ABŞ və Kanada gömrük rüsumlarının azaldılmasını müzakirə edir

ABŞ və Kanada gömrük rüsumlarının azaldılmasını müzakirə edir
ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə Ağ Evin Oval kabinetində görüşür. 7 oktyabr 2025-ci il.
Reuters

Vaşinqton və Ottava Kanada poladına və avtomobillərinə tətbiq edilən ABŞ gömrük rüsumlarının azaldılmasını nəzərdə tutan razılaşmanın əldə olunması üçün danışıqlar aparır. Bu barədə ABŞ-dən iki, Kanadadan isə dörd mənbə məlumat verib.

Tərəflər avqustda ticarət danışıqlarının nəticəsiz başa çatmasından sonra gərginləşən münasibətləri yaxşılaşdırmağa çalışırlar.

Danışıqlar ABŞ-nin ticarət qanunvericiliyinin 232-ci maddəsi əsasında tətbiq olunan gömrük rüsumlarına yönəlib. Kanada poladına 50 faizədək, avtomobillərinə isə 25 faiz gömrük rüsumu tətbiq olunur. Tərəflər hər iki məhsul üzrə rüsumların azaldılması imkanlarını nəzərdən keçirirlər.

Danışıqlar ABŞ-də siyasi baxımdan həssas dövrə təsadüf edir. Prezident Donald Trampın ictimai dəstək göstəriciləri rekord aşağı səviyyəyə düşüb. Trampın mənsub olduğu Respublikaçılar Partiyası isə noyabrın 3-də keçiriləcək aralıq seçkilərində Konqresə nəzarəti itirə bilər. Kanada məhsullarına tətbiq edilən rüsumlar respublikaçılar üçün siyasi problemə çevrilib. Sərhədyanı ştatlarda partiyanın namizədləri ticarət müharibəsinə son qoymağa çağırırlar.

Danışıqlardan xəbərdar olan Kanada mənbələrindən biri polad və avtomobillərlə bağlı razılaşmanın seçkilərədək əldə oluna biləcəyini bildirib. ABŞ mənbələrinin sözlərinə görə isə Vaşinqton administrasiyası Kanadadan əlavə güzəştlər gözləyir. Danışıqlar qapalı aparıldığı üçün mənbələr adlarının açıqlanmasını istəməyiblər.

 Danışıqlarda ABŞ-nin ticarət naziri əsas rol oynayır

232-ci maddə əsasında tətbiq olunan gömrük rüsumlarına ABŞ Ticarət Nazirliyi cavabdehdir. Buna görə də danışıqlarda əsas rolu ABŞ-nin ticarət naziri Hovard Latnik oynayır. Bu barədə hər iki tərəfin mənbələri məlumat veriblər.

Mənbələrdən birinin sözlərinə görə, Latnik son vaxtlar Kanadanın ABŞ ilə ticarət əlaqələrinə cavabdeh naziri Dominik Löblanla tez-tez əlaqə saxlayır.

Löblanın sözçüsü bildirib ki, Kanada bir sıra prioritet məsələlər üzrə ABŞ rəsmiləri ilə konstruktiv dialoqu davam etdirir. Ottava öz maraqlarını qorumaqla yanaşı, hər iki tərəf üçün faydalı ticarət münasibətlərinin qurulması istiqamətində qarşılıqlı etimad əsasında əməkdaşlığa hazırdır.

ABŞ Ticarət Nümayəndəliyinin rəsmisi bildirib ki, qurum son günlər Kanada ilə mümkün razılaşmanın ümumi çərçivəsini və həllini gözləyən digər ticarət məsələlərini də müzakirə edib.

Ağ Ev və ABŞ Ticarət Nazirliyi məsələ ilə bağlı şərh verməyib.

Ottava danışıqlarda müəyyən irəliləyiş görür

Kanadanın Baş naziri Mark Karni bildirib ki, son günlər Vaşinqtonla danışıqlar bir qədər intensivləşib, lakin ölkəsinin mövqeyi dəyişməyib. O, irəliləyişi ABŞ-nin Kanadanın mövqeyinə yaxınlaşması ilə izah edib, lakin təfərrüat açıqlamayıb.

Kanadanın sənaye sektorundan olan mənbənin sözlərinə görə, razılaşma əldə olunarsa, bu, qısa müddətdə baş verə bilər. Sazişin isə məhdud sayda məsələni əhatə edəcəyi gözlənilir. Bununla belə, mənbə razılaşmanın ümumiyyətlə əldə olunmaya biləcəyi barədə xəbərdarlıq edib.

Kanadanın digər mənbəsi isə 232-ci maddə üzrə gömrük rüsumlarına dair razılaşmanın aralıq seçkilərindən əvvəl əldə olunacağını çoxdan gözlədiklərini bildirib.

Onun sözlərinə görə, yekun razılaşma Tramp və Karninin qərarlarından asılı olacaq. Hər iki lider qarşılıqlı faydalı nəticənin mümkün olduğunu bildirib. Karni isə dəfələrlə yalnız Kanada üçün sərfəli razılaşmanı qəbul edəcəyini vurğulayıb.

Dayandırılan danışıqlar yenidən başlayıb

ABŞ və Kanada arasında əvvəlki ticarət danışıqları avqustda nəticəsiz başa çatıb. Fikir ayrılıqlarından biri Kanada zavodları üçün mühüm əhəmiyyət daşıyan orta və ağır tonnajlı nəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumlarının azaldılması ilə bağlı olub.

ABŞ avtomobil istehsalçıları həmin danışıqların ilkin 25 faizlik rüsumların azaldılması ilə nəticələnəcəyinə ümid edirdilər. Bu rüsumlar avtomobillərin və ehtiyat hissələrinin sərhəddən daşınması xərclərini artırıb.

Tramp bildirib ki, 2027-ci il yanvarın 1-dən Kanadadan idxal olunan polad və avtomobillərə gömrük rüsumlarını 50 faizə qaldıracaq.

O, oktyabrın 25-də keçirilən mitinqdə mübahisənin tezliklə həll olunacağını proqnozlaşdırıb, lakin əlavə məlumat verməyib.

Oktyabrın 23-də isə Tramp Kanadanın bəzi kənd təsərrüfatı və meşə təsərrüfatı məhsullarına tətbiq edilən 50 faizlik gömrük rüsumlarının ləğvi barədə sərəncam imzalayıb. Bu addım ABŞ-nin Men ştatındakı müəssisələrə fayda verə bilər.

Teqlər