koalisiya yaradaraq ölkənin son onilliklərdəki ən sağçı hökumətlərindən birini formalaşdırıb.

“Otzma Yehudit”

İfrat sağçı “Otzma Yehudit” (Yəhudi gücü) əvvəlki seçkilərə Dini Sionizm Partiyası və “Noam” fraksiyası ilə ittifaqda qatılıb. Bu siyasi qüvvələr birlikdə 14 mandat qazanıblar.

Partiyanın lideri İtamar Ben-Qvir polisə nəzarət səlahiyyətlərini də əhatə edən milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunub. İfrat millətçi siyasətçi təhrikçilik və terrorizmi dəstəkləmə ilə bağlı dəfələrlə saxlanılıb. 

“Şas”

“Şas” əsasən Şimali Afrika və Yaxın Şərq mənşəli yəhudilərin dəstəklədiyi ultraortodoks partiyadır. Bu icmalar İsrail cəmiyyətində uzun müddət ayrı-seçkiliklə üzləşiblər.

Ərəb ölkələri ilə münasibətlərin normallaşdırılmasını dəstəkləyən partiya 2022-ci ildə 11 mandat qazanıb.

2023-cü ildə Ali Məhkəmə vergi hüquqpozmalarına görə məhkum edilmiş partiya lideri Arye Derinin nazir vəzifəsi tutmasını qadağan edib.

“Birləşmiş Tövrat Yəhudiliyi”

“Birləşmiş Tövrat Yəhudiliyi” iki ultraortodoks partiyadan ibarətdir. Onların əsas məqsədi təmsil etdikləri icmanın sosial təminat məsələlərini önə çəkməkdir. 

“Şas” kimi, bu partiyanın üzvləri də ultraortodoks yəhudilərin hərbi xidmətdən azad edilməsinə hüquqi təminat verən qanunun qəbul olunmamasına görə Netanyahudan narazıdırlar.

Dini Sionizm Partiyası

İfrat sağçı Dini Sionizm Partiyası sərt təhlükəsizlik siyasətini, yəhudi yaşayış məntəqələrinin genişləndirilməsini və İsrailin işğal altındakı İordan çayının qərb sahilinə nəzarətinin gücləndirilməsini müdafiə edir.

Partiyanın lideri, maliyyə naziri Bezalel Smotriç yəhudi yaşayış məntəqələrinin salınması layihələrinə böyük həcmdə dövlət vəsaiti ayrılmasına nəzarət edib.

Partiya daha sağçı mövqedə olan “Zehut” (Kimlik) ilə ittifaq yaradıb. Lakin bu birlik parlamentə düşmək üçün tələb olunan səs həddini keçməkdə çətinlik çəkir.

“Amcha Yisrael”

“Amcha Yisrael” (Sənin İsrail xalqın) avqustda istefada olan general Ofer Vinter tərəfindən yaradılıb. Partiya əvvəlcə sağ cinahda gözlənilmədən diqqət çəkən siyasi qüvvələrdən birinə çevrilib.

Onun məqsədi Netanyahunun müharibələrlə bağlı qərarlarından narazı olan tərəfdarlarını öz sıralarına cəlb etməkdir. Lakin partiyaya ilkin dəstək sonradan zəifləyib. Hazırda partiya Knessetə düşmək üçün kifayət qədər səs toplamaqda çətinlik çəkir.

Netanyahunun rəqibləri
“Yaşar!”

“Yaşar!” (Düz) seçicilər arasında əhəmiyyətli dəstək qazanmış yeni mərkəzçi partiyadır. Ona Netanyahunun əsas rəqibi, İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot rəhbərlik edir. Ayzenkotun oğlu Qəzzadakı döyüşlərdə həlak olub.

Partiya hərbi xidmət öhdəliyinin hamıya bərabər tətbiqini müdafiə edir. Onun əsas prioritetləri yaşayış xərclərinin azaldılması, təhsilin yaxşılaşdırılması və 7 oktyabr hücumunu araşdıracaq dövlət komissiyasının yaradılmasıdır.

“Beyachad”

“Beyachad” (Birlikdə) Naftali Bennett və Yair Lapidin partiyalarını birləşdirən seçki ittifaqıdır. 

İttifaqın lideri Bennett özünü dövlət qurumlarına etimadı bərpa etməyə çalışan “yeni sağ” siyasi hərəkatın nümayəndəsi kimi təqdim edir. O, dini qaydalara riayət etsə də, sosial məsələlərdə liberal baxışlara malikdir.

Lapidin rəhbərlik etdiyi “Yeş Atid” (Gələcək var) 2022-ci il seçkilərində 24 mandat qazanaraq parlamentin ən böyük müxalifət partiyasına çevrilib.

“Demokratlar”

“Demokratlar” İsraildə zəifləyən sol siyasi qüvvələri gücləndirmək məqsədilə 2024-cü ildə yaradılıb. Partiya mərkəz-sol mövqedə olan Əmək Partiyasını və ifrat solçu “Meretz”i birləşdirir.

Əmək Partiyası İsrail dövlətinin mövcudluğunun ilk iyirmi ilində hakimiyyətdə olub. “Demokratlar”ın lideri Yair Qolan ərəb partiyalarının da hökumət koalisiyasında təmsil olunmasını dəstəkləyir.

“Yisrael Beyteinu”

“Yisrael Beyteinu” (İsrail bizim evimizdir) əsasən keçmiş Sovet İttifaqından İsrailə köçənlərin dəstəyini qazanmaq məqsədilə yaradılıb.

Partiya xarici siyasət, təhlükəsizlik və iqtisadiyyat məsələlərində sağçı, sosial məsələlərdə isə solçu mövqelərə yaxın siyasət yeridir. 

Əvvəllər “Likud”la birlikdə seçkilərə qatılsa da, partiyanın lideri Aviqdor Liberman Netanyahu ilə yenidən koalisiya qurmayacağını bildirib. O, “dünya alt-üst olsa belə”, belə bir ittifaqa qoşulmayacağını deyib.

Ehtiyatda olan hərbçilər – İqtisadiyyat Partiyası

Yeni yaradılmış mərkəz-sağçı Ehtiyatda olan hərbçilər – İqtisadiyyat Partiyası ultraortodoks kişilərin hərbi xidmətdən azad edilməsinə son qoyulmasını və yaşayış xərclərinin azaldılmasını müdafiə edir.

Partiyanın seçici dəstəyi parlamentə düşmək üçün tələb olunan minimum hədd ətrafında dəyişir.

Lideri Yoaz Hendel partiyanı “üçüncü blok” adlandırır. O, ultraortodoks və ərəb partiyalarının iştirakı olmadan Netanyahu ilə Ayzenkotun daxil olduğu milli birlik hökumətinin yaradılmasını təklif edir.

Ərəb partiyaları

Fələstin əsilli İsrail vətəndaşları ölkə əhalisinin təxminən 20 faizini təşkil edirlər. Ayrı-seçkilik və siyasi proseslərə inamsızlıq bu icma arasında seçici fəallığının aşağı olmasına təsir göstərib.

Netanyahu və onun əsas rəqibləri ərəb partiyaları ilə koalisiya qurmayacaqlarını bildiriblər. Onlar ərəb partiyaları ilə ittifaqın sağçı seçicilər arasında dəstəyi azalda biləcəyindən ehtiyat edirlər.

Bununla belə, seçkilərdə əsas siyasi blokların nəticələri bir-birinə yaxın olarsa, koalisiya danışıqlarında güzəştlərə ehtiyac yaranar. Bu halda ərəb partiyaları növbəti hökumətin formalaşdırılmasında həlledici rol oynaya bilər.

“Raam”

“Raam” (Birləşmiş Ərəb Siyahısı) Mənsur Abbasın rəhbərlik etdiyi islamçı-mühafizəkar partiyadır. O, İsraildəki ərəb partiyaları arasında nisbətən mötədil siyasi qüvvə hesab olunur.

Partiya paytaxtı Qüds olan Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Eyni zamanda, cinayətkarlıqla mübarizə və iqtisadi problemlərin həllinə üstünlük verir.

“Raam” 2021-ci ildə dörd mandat qazanıb və İsraildə hökumət koalisiyasına qoşulan ilk ərəb partiyası olub.

Abbas ərəb partiyalarının yaratdığı “Birgə Siyahı” ittifaqına qoşulmaqdan imtina edib. O, həmçinin yəhudi siyasətçi və keçmiş polis komissarı Yoav Seqaloviçi özünə müavin təyin edib.

“Birgə Siyahı”

“Birgə Siyahı” üç əsas ərəb partiyasını birləşdirir: “Taal” (Ərəb Yeniləşmə Hərəkatı), “Hadaş” (Yeni) və “Balad” (Milli Demokratik İttifaq).

1977-ci ildən fəaliyyət göstərən “Hadaş” yəhudi və ərəbləri birləşdirən siyasi partiyadır. “Hadaş–Taal” ittifaqı əvvəlki seçkilərdə beş mandat qazanıb.

“Birgə Siyahı” Qəzzadakı müharibəyə və İsrailin İordan çayının qərb sahilini işğal altında saxlamasına qarşı çıxır. İttifaq həmçinin İsraili yəhudi milli dövləti kimi müəyyən edən qanunlara qarşı çıxır. Bu mövqe onun hökumət koalisiyasına qoşulmaq imkanlarını məhdudlaşdırır.

Teqlər