Lula və Flavio Bolsonaro seçki kampaniyalarını başa vurublar

Lula və Flavio Bolsonaro seçki kampaniyalarını başa vurublar
Lula və Flavio Bolsonaronun tərəfdarları seçki bayraqları ilə toplaşıblar. Braziliya şəhəri, Braziliya, 23 oktyabr 2026-cı il.
Reuters

Braziliyanın hazırkı Prezidenti Luis İnasio Lula da Silva və senator Flavio Bolsonaro prezident seçkilərinin ikinci turu ərəfəsində kampaniyalarını başa vurublar. 

Gərgin rəqabətin müşahidə olunduğu seçkilərdə hər iki namizəd tərəfdarlarını səsverməyə səfərbər etməyə və qərarsız seçicilərin dəstəyini qazanmağa çalışıb.

Namizədlər oktyabrın 24-də ölkənin böyük şəhərlərində mitinqlər keçiriblər. İctimai rəy sorğuları onların arasında ciddi rəqabət olduğunu göstərib. CNT/MDA-nın sorğusuna əsasən, Flavio Bolsonaro 46,3 faiz, Lula isə 45 faiz dəstək qazanıb. Etibarlı səslər üzrə bu göstəricilər müvafiq olaraq 50,7 və 49,3 faiz olub. Sorğunun 2,2 faiz bəndi xəta payı nəzərə alındıqda, namizədlər arasında statistik baxımdan əhəmiyyətli fərq qeydə alınmayıb.

Əvvəllər üç dəfə prezident seçilmiş 80 yaşlı Lula dördüncü dəfə bu vəzifəyə namizəddir. O, oktyabrın 24-də Rio-de-Janeyrodakı Kopakabana çimərliyi boyunca yürüş keçirib. Tədbirə minlərlə tərəfdarı qatılıb.

“Biz seçkidə qalib gələcəyik. Bunun sadə bir səbəbi var: İnsanlar dəyişiklik istəyirlər, amma irəli getmək istəyirlər. Onlar keçmişə qayıtmaq istəmirlər”, – deyə Lula mitinqdən əvvəl jurnalistlərə bildirib.

Daha sonra Lula San-Pauloya gedərək siyasi nümayişlərin keçirildiyi məşhur məkanlardan biri olan Paulista prospektində yürüşə rəhbərlik edib.

Bu, Lulanın iştirak etdiyi sonuncu seçki ola bilər. Keçmiş həmkarlar ittifaqı lideri 2003–2010-cu illərdə iki müddət prezident vəzifəsində çalışıb, 2023-cü ildə isə yenidən hakimiyyətə qayıdıb.

Bolsonaro həlledici ştatda seçicilərin dəstəyini qazanmağa çalışıb

45 yaşlı Flavio Bolsonaro Minas-Jerays ştatının paytaxtı Belu-Orizontidə tərəfdarları ilə motosiklet yürüşünə qatılıb.

Minas-Jerays prezident seçkilərində mühüm əhəmiyyət daşıyır. Braziliyada 1980-ci illərdə demokratiyanın bərpasından sonra keçirilən bütün prezident seçkilərində bu ştatda ən çox səs toplayan namizəd ölkə üzrə də qalib gəlib.

“Artıq vaxt yaxınlaşır. Millətimizin növbəti 30–40 illik gələcəyini müəyyənləşdirməyimizə cəmi bir neçə saat qalıb”, – deyə Bolsonaro sosial şəbəkədə yayımladığı videoda bildirib.

Daha sonra o, Rio-de-Janeyroda keçirilən seçki yürüşünə qatılıb. Bolsonaro 2019-cu ildən bu ştatı Senatda təmsil edir.

Braziliyanın keçmiş Prezidenti Jair Bolsonaronun böyük oğlu olan Flavio ötən ilin dekabrında atasının dəstəyini aldıqdan sonra prezidentliyə namizədliyini irəli sürüb.

Jair Bolsonaro 2022-ci il prezident seçkilərində Lulaya məğlub olduqdan sonra dövlət çevrilişi hazırlamaqda təqsirli bilinərək 27 ildən çox müddətə azadlıqdan məhrum edilib. O, təqsirsiz olduğunu bildirir. Vəkilləri məhkəmə prosesini qeyri-legitim və siyasi motivli hesab edirlər. Məlumatlara görə, ailə üzvləri də ona qarşı ədalətsiz davranıldığını iddia edirlər.

Flavio Bolsonaro mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni sərtləşdirməyi, vergiləri və dövlət xərclərini azaltmağı vəd edib. Lula isə hökumətinin sosial və iqtisadi siyasətini ön plana çıxarıb.

Birinci turdan sonra rəqabət güclənib

Bolsonaro oktyabrın 4-də keçirilən birinci turda Luladan daha çox səs toplayaraq ikinci tura yüksəlib.

Braziliyanın Ali Seçki Məhkəməsinin məlumatına görə, Bolsonaro etibarlı səslərin 47,03 faizini, Lula isə 45,16 faizini qazanıb. Namizədlərdən heç biri birinci turda qələbə üçün tələb olunan səslərin yarıdan çoxunu toplaya bilməyib.

Birinci turun gözləniləndən daha gərgin rəqabətlə başa çatması ikinci tur ərəfəsində mübarizəni gücləndirib. Hər iki tərəf seçici fəallığını artırmağa çalışıb.

Lula və Bolsonaro oktyabrın 23-də sonuncu televiziya debatında üz-üzə gəliblər. Onlar yaşayış xərcləri ilə bağlı mübahisə edib və bir-birlərinə qarşı şəxsi ittihamlar səsləndiriblər.

Braziliyada 2026-cı il seçkilərində 158 milyondan çox vətəndaşın səsvermə hüququ var. Seçki məntəqələrinin oktyabrın 25-də Braziliya vaxtı ilə saat 08:00-da açılması, 17:00-da bağlanması nəzərdə tutulub. Səslərin hesablanmasına məntəqələr bağlandıqdan sonra başlanılacaq.

Teqlər