“Audi” rəhbəri Trampın mitinqində iştirakına görə tənqid olunur

“Audi” rəhbəri Trampın mitinqində iştirakına görə tənqid olunur
Donald Tramp “Audi AG” şirkətinin baş icraçı direktoru Gernot Döllnerlə salamlaşır. Perri, ABŞ, 24 oktyabr 2026-cı il.
Reuters

“Audi”nin baş icraçı direktoru Gernot Döllner ABŞ Prezidenti Donald Trampla birlikdə Corciya ştatında keçirilən seçki mitinqində 4 milyard dollarlıq zavodun tikintisi planını açıqladıqdan sonra Almaniya həmkarlar ittifaqlarının rəhbərləri və siyasətçilər tərəfindən tənqid olunub.

Almaniyanın IG Metall həmkarlar ittifaqının rəhbəri və “Volkswagen”in Müşahidə Şurasının sədr müavini Kristiane Benner bildirib ki, Döllnerin mitinqdə iştirakı “Audi”nin seçki kampaniyaları zamanı siyasi neytrallığın qorunmasına dair qaydalarını pozur.

“Audi” məsələ ilə bağlı açıqlama verməyib. Lakin vəziyyətdən xəbərdar mənbə “Reuters” agentliyinə bildirib ki, Döllner tədbirə qatılmazdan əvvəl şirkətin İdarə Heyətinin üzvləri üçün nəzərdə tutulan davranış kodeksindən istisna tətbiq edilməsinə razılıq alıb.

Dörd milyard dollarlıq zavod layihəsi təsdiq gözləyir

“Audi”nin ABŞ-dəki ilk zavodu olacaq müəssisədə ildə 200 minədək SUV tipli avtomobilin istehsalı planlaşdırılır. Layihə Corciya ştatının Meykon şəhəri yaxınlığında yerləşən Perri şəhərində Donald Trampın seçki mitinqi zamanı elan edilib.

İnvestisiya layihəsi hələ “Audi”nin ana şirkəti “Volkswagen”in Müşahidə Şurası tərəfindən təsdiqlənməlidir. Şurada Almaniyadakı işçilərin nümayəndələri də təmsil olunurlar.

ABŞ-də zavodun tikintisi planı uzun sürən müzakirələrdən sonra hazırlanıb. Məqsəd idxal rüsumlarından yayınmaqdır. Bu rüsumlar ötən il “Audi”yə təxminən 1,3 milyard dollara başa gəlib.

“Volkswagen”in Müşahidə Şurasının üzvü Daniela Kavallo ABŞ-də istehsal müəssisəsinin yaradılmasının iqtisadi baxımdan məqsədəuyğun ola biləcəyini qəbul etsə də, Döllnerin investisiya planını siyasi mitinqdə açıqlamasını tənqid edib.

“Yalnız iqtisadi baxımdan yanaşsaq, “Audi”nin ABŞ-də istehsala başlaması məntiqli ola bilər”, – deyə Kavallo bildirib.

Lakin o, Döllnerin Trampın seçki kampaniyasında “kukla” roluna düşməsinə imkan verdiyini söyləyib.

Müzakirələrdən xəbərdar mənbənin sözlərinə görə, Kavallo Döllnerin mitinqdə iştirakına etirazını bildirsə də, bunun qarşısını almaq üçün rəsmi addım atmayıb.

“Audi”nin davranış kodeksi seçkilərə üç aydan az vaxt qaldıqda siyasi partiyalar və ya namizədlərlə birgə ictimai tədbirlərdə iştirak etməyi, eləcə də belə tədbirlərə sponsorluq etməyi qadağan edir. Mənbənin məlumatına görə, şirkətin İdarə Heyəti bu qaydalardan istisnalara icazə verə bilər.

Almaniyada iş yerlərinin ixtisarı fonunda siyasi tənqidlər

Tramp daha əvvəl Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasına dəstəyini ifadə edib. Bu isə Almaniyanın siyasi və biznes dairələrində narahatlıq yaradıb.

Almaniyalı avtomobil sənayesi eksperti Ferdinand Dudenhöffer Döllneri daha əvvəl Trampla eyni səhnəyə çıxan “Tesla”nın baş icraçı direktoru İlon Maskla müqayisə edib.

“Volkswagen”in ikinci ən böyük səhmdarı olan Aşağı Saksoniya əyalətinin Baş naziri Olaf Lis də belə böyük investisiya layihəsinin seçki mitinqində elan edilməsini yersiz hesab edib.

“Bu miqyasda investisiya layihəsini elan etmək üçün seçki mitinqi münasib yer deyil”, – deyə Lis bildirib.

O əlavə edib ki, Döllnerin mitinqdə iştirakı Almaniyada iş yerlərini itirməkdən narahat olan əməkdaşların təşvişini daha da artırıb.

Bu mübahisələr “Volkswagen”in xərcləri azaltmağa və təxminən 100 min iş yerini ixtisar etməyə çalışdığı bir vaxta təsadüf edir. Şirkət Çində ciddi maliyyə itkiləri, ABŞ-nin idxal rüsumları və elektromobil istehsalına keçidin yüksək xərcləri ilə üzləşir.

Almaniyadakı zavodların gələcəyi ilə bağlı narahatlıqlar da artır. “Audi”nin Nekkarzulm şəhərindəki zavodu növbəti onilliyin əvvəlində bağlana biləcək dörd “Volkswagen” müəssisəsindən biridir.

“Metzler” şirkətinin analitikləri bildiriblər ki, ABŞ-də yeni iş yerlərinin yaradılması ilə digər ölkələrdə istehsalın azaldılması planları arasında ziddiyyət var. Bu isə investisiya qərarını ictimaiyyət qarşısında əsaslandırmağı çətinləşdirir. Bununla belə, analitiklər ABŞ-də avtomobil istehsalının iqtisadi baxımdan məqsədəuyğun olduğunu düşünürlər.

Tramp noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilər ərəfəsində idxal rüsumlarını ölkədə sənaye istehsalını genişləndirmək və yeni iş yerləri yaratmaq vasitəsi kimi müdafiə edir.

Teqlər