İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiç oktyabrın 25-də keçirilən parlament seçkilərində tələbə hərəkatının parlamentdə yerlərin əksəriyyətini qazanmasından sonra məğlubiyyətini etiraf edib.
Etirazlar 2024-cü ildə Novi-Sad şəhərində baş verən faciədən sonra başlayıb. Dəmir yolu vağzalının girişindəki beton örtüyün uçması nəticəsində 16 nəfər həlak olub. Hadisə ölkədə korrupsiya iddialarına və avtoritar idarəetmənin güclənməsinə qarşı kütləvi etirazlara səbəb olub.
Vuçiç təxminən iki il davam edən tələbə etirazlarından sonra sentyabrın sonunda prezident vəzifəsindən istefa verib və növbədənkənar parlament seçkiləri elan edib.
Populist və millətçi siyasətçi kimi tanınan Vuçiç 2014-cü ildən baş nazir və ya prezident vəzifəsində çalışaraq Serbiyanın siyasi həyatında dominant mövqe tutub.

“Bu seçkilərdə məğlub olduğumuz aydındır. “Tələbə siyahısı” qalib gəlib”, – deyə o bildirib.
Vuçiçin məğlubiyyətini etiraf etməsindən sonra Belqrad küçələrində bayram əhvali-ruhiyyəsi yaşanıb. On minlərlə adam şəhərin əsas prospektlərinə axışıb. Avtomobillərin siqnal səsləri altında küçələrdə rəqslər başlayıb, tələbələr isə “Qələbə!” və “Onun dövrü bitdi!” şüarlarını səsləndiriblər.
Tələbələrin qələbəsi təxminən altı milyon əhalisi olan Serbiyanın siyasi həyatında mühüm dönüş nöqtəsidir və Macarıstanda Viktor Orbanın apreldəki məğlubiyyətini xatırladır.
Bu nəticə son həftələrdə təhsilin aşağı səviyyəsinə və gələcək perspektivlərin olmamasına etiraz olaraq küçələrə çıxan Avropanın digər tələbə hərəkatları üçün də nümunə ola bilər. Bəzi ölkələrdə bu etirazlar zorakılıqla müşayiət olunub.
Vuçiç ilkin nəticələrə əsasən, 250 yerlik parlamentdə tələbələrin 135–140, rəhbərlik etdiyi Serbiya Tərəqqi Partiyasının (SNS) isə 105 mandat qazanacağını bildirib.
Belqrad Universitetinin professoru Radomir Şayçiç tələbələrin qərargahında onların adından çıxış edərək bildirib:
“Əziz Serbiya, bu axşam xalqın səsi eşidilir. Bu gün qələbəmizi qeyd edirik, sabah isə gələcəyimizi quracağıq”.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos da daxil olmaqla, Avropa liderləri və rəsmiləri Tələbə Siyahısını seçkilərdəki qələbəsi münasibətilə təbrik ediblər.
“Serbiyanın Avropa İttifaqındakı gələcəyi naminə birgə işləməyə hazırıq”, – Fon der Lyayen “X” sosial şəbəkəsində yazıb.
Macarıstanın Baş naziri Peter Madyar da tələbələrə ölkəsinin dəstəyini ifadə edib.
Rusiya oktyabrın 26-da Serbiyadakı seçkilərin nəticələrinə münasibət bildirib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Moskva Serbiya ilə münasibətləri inkişaf etdirmək istəyir, lakin bunun üçün “tək əldən səs çıxmaz”.
Kreml ümid edir ki, Serbiyanın yeni rəhbərliyi Rusiya ilə əməkdaşlığın ölkənin maraqlarına uyğun olduğunu anlayacaq.
Serbiyanın müxtəlif şəhər və qəsəbələrində seçki məntəqələrinin qarşısında uzun növbələr yaranıb. Vuçiç də Belqradda səs vermək üçün təxminən iki saat gözləməli olub.
Rəy sorğusu şirkətləri və seçki komissiyasının məlumatına görə, seçici fəallığı 70 faizə yaxınlaşıb. Bu, 1992-ci ildə Yuqoslaviyanın dağılmasından bəri ən yüksək göstəricidir.
“Bu qədər insanın seçkidə iştirak etməsi məni təəccübləndirmədi. Çünki son iki ildə ölkədə böyük və güclü kütlə formalaşıb”, – deyə seçici Katarina Petroviç bildirib.
İkinci prezidentlik müddəti başa çatmadan istefa verərək yenidən baş nazir olmaq üçün namizədliyini irəli sürən Vuçiçin siyasi mövqeyi güclü idi.
Tələbə hərəkatının az sayda iştirakçısı onun məğlubiyyətini bu qədər tez etiraf edəcəyinə inanırdı.
Tərəfdarları isə Serbiya iqtisadiyyatının müasirləşdirilməsini, yeni avtomobil və dəmir yollarının, məktəblərin və xəstəxanaların tikintisini onun uğurları hesab edirlər.
Tələbələrin dəstəklədiyi namizədlərin gələcək fəaliyyəti ilə bağlı bir çox sual hələ də açıq qalır.
Seçki siyahısına əksəriyyəti ictimaiyyətə az tanınan 250 namizəd, o cümlədən universitet professorları, aktyorlar və fermerlər daxildir. Siyahıya rəhbərlik edən kardioloq İliya Srdanoviç Vuçiçin məğlubiyyətini etiraf etməsindən sonra göz yaşlarını saxlaya bilməyib
Lakin baş nazir vəzifəsini kimin tutacağı və tələbələrin korrupsiyaya qarşı mübarizə və təhsilin keyfiyyətinin artırılması ilə bağlı vədlərini kimin həyata keçirəcəyi hələ məlum deyil.
Siyasi təhlilçilər polis, təhlükəsizlik xidmətləri və nazirliklərdə Vuçiçin tərəfdarlarının vəzifələrindən uzaqlaşdırılacağını proqnozlaşdırırlar. Tələbələr isə xarici siyasət planları barədə hələlik ətraflı məlumat verməyiblər.
Onlar da Vuçiç kimi Serbiyaya böyük sərmayələr yatıran Çin, ölkənin ənənəvi müttəfiqi və əsas təbii qaz təchizatçısı Rusiya, eləcə də ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı ilə münasibətlərdə tarazlığı qorumalı olacaqlar.
Varşavada fəaliyyət göstərən seçki məsləhətçisi Radivoye Qruyiç bildirib:
“Ən böyük qeyri-müəyyənlik hökumətə kimin rəhbərlik edəcəyi, əsas nazir vəzifələrini kimlərin tutacağı və onların korrupsiyaya qarşı mübarizə, qanunun aliliyinin bərpası, eləcə də Serbiyanın xarici siyasətdəki mövqeyinin yenidən müəyyənləşdirilməsi ilə bağlı vədlərini hansı addımlarla həyata keçirəcəkləridir”.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata görə, bu, 2020-ci ildən bəri bir gündə qeydə alınan ən yüksək göstəricidir.
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlarla əlaqədar Rumıniya ordusu iki dəfə qırıcı təyyarələrini havaya qaldırıb.
İtaliyanın fərdi məlumatların mühafizəsi qurumu “Meta Platforms” şirkətini 805 milyon avro (887 milyon dollar) cərimələdiyini açıqlayıb. Qurumun məlumatına görə, şirkət Android istifadəçilərinin foto və videolarına onların xəbəri və razılığı olmadan çıxış əldə edib.
“SpaceX”in “Starship” kosmik gəmisi noyabrın 14-də 22,5 saatdan çox davam edən orbital uçuşdan sonra ilk dəfə Texasdakı buraxılış qülləsinin mexaniki qolları ilə tutulub. Bu, tam təkrar istifadə oluna bilən raket sisteminin yaradılmasında mühüm addımdır.
Filippin və Avstraliya noyabrın 15-də Manilada hərbi əməkdaşlığı genişləndirmək və təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədilə yeni saziş imzalayıblar. Razılaşma Cənubi Çin dənizində Çinlə gərginliyin davam etdiyi bir vaxtda əldə olunub.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın