Tramp ABŞ-də vergidən azad dizeldən istifadəyə qoyulan məhdudiyyətləri yumşaldıb

Tramp ABŞ-də vergidən azad dizeldən istifadəyə qoyulan məhdudiyyətləri yumşaldıb
Təzə yığılmış pomidorla yüklənmiş yük avtomobili fermadan çıxır. Devis şəhəri yaxınlığı, ABŞ, 28 sentyabr 2026-cı il.
Reuters

ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində yanacağın bahalaşmasından narazılığın artdığı bir vaxtda vergidən azad dizel yanacağından istifadəyə qoyulan məhdudiyyətləri müvəqqəti yumşaldan fərman imzalayıb.

Lakin fermerlər bu yanacaqdan ümumi istifadədə olan yollarda istifadə etməyin riskli olduğunu bildirirlər. Digər sürücülərin çoxu isə həmin yanacağı əldə etməkdə çətinlik çəkir.

Fərmana əsasən, adətən kənd təsərrüfatı texnikası üçün satılan qırmızı dizeldən avtomobil yollarında istifadəyə qoyulan qadağa tələbi müvəqqəti ləğv edilir.

Qırmızı dizel tərkibinə görə adi dizel yanacağından demək olar ki, fərqlənmir. Lakin bu yanacağa avtomobil yollarında istifadə üçün nəzərdə tutulan yanacaq vergisi tətbiq edilmir. Vergidən azad olduğunu göstərmək üçün dizel qırmızı rəngə boyanır.

ABŞ Daxili Gəlirlər Xidməti (IRS) bildirib ki, oktyabrın 1-dən dekabrın 31-dək qırmızı dizeldən avtomobil yollarında istifadəyə görə federal səviyyədə cərimə tətbiq olunmayacaq. Bununla belə, fərman ştatların müəyyən etdiyi vergi və cərimələrə şamil edilmir.

Dizellə işləyən kənd təsərrüfatı texnikası ilə pomidor yığımı aparılır. Devis şəhəri yaxınlığı, ABŞ, 28 sentyabr 2026-cı il.
Reuters

Bu qərar Trampın yanacağın qiymətini azaltmaq və seçicilər arasında dəstəyini artırmaq məqsədilə atdığı addımlardan biridir. Prezident həmçinin payız məhsul yığımı dövründə fermerlərin dizel xərclərini kompensasiya etmək üçün 8 milyard dollarlıq dəstək proqramı elan edib.

Tramp administrasiyası Rusiyadan yanacaq daşınmasına tətbiq olunan sanksiyaları da yumşaldıb, müttəfiqlərini strateji neft ehtiyatlarını bazara çıxarmağa çağırıb. Bundan başqa, ABŞ limanları arasında yük daşıyan xarici bayraqlı gəmilərə qoyulan məhdudiyyətlər müvəqqəti aradan qaldırılıb.

Buna baxmayaraq, ABŞ-nin rəhbərlik etdiyi İranla müharibə səbəbindən yanacağın qiyməti yüksək olaraq qalır.

“John Deere” kombaynı ilə payızlıq buğda biçilir. Skidi şəhəri yaxınlığı, ABŞ, 13 iyun 2024-cü il.
Reuters
Fermerlər: Qənaət riskə dəyməz

Fermerlər ən çox dizel yanacağını payız məhsul yığımı dövründə sərf edirlər. Traktorlar, kombaynlar və digər kənd təsərrüfatı texnikası qırmızı dizellə işləyir. Trampın fərmanına əsasən, ştatların qanunvericiliyi icazə verdiyi halda, fermerlər bu yanacaqdan məhsulu bazara daşıyan yük avtomobillərində də istifadə edə bilərlər.

Lakin fermerlər hesab edirlər ki, əldə olunacaq qənaət mümkün risklərə dəyməz. Çünki fərmanın müddəti bitdikdən sonra da qırmızı boyanın izləri yanacaq çənlərində qala bilər.

ABŞ ştatları qırmızı dizellə bağlı vergi və istifadə qaydalarını müstəqil müəyyən edirlər. Yoxlamalar zamanı bu yanacaqdan ümumi istifadədə olan yollarda qanunsuz istifadə edildiyi aşkarlanarsa, sürücülər minlərlə dollar cərimələnə bilərlər.

Demokratlar ümid edirlər ki, kənd təsərrüfatı xərclərinin artması noyabrda keçiriləcək aralıq seçkilərdə ənənəvi olaraq Respublikaçılar Partiyasını dəstəkləyən bölgələrdə seçicilərin dəstəyini geri qazanmalarına kömək edəcək.

Ağ Evin sözçüsü Teylor Rocers bildirib ki, Trampın məqsədi yanacağın qiymətini azaltmaqdır.

Teqlər