Paris yaxınlığında silahlı hücum: Makron hadisəni “dönüş nöqtəsi” adlandırıb

Paris yaxınlığında silahlı hücum: Makron hadisəni “dönüş nöqtəsi” adlandırıb
Fransa Prezidenti Emmanuel Makron silahlı hücumdan sonra Trapp şəhər meriyasında polis əməkdaşları və xilasedicilərlə görüşür. Trapp, Fransa, 23 oktyabr 2026-cı il.
Reuters

Fransa Prezidenti Emmanuel Makron oktyabrın 23-də Paris yaxınlığında bir nəfərin öldüyü, beş nəfərin yaralandığı silahlı hücumu irqçi motivli hadisə və ölkə üçün “dönüş nöqtəsi” adlandırıb.

Oktyabrın 23-də səhər saatlarında Fransanın İvelin departamentində silahlı şəxs avtomobildən üç müxtəlif yerdə atəş açıb. Hücum nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb. Yaralılar arasında 12 yaşlı qız da var.

Hadisədən sonra Trapp şəhərinə gedən Makron yerli mer, təcili yardım xidmətlərinin əməkdaşları və sakinlərlə görüşüb.

“Baş verənlər Respublikamız üçün dönüş nöqtəsidir”, – deyə Makron bildirib.

Fransa Prezidenti hücumun “irqçi ideologiya əsasında” törədildiyini deyib və “irqçiliyin artıq ictimai müzakirələrdə özünə yer etdiyini” vurğulayıb.

“Biz təslim olmayacağıq və heç bir məsələdə güzəştə getməyəcəyik. Respublika möhkəm dayanacaq”, – deyə o əlavə edib.

Şübhəli şəxs saxlanılıb

Fransanın daxili işlər naziri Loran Nunez bildirib ki, hücum edən şəxs təxminən 15 dəqiqə ərzində avtomobildən atəş açıb. Nazirin sözlərinə görə, istifadə olunan silahın hərbi təyinatlı, yaxud ən azı avtomatik silah olduğu ehtimal edilir.

Nünyes hadisəni açıq şəkildə terror cinayəti kimi qiymətləndirib.

Polis hücumda şübhəli bilinən 39 yaşlı kişini yaxınlıqdakı Kuanyer şəhərində saxlayıb. Fransa mediası onun Kevin T. olduğunu bildirib.

“Le Journal du Dimanche” (Le JDD) nəşrinin istinad etdiyi polis mənbəsinə görə, şübhəli şəxs əvvəllər xırda cinayətlərlə bağlı hüquq-mühafizə orqanlarına məlum olub.

Fransa mediasının məlumatına görə, oktyabrın 23-də axşam saatlarında onun ailə üzvlərindən biri də polis tərəfindən saxlanılıb.

Fransa polisi silahlı hücumun baş verdiyi ərazidə. Trapp, Fransa, 23 oktyabr 2026-cı il.
Reuters

Fransanın Milli Antiterror Prokurorluğu (PNAT) terror fəaliyyəti ilə əlaqəli qəsdən adam öldürmə və öldürməyə cəhd faktları üzrə istintaqa başlayıb.

Müstəntiqlər zərərçəkənlərin irqi, etnik mənsubiyyəti, milliyyəti və ya dini kimliyinin hücumda hədəf seçilmələrinə səbəb olması ehtimalını da araşdırırlar.

Araşdırmaya Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) də cəlb olunub.

Fransa mediasının istinad etdiyi polis mənbəsinə görə, Trapp şəhərində 26 yaşlı kişi öldürülüb. Hücum zamanı 21, 29 və 48 yaşlı üç kişi ağır yaralanıb.

La Veryer şəhərində isə 12 yaşlı qız güllə yarası alıb. Yerli mer onun vəziyyətinin sabitləşdiyini bildirib. Sonradan yayılan məlumatlara əsasən, yaralıların ümumi sayı beş nəfərə çatıb.

Trapp şəhərinin meri Əli Rabeh bildirib ki, Silahlı şəxs, görünür, təsadüfi istiqamətlərə atəş açıb və kütləvi qırğın törətmək niyyətində olub. Mer hadisəni “irqçi və böyük ehtimalla islamofob hücum” adlandırıb. “Daha çox insanın həyatını itirməməsi möcüzədir”, – deyə Rabeh bildirib.

Fransanın Baş naziri Sebastyen Lekornu silahlı hücumu “çox ciddi hadisə” adlandırıb və buna müdaxilə üçün bütün zəruri qüvvə və vasitələrin səfərbər edildiyini açıqlayıb.

Fransa Müsəlman Etiqadı Şurası hücumu böyük ehtimalla islamofob motivli terror aktı kimi qiymətləndirib.

Ölkənin müxtəlif siyasi qüvvələrinin nümayəndələri, o cümlədən keçmiş prezident Fransua Olland, Milli Birlik partiyasının təmsilçiləri Marin Le Pen və Jordan Bardella, eləcə də Qabriel Attal zərərçəkənlərə dəstək ifadə edib və hadisənin tezliklə araşdırılmasına çağırıblar.

Silahlı hücum Fransada bir həftə davam edən zorakı etirazlardan sonra gərginliyin hökm sürdüyü bir vaxtda baş verib. Oktyabrın 24-də ölkədə yeni nümayişlərin keçirilməsi planlaşdırılır.


Daha ətraflı: 

Teqlər