Braziliyada Lula dördüncü dəfə prezident seçilib

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva oktyabrın 25-də keçirilən prezident seçkilərinin ikinci turunda sağçı senator Flavio Bolsonaronu məğlub edib. Ölkənin seçki məhkəməsinin məlumatına görə, Lula Braziliya tarixində fasilələrlə dördüncü dəfə prezident seçilən ilk siyasətçi olub.

Braziliyanın keçmiş Prezidenti Jair Bolsonaronun böyük oğlu Flavio Bolsonaro seçkilərin birinci turunda ən çox səs toplamışdı. O, atasının ifrat sağçı siyasi hərəkatını yenidən gücləndirməyə çalışırdı. Flavio Bolsonaro məğlubiyyətini qəbul etməyəcəyini və seçkinin nəticələrinin ləğvinə çalışacağını bildirib.

Seçki kampaniyasının bəzi mərhələlərində Lulanın qələbə şansı az görünürdü. Uzun illər davam edən korrupsiya qalmaqalları və qiymət artımı seçicilərin ona və rəhbərlik etdiyi İşçi Partiyasına münasibətinə mənfi təsir göstərmişdi. Cəmiyyətdə baş verən köklü dəyişikliklər də vaxtilə metal emalı sənayesində fəhlə işləmiş və həmkarlar ittifaqına rəhbərlik etmiş Lulanın mövqeyini zəiflətmişdi. Xüsusilə mobil tətbiqlər üzərində qurulan iqtisadiyyatın genişlənməsi və qeyri-rəsmi sektorda çalışanların sayının artması Lulanın müasir əmək bazarındakı dəyişikliklərdən uzaq qaldığı təəssüratını yaratmışdı.

Lula seçki qələbəsindən sonra çıxış edir. San-Paulu, Braziliya, 25 oktyabr 2026-cı il.
Reuters

80 yaşlı Lula 2018–2019-cu illərdə korrupsiya ittihamları ilə həbsdə saxlanılmışdı. Daha sonra ona qarşı çıxarılan hökmlər ləğv edilmiş və bu, 2022-ci il prezident seçkilərində Jair Bolsonaronu məğlub etməsinə imkan yaratmışdı.

Səslərin hesablanması zamanı San-Pauluda Lulanın yanında olan solçu deputat Erika Hilton “Reuters” agentliyinə açıqlamasında onun qələbəsini yüksək qiymətləndirib.

“O, böyük dövlət xadimi, görkəmli şəxsiyyətdir”, – deyə Hilton bildirib.

Lulanın tərəfdarları seçki qələbəsini qeyd etmək üçün toplaşıblar. San-Paulu, Braziliya, 25 oktyabr 2026-cı il.
Reuters
Qələbəyə aparan yol

İctimai rəy sorğularını keçirən mütəxəssislərin fikrincə, seçici fəallığının gözləniləndən yüksək olması Lulanın qələbəsində mühüm rol oynayıb.

“Think Policy” konsaltinq şirkətinin həmtəsisçisi Leonardo Barreto bildirib ki, seçicilər Bolsonaronun təmsil etdiyi yeni siyasi istiqamət əvəzinə Lulanın tanış siyasi kursunu seçiblər.

“İnsanlar bu gün müəyyən narahatlıqla yanaşdıqları dəyişikliklə hüquqların qorunmasına təminat verən tanış yol arasında seçim edirlər”, – deyə o bildirib.

Seçki kampaniyası zamanı Lula üçüncü prezidentlik dövründə yoxsulluğun və sosial bərabərsizliyin azaldığını, işsizlik, savadsızlıq və meşələrin qırılması göstəricilərinin isə rekord aşağı səviyyəyə endiyini vurğulayıb.

Flavio Bolsonaro seçki məğlubiyyətindən sonra çıxışa gəlir. Braziliya şəhəri, 25 oktyabr 2026-cı il.

Lula seçki kampaniyasında xəbərdarlıq edib ki, Bolsonaro sosial yardım xərclərini azaldacaq, cəmiyyətin əldə etdiyi sosial nailiyyətləri təhlükə altına qoyacaq və Braziliyanın suverenliyini ABŞ Prezidenti Donald Trampın təsiri altına salacaq. ABŞ Dövlət Departamentinin isə Bolsonaro ailəsinin yenidən hakimiyyətə gəlməsini dəstəkləyən kampaniyaya rəhbərlik etdiyi bildirilir.

Lulanın qələbəsi Trampın Latın Amerikasında siyasi müttəfiqlərinin sayını artırmaq imkanını məhdudlaşdırıb. Son dövrlərdə regionda Vaşinqtonun təhlükəsizlik və miqrasiya siyasətini dəstəkləyən sağçı hökumətlərin sayı artıb.

Lulanın əvvəlki prezidentlik dövründə xarici işlər naziri olmuş Selsu Amorim “Reuters” agentliyinə bildirib ki, onun qələbəsi Latın Amerikasında siyasi tarazlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

“Lula Latın Amerikasında siyasi tarazlığın yaranmasında mühüm rol oynayacaq. Lula həmin tarazlığın təcəssümüdür”, – deyə Amorim bildirib.

Lulanın tərəfdarları seçkilərin ilkin nəticələrinə münasibət bildirirlər. San-Paulu, Braziliya, 25 oktyabr 2026-cı il.
Reuters
İşçi sinfinin müdafiəçisi

2003–2011-ci illərdə Braziliya Prezidenti olmuş Lula seçki kampaniyasında yarıməsrlik siyasi fəaliyyətinə xas praqmatik və populist yanaşmalara üstünlük verib. O, fəhlələrin və aztəminatlı braziliyalıların həyat şəraitini yaxşılaşdırmağa yönəlmiş çoxsaylı islahatlar irəli sürüb.

Kampaniyanın son günlərində açıqladığı yeni vədlər Lulanın mövqeyini gücləndirib. O, həftəsonları ölkə üzrə ictimai nəqliyyatın pulsuz olmasını təklif edib. Bu təşəbbüs hələ rəsmi qaydada Konqresə təqdim edilməlidir. Lula, həmçinin əsas sosial yardım proqramını 15 faiz genişləndirməyi vəd edib. Bu təşəbbüs artıq həyata keçirilir.

Lula Braziliyada son illərin ən böyük əmək islahatına çevrilən konstitusiya dəyişikliyini də dəstəkləyib. Konqres bu dəyişikliyi geniş dəstəklə qəbul edib.

Daha ətraflı:

Teqlər