Koreya yarımadasında gərginlik artır, sərhəddə artilleriya qurğusu görünüb

Koreya yarımadasında gərginlik artır, sərhəddə artilleriya qurğusu görünüb
Cənubi Koreyanın Kimpo şəhərindəki müşahidə məntəqəsindən çəkilmiş fotoda Şimali Koreya kəndlərindən birində təbliğat xarakterli yazılar görünür. 26 oktyabr 2026-cı il.
Reuters

Şimali Koreyanın sentyabrda baş vermiş mina partlayışı ilə bağlı Cənubi Koreyanın təqdim etdiyi məlumatlara BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubda etiraz etməsindən sonra iki ölkə arasında gərginlik artıb. Sərhəd yaxınlığında Şimali Koreyaya məxsus artilleriya qurğusu da müşahidə edilib.

Oktyabrın 26-da Cənubi Koreyadakı müşahidə məntəqəsində olan “Reuters” müxbiri sərhəd yaxınlığında Şimali Koreyaya məxsus artilleriya qurğusunu görüb.

Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi həmin silahın 122 millimetrlik özüyeriyən haubitsa olduğunu bildirib. Agentlik artilleriya qurğusunun sərhəd yaxınlığında açıq şəkildə yerləşdirilməsini nadir hal kimi qiymətləndirib.

“Reuters” həmçinin silahlarının lülələri cənuba yönəldilmiş Şimali Koreyaya məxsus üç zirehli maşın müşahidə edib. Bu zaman Şimali Koreyanın 20-30 hərbçisi Hərbsizləşdirilmiş Zonada (DMZ) sərhəd çəpərlərinin qurulması ilə məşğul olub.

Seuldakı Kyonqnam Universitetinin professoru Lim İl-Çulun fikrincə, Şimali Koreyanın hərbi qüvvələrini açıq şəkildə nümayiş etdirməsi Pxenyanın sərhəd siyasətini dialoq əvəzinə güc tətbiq etməklə həyata keçirməyə hazır olduğu mesajını vermək məqsədi daşıya bilər. O əlavə edib ki, bu addım Cənubi Koreyanı gərginliyi artıra və ya təsadüfi hərbi toqquşmaya səbəb ola biləcək hərəkətlərdən çəkindirmək üçün xəbərdarlıq da ola bilər.

Pxenyan Seulun mina insidenti ilə bağlı iddialarını rədd edir

Pxenyan BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda Cənubi Koreyanı sentyabrda Hərbsizləşdirilmiş Zonada baş vermiş mina insidenti ilə bağlı məlumatları saxtalaşdırmaqda ittiham edib.

KCNA dövlət xəbər agentliyinin məlumatına görə, Pxenyan Seulu mina insidentindən istifadə edərək sərhəddə aparılan möhkəmləndirmə işlərini hərbi müdaxilə kimi təqdim etməkdə günahlandırıb. Həmçinin suverenliyinə qarşı hər hansı təhdid hesab etdiyi hərəkətə özünümüdafiə tədbirləri ilə cavab verə biləcəyi barədə xəbərdarlıq edib.

Sentyabrda baş vermiş mina partlayışı ilə bağlı mübahisə

Pxenyan bu müraciəti Cənubi Koreyanın ötən həftə BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktuba cavab olaraq göndərib.

Seul bildirib ki, sentyabrın 21-də Hərbsizləşdirilmiş Zonada baş verən partlayışa Şimali Koreya hərbçilərinin yerləşdirdiyi minalar səbəb olub. Cənubi Koreya bunu Koreya müharibəsini dayandıran atəşkəs sazişinin pozulması kimi qiymətləndirib.

BMT Komandanlığı da Şimali Koreyaya məxsus minanın hərbi demarkasiya xəttinin o biri tərəfində yerləşdirilməsini atəşkəs sazişinin pozulması kimi qiymətləndirib. Pxenyan isə məsuliyyəti rədd edib.

Cənubi Koreyanın Birləşmə Nazirliyi oktyabrın 26-da bildirib ki, məktubda əsasən Pxenyanın əvvəlki iddiaları təkrarlanıb. Nazirliyin fikrincə, Pxenyan bununla sərhədin işarələnməsi işlərinə haqq qazandırmağa çalışır.

Seul sərhəddə gərginliyin azaldılması üçün dialoq çağırışlarını davam etdirir.

Şimali Koreya Seulu atəş açmaqda ittiham edir

Pxenyan Cənubi Koreya hərbçilərini Şimali Koreya hərbçilərinə atəş açmaqda da günahlandırıb. Şimali Koreya bu hərəkətlərin BMT Nizamnaməsini pozduğunu iddia edib.

Cənubi Koreya isə bildirir ki, Şimali Koreya hərbçiləri hərbi demarkasiya xəttini keçdikdə şifahi xəbərdarlıq edilir və xəbərdarlıq atəşi açılır.

Son illərdə Şimali Koreya hərbçiləri sərhəd boyunca hərbi məqsədli yollar çəkib, çəpərlər quraşdırıb və minalar yerləşdiriblər.

“Yonhap” agentliyinin istinad etdiyi fotolarda Şimali Koreya qüvvələrinin Cənubi Koreyanın Kimpo şəhəri yaxınlığındakı Kepunq rayonunda hərbi təlimlər keçirdiyi də görünür.

2015-ci ildə mina partlayışı hərbi gərginliyə səbəb olmuşdu

Son gərginlik 2015-ci ildə sərhəd yaxınlığında baş vermiş mina partlayışından sonra yaranan qarşıdurmanı xatırladır. Həmin hadisə nəticəsində Cənubi Koreya hərbçiləri yaralanmışdılar.

Buna cavab olaraq Seul Hərbsizləşdirilmiş Zona boyunca Şimali Koreyaya yönəlmiş səsgücləndiricilər vasitəsilə yayımları bərpa etmişdi. Bu addım iki ölkə arasında hərbi gərginliyə səbəb olmuşdu.

Pxenyan hadisə ilə bağlı təəssüfünü bildirdikdən və iki ölkə arasında yüksək səviyyədə razılıq əldə edildikdən sonra gərginlik azalmışdı.

Teqlər