İordaniyada dəfn mərasiminə silahlı hücum: 7 nəfər ölüb

İordaniyada dəfn mərasiminə silahlı hücum: 7 nəfər ölüb
Kilsəyə hücumdan sonra Əl-Kərak Dövlət Xəstəxanasının qarşısında təhlükəsizlik əməkdaşları və sakinlər. Kərak, İordaniya, 23 oktyabr 2026-cı il.
Reuters

Oktyabrın 23-də İordaniyanın cənubunda kilsədə keçirilən dəfn mərasimi zamanı silahlı şəxslərin atəş açması nəticəsində azı 7 nəfər ölüb, onlarla insan yaralanıb. Ölkənin xristian icmasına qarşı nadir hallarda baş verən bu hücum təhlükəsizliklə bağlı narahatlıqları artırıb.

Hadisə paytaxt Əmmanın cənubunda, Kərak vilayətinin Hamud kəndində yerləşən yunan pravoslav Hamud kilsəsində baş verib. “Reuters”in ilkin məlumatına görə, İordaniyanın səhiyyə naziri 40 nəfərin yaralandığını, onların əksəriyyətinin hələ də müalicə aldığını bildirib.

Hadisə şahidi Xalid Burqan “Reuters”ə bildirib ki, silahlı şəxslər atəş açanda kilsədə onlarla insan dəfn mərasiminə qatılmışdı. Onun sözlərinə görə, atışma bir neçə dəqiqə davam edib.

“Əl-Məmləkə” dövlət telekanalının yayımladığı təhlükəsizlik kamerası görüntülərində üç silahlı şəxsin səkidə ağacların və alçaq divarın arxasında gizlənərək atəş açdığı, daha sonra kilsənin girişinə doğru qaçdığı görünür. “Reuters” görüntülərin həqiqiliyini təsdiqləyib.

İordaniyanın İctimai Təhlükəsizlik İdarəsinin rəhbəri, General-mayor Abdullah əl-Məaytə hücumu ekstremistlərin törətdiyi terror aktı adlandırıb. O, hücum edən şəxslərin axtarışının davam etdiyini bildirib.

Daxili işlər naziri Mazin əl-Fərrayə isə bildirib ki, hücum edən şəxslərin İordaniyada və ya xaricdə fəaliyyət göstərən qruplaşmalarla əlaqəsi barədə nəticə çıxarmaq hələ tezdir.

İordaniya rəhbərliyi hücumu pisləyib

İordaniya Kralı II Abdullah hücumdan sonra Kəraka səfər edib və hadisəni törədənlərin sərt şəkildə cəzalandırılacağını bildirib.

Baş nazir Cəfər Həsən silahlı hücumu terror ideologiyası və ekstremizmin nəticəsi adlandıraraq pisləyib. 

İordaniyanın İslam məsələləri üzrə naziri Məhəmməd Xəlaylə və parlamentin bir neçə deputatı da hadisəni pisləyiblər.

Hücuma beynəlxalq səviyyədə də reaksiyalar verilib. BMT-nin Baş katibi Antonio Quterreş hadisəni son dərəcə vəhşi əməl kimi pisləyib. ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts isə bunu ibadət yerinə qarşı qəddar hücum adlandırıb.

İordaniyada xristian icması

“Reuters”in məlumatına görə, xristianlar İordaniya əhalisinin kiçik hissəsini təşkil edirlər. Onların əksəriyyəti Yunan Pravoslav Kilsəsinə mənsubdur.

Ölkə parlamentində xristian icması üçün müəyyən sayda deputat yeri qanunla ayrılıb. İordaniyada xristian zəvvarların ziyarət etdiyi və İncildə adı çəkilən bir sıra tarixi və dini məkanlar da yerləşir.

Səlib yürüşləri dövründən qalan qalası ilə tanınan Kərak şəhəri əvvəllər də silahlı hücumlara məruz qalıb.

2016-cı ilin dekabrında silahlı şəxslər polis patrullarına və polis məntəqəsinə hücum etdikdən sonra turistlərin ziyarət etdiyi Kərak qalasında gizləniblər.

Hücumda 10 nəfər – təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı, 2 iordaniyalı mülki şəxs və 1 kanadalı turist həlak olub. Daha sonra İŞİD terror təşkilatı hadisəyə görə məsuliyyəti üzərinə götürüb.

ABŞ-nin yaxın müttəfiqi olan İordaniya regionda nisbətən sabit ölkə hesab edilir. Bu cür hücumlara burada nadir hallarda rast gəlinir.

İordaniya hakimiyyətinin məlumatına görə, son illərdə islamçı silahlı qruplaşmaların bir neçə hücum cəhdinin qarşısı alınıb.

Bununla belə, İordaniya bu il artan təzyiqlərlə üzləşib. Fevralda ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra İordaniya da İranın zərbələrinə məruz qalan regional ABŞ müttəfiqləri arasında olub.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Daha ətraflı:

Teqlər