“Çampi” qasırğası Yaponiyaya yaxınlaşır

“Çampi” qasırğası Yaponiyaya yaxınlaşır
“Çampi” qasırğasının Filippin dənizi üzərindəki görüntüsü. 21 oktyabr 2026-cı il.
Reuters

“Çampi” qasırğasının oktyabrın 23-dən etibarən Yaponiyanın Okinava prefekturasına dağıdıcı külək, leysan yağışları və hündürlüyü 11 metrə çatan dalğalar gətirəcəyi gözlənilir. Aviaşirkətlər çoxsaylı uçuşların ləğvini açıqlayıb, iri festival isə ləğv edilib.

Qasırğa Yaponiyanın cənub-qərb adalarına yaxınlaşdıqca rəsmilər təhlükəli hava şəraiti və nəqliyyatda genişmiqyaslı fasilələr barədə xəbərdarlıq ediblər.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) oktyabrın 21-də yaydığı məlumata görə, bu il 30-cu tropik fırtına hesab olunan “Çampi” Filippinin şərqindəki sularda qərb-şimal-qərb istiqamətində saatda 25 kilometr sürətlə hərəkət edirdi.

Qasırğa xeyli güclənib. Onun mərkəzində atmosfer təzyiqi 900 hektopaskala enib, mərkəzə yaxın ərazilərdə küləyin davamlı sürəti isə saatda 200 kilometri ötüb.

Oktyabrın 23-də qasırğanın Okinava prefekturasının Sakişima adalarına, o cümlədən İşiqaki adasına çatacağı gözlənilir. Küləyin ani şiddətlənməsi zamanı sürətinin saniyədə 55 metrə, dalğaların hündürlüyünün 11 metrə, 24 saat ərzində yağıntının miqdarının isə 300 millimetrə çatacağı proqnozlaşdırılır.

Rəsmilər sakinləri dağıdıcı küləklərə, hündür dalğalara, fırtına nəticəsində dəniz səviyyəsinin qalxmasına və güclü leysanlara qarşı ehtiyat tədbirləri görməyə çağırıblar.

“Çampi” qasırğası yaxınlaşarkən yağışlı havada çətirlə hərəkət edən insanlar. Taybey, Tayvan, 22 oktyabr 2026-cı il.
Reuters
Uçuşlar ləğv edilib

Yaponiyanın cənubunda iri aviaşirkətlər çoxsaylı uçuşların ləğvini açıqlayıblar. Bu qərar minlərlə sərnişinin səfərinə təsir göstərəcək.

“Japan Airlines” qrupu oktyabrın 22-də həmin günə planlaşdırılan 64, oktyabrın 23-nə nəzərdə tutulan 56 reysin ləğv ediləcəyini açıqlayıb.

Ləğv edilən uçuşlar Okinavadakı Miyako və İşiqaki adalarını, eləcə də Kaqoşima prefekturasının ucqar adalarını əhatə edir. Oktyabrın 23-də Yaponiya ilə Tayvan arasında səkkiz beynəlxalq reysin də ləğvi planlaşdırılır.

“All Nippon Airways” (ANA) oktyabrın 22-də Miyako və İşiqaki adalarına gediş-gəliş üzrə 21 reysi ləğv edib. Oktyabrın 23-nə planlaşdırılan 34 reysin hamısı ləğv olunub.

İki aviaşirkət qrupunda uçuşların ləğvinin təxminən 16 000 sərnişinə təsir göstərəcəyi gözlənilir.

Qasırğaya görə oktyabrın 23-dən 25-dək planlaşdırılan 50-ci Okinava Sənaye Festivalı da ləğv edilib. Tədbirə yüz minlərlə ziyarətçinin qatılacağı gözlənilirdi.

“Çampi” qasırğası yaxınlaşarkən çimərliyə aparan yol boyunca qum kisələri yerləşdirilib. İşiqaki adası, Yaponiya, 22 oktyabr 2026-cı il.
Reuters
Güclü yağışlar Yaponiyanın digər bölgələrini də təhdid edir

Sakişima adalarından keçdikdən sonra “Çampi” qasırğasının Şərqi Çin dənizi boyunca şimala doğru hərəkət edəcəyi proqnozlaşdırılır. Qasırğanın dəqiq marşrutu qeyri-müəyyən qalsa da, Yaponiyanın qərb bölgələrində təhlükəli hava şəraiti yarana bilər.

Meteoroloqlar qasırğanın həftəsonu Kyuşu adasına yaxınlaşacağını, oktyabrın 26-da isə ada yaxınlığında ekstratropik siklona çevriləcəyini proqnozlaşdırırlar.

Qasırğa ilə əlaqəli hava sistemi Yaponiyanın əsas adası olan Honşunun bəzi bölgələrində də genişmiqyaslı leysanlara səbəb ola bilər.

Yaponiya Meteorologiya Agentliyi sakinləri son hava proqnozlarını izləməyə və qabaqlayıcı tədbirlər görməyə çağırıb. Agentlik güclü küləyin, təhlükəli dəniz şəraitinin və intensiv yağışların nəqliyyatda və gündəlik həyatda əlavə çətinliklər yarada biləcəyi barədə xəbərdarlıq edib.

Teqlər