Bolqarıstanda Qara dənizdəki hücumlar fonunda prezident seçkiləri keçirilir

Bolqarıstanda Qara dənizdəki hücumlar fonunda prezident seçkiləri keçirilir
Prezident seçkilərində səsvermə zamanı qadın seçici. Sofiya, Bolqarıstan, 25 oktyabr 2026-cı il.
Reuters

Bolqarıstanda prezident seçkiləri keçirilir. Səsvermə Qara dənizdə ticarət gəmilərinə ölümcül dron hücumları səbəbindən təhlükəsizliklə bağlı narahatlıqların artdığı və Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı ölkədə fikir ayrılıqlarının dərinləşdiyi bir vaxta təsadüf edir.

Prezident səlahiyyətlərini icra edən İliyana Yotova və keçmiş müvəqqəti Baş nazir Andrey Gyurov 27 namizəd arasında əsas rəqiblər hesab olunurlar. Rəy sorğularına görə, seçkilərin ikinci turu noyabrın 1-də keçirilə bilər.

“Reuters”in məlumatına görə, son vaxtlar Bolqarıstan sahillərində ticarət gəmilərinə bir neçə dron hücumu olub. Hücumlar nəticəsində müxtəlif ölkələrdən olan 24-ə yaxın dənizçinin həlak olduğu ehtimal edilir.

Hücumlardan sonra Bolqarıstan dəniz təhlükəsizliyini gücləndirmək üçün müttəfiqlərindən yardım istəyib. Bu hadisələr Rusiya–Ukrayna müharibəsinin Avropa İttifaqı və NATO üzvü olan Bolqarıstanın təhlükəsizliyinə təsiri ilə bağlı narahatlıqları artırıb.

Bolqarıstan hücumlara görə Rusiyanı birbaşa ittiham etməyib. Lakin Rumen Radev bildirib ki, hücumların nəticələri Rusiyanın maraqlarına xidmət edir.

Bolqarıstan prezident seçkiləri üçün Türkiyədə 78, o cümlədən Trakya bölgəsində 15 seçki məntəqəsi yaradıb. Türkiyə, 25 oktyabr 2026-cı il.
Anadolu Agency
Namizədlərin Ukrayna ilə bağlı mövqeləri

Hər iki əsas namizəd hücumları pisləsə də, onların Rusiya–Ukrayna müharibəsi ilə bağlı mövqeləri fərqlənir.

Qərbyönlü islahatçı partiyaların dəstəklədiyi Andrey Gyurov Ukraynanı dəstəkləyir və NATO müttəfiqləri ilə daha sıx əməkdaşlığın tərəfdarıdır. O, müvəqqəti hökumətə rəhbərlik etdiyi dövrdə Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalayıb.

Gyurov seçkiqabağı mitinqdə bildirib ki, Bolqarıstan NATO-nun etibarlı müttəfiqi olmalı, öz maraqlarını hərbi hazırlığını gücləndirməklə və diplomatik yollarla qorumalıdır.

Sofiyada prezidentliyə namizəd Andrey Gyurov və vitse-prezidentliyə namizəd Georgi Kandevin seçki plakatı. Bolqarıstan, 22 oktyabr 2026-cı il.
Reuters

İliyana Yotova isə müharibənin diplomatik yolla həllinin tərəfdarıdır. O, Radevin parlament seçkilərində iştirak etmək üçün istefa verməsindən sonra yanvarda prezident səlahiyyətlərini icra etməyə başlayıb.

Yotovanı bu ilin əvvəlində prezident vəzifəsindən istefa verən və sonradan parlament seçkilərində qalib gələn Radev də dəstəkləyir.

“Rəqiblərim qarşı tərəfi zəiflətmək məqsədilə müharibənin davam etdirilməli olduğunu deyirlər. Əslində isə bu müharibədən ən çox yorulan elə bizim hamımızıq”, – Yotova tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Hazırkı Prezident İliyana Yotova və vitse-prezidentliyə namizəd Kiril Valçevin təsvir olunduğu seçki plakatı. Sofiya, Bolqarıstan, 22 oktyabr 2026-cı il.
Reuters

Yotova qalib gələrsə, Bolqarıstan tarixində seçki yolu ilə prezident seçilən ilk qadın olacaq.

Qara dənizdə təhlükəsizliyin iqtisadi əhəmiyyəti

Qara dənizdə təhlükəsizliklə bağlı narahatlıqların artması Bolqarıstan iqtisadiyyatına da təsir göstərə bilər. Ölkənin dəniz limanları regional ticarətdə mühüm rol oynayır.

Bolqarıstanın Milli Statistika İnstitutunun məlumatına görə, 2025-ci ildə ölkənin dəniz limanlarında 27,49 milyon ton yük aşırılıb. Bu, 2024-cü illə müqayisədə 6,9 faiz azdır.

Bu rəqəmlər dəniz limanlarının ölkə ticarətində mühüm yer tutduğunu təsdiqləyir. Lakin yükdaşımaların həcmindəki azalma son dron hücumlarından əvvəl qeydə alınıb.

İyul ayında Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdə minalarla mübarizə üzrə birgə qrupun fəaliyyət dairəsini genişləndirmək barədə razılığa gəliblər. Razılaşmaya əsasən, qrup strateji əhəmiyyətli sualtı infrastrukturun mühafizəsi ilə də məşğul olacaq.

Rumıniyanın Milli Müdafiə Nazirliyinin məlumatına görə, məqsəd NATO üzvü olan bu üç ölkə arasında dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirməkdir.

Birgə tədbirlər regionda gəmiçilik marşrutlarının və sualtı infrastrukturun qorunmasının vacibliyini göstərir. Son dron hücumları isə bu məsələləri yenidən gündəmə gətirib.

Rəy sorğuları nə göstərir?

“Reuters”in məlumatına görə, “Alpha Research” şirkətinin keçirdiyi rəy sorğusuna əsasən respondentlərin 41 faizi Yotovanı, 28 faizi isə Gyurovu dəstəkləyir.

Bolqarıstanda prezidentin səlahiyyətləri əsasən məhdud olsa da, dövlət başçısı Silahlı Qüvvələrin Ali Baş Komandanıdır və qanunlara veto qoymaq hüququna malikdir.

Ukraynadakı müharibənin regional təhlükəsizliyə təsiri fonunda keçirilən seçkilər Bolqarıstanın gələcək siyasi kursu baxımından da əhəmiyyət daşıyır.

Səsvermə oktyabrın 25-də yerli vaxtla saat 07:00-da başlayıb. Seçki məntəqələrinin saat 20:00-da bağlanması nəzərdə tutulur.

Namizədlərdən heç biri birinci turda qələbə üçün tələb olunan səs çoxluğunu qazana bilməsə, noyabrın 1-də ikinci tur keçiriləcək.

Teqlər