Melaniya Tramp Xerson vilayətində atəşkəsin əhatə dairəsinin genişləndirildiyini açıqlayıb

Melaniya Tramp Xerson vilayətində atəşkəsin əhatə dairəsinin genişləndirildiyini açıqlayıb
Yanğınsöndürənlər Rusiyanın gecə saatlarında həyata keçirdiyi dron hücumu nəticəsində zərər görən ticarət mərkəzində çalışırlar. Zaporojye, Ukrayna, 26 oktyabr 2026-cı il.
Reuters

Rusiya və Ukrayna oktyabrın 27-də Rusiyanın işğalı altında olan Oleşki şəhərində humanitar əməliyyatların başlanması üçün lokal atəşkəsin qüvvəyə mindiyini bildiriblər. Bununla belə, tərəflər digər bölgələrdə, o cümlədən Ukraynanın paytaxtı Kiyevdə hücumları davam etdirirlər.

⦿ 22:32 | YENİLƏNİB

Rusiya Rumıniyanın yanğın və gəmi hücumları ilə bağlı ittihamlarını rədd edib

Anadolu

Rusiya Rumıniyanın Braşov şəhəri yaxınlığındakı müdafiə sənayesi müəssisəsində sentyabrda baş vermiş yanğınla əlaqəsi barədə ittihamları rədd edib. Moskva xaricdə təxribat əməliyyatlarında iştirak etmədiyini bildirib.

Rusiyanın Rumıniyadakı səfiri Vladimir Lipayev ölkənin Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra bu iddiaları təkzib edib. Moskva Qara dənizdə kommersiya gəmilərinə hücumlarla bağlı ittihamları da rədd edərək, dəniz təhlükəsizliyinə təhdid yaratmaqda Ukraynanı günahlandırıb.

Rumıniya hakimiyyəti isə sentyabrın 14-də baş vermiş yanğınla əlaqədar Rusiyanın koordinasiya etdiyi təxribat şəbəkəsini üzə çıxardığını bildirib. Məlumata görə, iki Belarus və bir Ukrayna vətəndaşı şübhəli şəxs qismində müəyyən edilib.

⦿ 22:18 | YENİLƏNİB
Putin Zelenskini birbaşa danışıqlar üçün Moskvaya dəvət edib
Anadolu

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskini birbaşa sülh danışıqları üçün Moskvaya dəvət edib və onun təhlükəsizliyinə zəmanət verəcəyini açıqlayıb.

Uşakovun sözlərinə görə, Putin bu dəvəti Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Styore ilə telefon danışığı zamanı təkrarlayıb. Hər iki lider Zelenskinin birbaşa danışıqlarda maraqlı olduğunu Rusiya Prezidentinə çatdırıb.

Telefon danışığında Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə üçtərəfli danışıqların bərpası da müzakirə olunub. Uşakov bildirib ki, hazırda Avropa ölkələrinin nümayəndələrinin bu danışıqlarda iştirakı nəzərdən keçirilmir.

⦿ 21:35 | YENİLƏNİB

Oleşkidə atəşkəs noyabrın 1-dək qüvvədə qalacaq

Anadolu

Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova bildirib ki, ABŞ-nin vasitəçiliyi ilə Ukraynanın Xerson vilayətindəki Oleşki şəhərində əldə olunan atəşkəs noyabrın 1-də Moskva vaxtı ilə saat 22:59-dək qüvvədə qalacaq.

Lantratovanın sözlərinə görə, humanitar əməliyyatlara şərait yaratmaq məqsədilə oktyabrın 27-də səhər saatlarında başlayan atəşkəsə tam əməl olunur. O bildirib ki, Qrinviç vaxtı ilə saat 14:30-a qədər tərəflərdən heç birinin atəşkəsi pozması barədə məlumat daxil olmayıb.

Rusiyalı rəsmi əlavə edib ki, Moskva və Kiyev ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə əməkdaşlığı davam etdirirlər. ABŞ və Ukrayna rəsmiləri isə atəşkəsin başa çatacağı vaxtla bağlı hələlik açıqlama verməyiblər.

⦿ 21:20 | YENİLƏNİB

Vatikan Oleşkidə atəşkəs danışıqlarında iştirak etmədiyini açıqlayıb

Reuters

Vatikanın xarici işlər naziri bildirib ki, Müqəddəs Taxt-Tac Ukrayna ilə Rusiya arasında Rusiyanın işğalı altında olan Oleşki şəhərində atəşkəsin əldə olunması üçün aparılan danışıqlarda iştirak etməyib.

Açıqlama humanitar yardımların çatdırılmasına şərait yaratmaq məqsədilə məhdud atəşkəsin Xerson vilayətinin digər ərazilərinə də şamil edildiyi barədə məlumatların yayıldığı bir vaxtda verilib.

⦿ 20:30 | YENİLƏNİB

Melaniya Tramp: “Xersonda Ukrayna və Rusiya arasında atəşkəsin tətbiq edildiyi ərazilər genişləndirilib”

 

ABŞ-nin birinci xanımı Melaniya Tramp bildirib ki, Ukrayna ilə Rusiya arasında Xerson vilayətində tətbiq olunan məhdud atəşkəs Oleşki şəhərindən kənar ərazilərə də şamil edilib. Məqsəd humanitar yardım karvanlarının vilayətin bəzi ərazilərindən təhlükəsiz keçidini təmin etməkdir.

Onun sözlərinə görə, mülki əhalini qorumaq və zəruri humanitar yardımların çatdırılmasını asanlaşdırmaq məqsədilə atəşkəsin başlanma vaxtı iki gün əvvələ çəkilib.

⦿ 20:05 | YENİLƏNİB

Ukrayna və Rusiya Oleşkidə atəşkəsə əməl olunduğunu bildirir

Reuters

Ukraynanın ombudsmanının sözlərinə görə, həm Kiyev, həm də Moskva Rusiyanın işğalı altında olan Oleşki şəhərində indiyədək atəşkəsin pozulması halının qeydə alınmadığını bildirib.

Daha əvvəl Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa bu atəşkəsin daha geniş sülh danışıqları üçün etimadın formalaşmasına kömək edə biləcəyini vurğulayıb.

⦿ 20:00 | YENİLƏNİB

Lavrov Ukraynada müharibənin daha da şiddətlənə biləcəyi barədə xəbərdarlıq edib

Reuters

Rusiya xəbər agentliklərinin məlumatına görə, ölkənin xarici işlər naziri Sergey Lavrov Ukraynada müharibənin davam edəcəyini və döyüşlərin daha da şiddətlənə biləcəyini bildirib.

Prezident Vladimir Putinin Finlandiya və Norveç liderləri ilə telefon danışıqlarını şərh edən Lavrov bu ölkələrin münaqişənin həlli üçün yeni təklif irəli sürmədiklərini deyib.

O, Avropa ölkələrini konkret təşəbbüs təqdim etmədən sülh danışıqlarında yer almağa çalışmaqda ittiham edib.

⦿ 19:49 | YENİLƏNİB

Sibiqa: “Oleşkidə atəşkəs sülh danışıqlarına təkan verə bilər”

Reuters

Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa bildirib ki, Rusiyanın işğalı altında olan Oleşki şəhərində ABŞ-nin vasitəçiliyi ilə təklif edilən atəşkəs daha geniş sülh danışıqları üçün etimadın formalaşmasına kömək edə bilər.

Təklif şəhərdə ərzaq böhranı barədə məlumatların yayıldığı bir dövrdə irəli sürülüb.

“Əgər Oleşkidə nəticə görsək, bu, sülh prosesində digər addımlara yol aça bilər”, — deyə Sibiqa bildirib. O, müharibəyə son qoymaq üçün diplomatik səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Andriy Sıbiha, Elina Valtonen və Espen Bart Eyde mətbuat konfransı keçirirlər. Helsinki, Finlandiya, 27 oktyabr 2026-cı il.

⦿ 19:46 | YENİLƏNİB

Birləşmiş Krallıq və Polşa müdafiə əməkdaşlığı sazişi imzalayıb

Anadolu

Birləşmiş Krallıq və Polşa NATO-nun şərq cinahını gücləndirmək və Rusiyadan gələn təhdidlərə qarşı müdafiəni möhkəmləndirmək məqsədilə yeni saziş imzalayıb.

Birləşmiş Krallığın Müdafiə naziri Ues Stritinq və polşalı həmkarı Vladislav Kosinyak-Kamış “Varşava Müdafiə Planı”nı imzalayıblar. Sənəd quru, dəniz, hava, kiber və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Saziş yeni nəsil hava hücumundan müdafiə raketlərinin, dronların və onlara qarşı mübarizə texnologiyalarının birgə hazırlanmasını əhatə edir. Tərəflər həmçinin kiberhesablama və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyi, Baltik dənizində hərbi dəniz təlimlərinin sayını artırmağı planlaşdırırlar.

⦿ 19:06 | YENİLƏNİB

Birləşmiş Krallıq və Polşa Rusiyadan gələn təhdidlərə qarşı müdafiə sazişi imzalayıblar

Anadolu

Birləşmiş Krallıq və Polşa NATO-nun şərq cinahını gücləndirmək və Rusiyadan gələn təhdidlərin qarşısını almaq məqsədilə müdafiə sahəsində yeni əməkdaşlıq planı imzalayıblar.

Birləşmiş Krallığın müdafiə naziri Ves Stritinq və polşalı həmkarı Vladislav Kosinyak-Kamış oktyabrın 27-də Varşavada üçillik Müdafiə Əməkdaşlığı Planını imzalayıblar. Sənəd quru, dəniz, hava və kibertəhlükəsizlik sahələrində, eləcə də müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Razılaşma çərçivəsində tərəflər yeni hərbi texnologiyaların, o cümlədən dron və antidron sistemlərinin inkişafı, kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və birgə hərbi təlimlərin keçirilməsi istiqamətində əməkdaşlığı artıracaqlar.

⦿ 18:26 | YENİLƏNİB

Polşada “Patriot” raketlərinə texniki xidmət mərkəzi yaradılacaq

Polşada ABŞ-nin “Lockheed Martin” şirkətinin istehsalı olan “Patriot” raketdən müdafiə sistemlərinin raketlərinə texniki xidmət göstərən mərkəz yaradılacaq.

Bu barədə Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetska oktyabrın 27-də məlumat verib.

Polşa bir neçə ay davam edən danışıqlardan sonra Almaniya, Niderland və Norveçi geridə qoyaraq investisiyanın ölkəyə cəlb edilməsinə nail olub.

Sobkovyak-Çarnetska bildirib ki, bu qərar Polşa nümayəndə heyətinin uzunmüddətli danışıqlarının və səylərinin nəticəsidir.

⦿ 18:00 | YENİLƏNİB

Norveç Ukraynanın enerji sektoruna 53,7 milyon dollar ayırır

Reuters

Norveç qış mövsümü ərəfəsində Ukraynanın enerji sektoruna dəstək məqsədilə 500 milyon Norveç kronu (53,7 milyon dollar) ayırır.

Bu barədə Norveçin Energetika Nazirliyi oktyabrın 27-də məlumat yayıb.

⦿ 17:18 | YENİLƏNİB

Polşa “Patriot” raketlərinə texniki xidmət mərkəzi ilə bağlı elan gözləyir

Reuters

Polşanın Baş naziri Donald Tusk ölkədə “Patriot” sistemlərində istifadə olunan önləyici raketlərə texniki xidmət mərkəzinin yaradılması ilə bağlı bu gün elan gözlənildiyini bildirib. Söhbət “Lockheed Martin” şirkətinin istehsal etdiyi raketlərdən gedir.

Hökumətin iclasından əvvəl danışan Tusk iclas başa çatdıqdan sonra layihə üçün tərəfdaşın seçildiyinə dair xəbər alacaqlarına çoxsaylı əlamətlərin olduğunu deyib. O, layihənin Polşanın müdafiəsi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Polşanın Baş naziri Donald Tusk Varşava Təhlükəsizlik Forumunda çıxış edir. Varşava, Polşa, 12 oktyabr 2026-cı il.

⦿ 16:52 | YENİLƏNİB

Tusk: “NATO-nun şimal və şərq cinahlarının təhlükəsizliyi güzəşt mövzusu deyil”

Reuters

Finlandiya və Norveç liderləri Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda NATO-nun şimal və şərq cinahlarının təhlükəsizliyinin prioritet olduğunu və bu məsələdə güzəştə gedilməyəcəyini vurğulayıblar. Bunu  Polşanın Baş naziri Donald Tusk bildirib.

Tusk hökumətin televiziya ilə yayımlanan iclasında Ukrayna üzrə Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqlara da toxunub.

⦿ 16:50 | YENİLƏNİB

Putin təbii qazı “yaşıl keçid” üçün yanacaq adlandırıb

Reuters

Rusiya Prezidenti Vladimir Putin “yaşıl gündəliyin” həddindən artıq aqressiv şəkildə irəli sürülməməli olduğunu bildirib. Moskvada keçirilən qaz ixracatçısı ölkələrin konfransında çıxış edən Putin keçid dövründə təbii qazdan istifadənin vacibliyini vurğulayıb.

⦿ 16:44 | YENİLƏNİB

Rusiya Arktikada ABŞ ilə əməkdaşlıq imkanlarını araşdırır

Reuters

Rusiya Prezidenti Vladimir Putin Moskvanın resurslarla zəngin Arktika bölgəsində ABŞ tərəfdaşları ilə əməkdaşlıq imkanlarını araşdırdığını bildirib. O, bu barədə Moskvada keçirilən qaz ixracatçısı ölkələrin konfransında danışıb.

Putin nəzərdən keçirilən birgə layihələrin təbii qaz, yoxsa digər resursların hasilatını əhatə edəcəyini dəqiqləşdirməyib.

⦿ 16:33 | YENİLƏNİB

Putin təbii qaz tədarükünü artırmağa çağırıb

Reuters

Rusiya Prezidenti Vladimir Putin təbii qaz tədarükünün artırılması və ixrac marşrutlarının daha səmərəli təşkili üçün səyləri gücləndirməyə çağırıb.

Putin Rusiyanı qlobal qaz bazarından kənarlaşdırmaq cəhdlərinin ciddi fəsadlara yol aça biləcəyini bildirib. O, Moskvanın qaz sektorunda əməkdaşlığa açıq olduğunu da vurğulayıb.

⦿ 16:30 | YENİLƏNİB

Oleşkidə atəşkəs noyabrın 1-dək davam edəcək

Reuters

Ukraynanın baş danışıqçısı David Araxamiya bildirib ki, Rusiyanın işğalı altında olan Oleşki şəhərində ABŞ-nin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs noyabrın 1-dək davam edəcək.

“Reuters”in məlumatına görə, Araxamiya “Telegram” kanalında bunu 2022-ci ildən bəri gərginliyin azaldılması istiqamətində atılmış ən böyük addım kimi qiymətləndirib. O əlavə edib ki, hər belə addım sülhü daha da yaxınlaşdırır.

⦿ 16:23 | YENİLƏNİB

Belqorodda dron hücumları nəticəsində bir nəfər həlak olub

“Reuters”in məlumatına görə, yerli hakimiyyət orqanları bildiriblər ki, Ukraynanın Rusiyanın Belqorod şəhərinə dron hücumları nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.

Ukraynanın dron hücumu nəticəsində zərər görmüş yaşayış kompleksi. Belqorod, Rusiya, 25 oktyabr 2026-cı il.

⦿ 16:12 | YENİLƏNİB

Rusiya dizeli daşıyan dördüncü tanker oktyabrın 28-də yola düşəcək

Reuters

Rusiya ilə ABŞ arasında dizel tədarükünə dair razılaşma çərçivəsində dördüncü tanker oktyabrın 28-də Rusiyadan yola düşəcək.

“Reuters”in məlumatına görə, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib. Razılaşmadan sonra artıq üç tanker yola salınıb. İlk tanker oktyabrın 22-də limanı tərk edib.

Moskva və Vaşinqton oktyabrın əvvəlində Rusiyanın ABŞ-yə və qlobal bazarlara dizel tədarükü barədə razılığa gəliblər. Bu çərçivədə ABŞ Rusiya yanacağına tətbiq etdiyi sanksiyaları müvəqqəti olaraq ləğv edib.

⦿ 15:49 | YENİLƏNİB

Zelenski: "Finlandiya və Norveç liderləri Putini hücumları dayandırmağa çağırıblar"

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Finlandiya və Norveç liderləri Rusiya Prezidenti Vladimir Putinə Ukraynanın enerji və infrastruktur obyektlərinə hücumların dayandırılmasının vacibliyini çatdırıblar.

“Reuters”in məlumatına görə, Zelenski hər iki liderlə danışıqdan sonra “Telegram” kanalında bu barədə yazıb. O qeyd edib ki, Finlandiya Prezidenti Aleksander Stubb və Norveçin Baş naziri Yonas Qar Styore Putinə enerji və infrastruktur sahələrində gərginliyin azaldılması üçün konkret addımların zəruriliyini açıq şəkildə bildiriblər.

Ukrayna Prezidenti Volodimir Zelenski, Norveçin Baş naziri Yonas Qar Styore və Finlandiya Prezidenti Aleksander Stubb. Oslo, Norveç, 20 oktyabr 2026-cı il.

⦿ 15:16 | YENİLƏNİB

Rusiya, Ukrayna və ABŞ üçtərəfli danışıqları bərpa etməyə razılaşıb

Reuters

Kremlinin oktyabrın 27-də yaydığı məlumata görə, Rusiya, Ukrayna və ABŞ noyabrın birinci yarısında Əbu-Dabidə üçtərəfli danışıqları bərpa etmək barədə razılığa gəliblər.

Kremlin açıqlamasına əsasən, bu barədə məlumat Rusiya Prezidenti Vladimir Putinin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışıqlarından sonra verilib. Bildirilir ki, liderlər əldə olunan razılaşmanı müsbət qarşılayıblar.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Finlandiya və Norveç liderləri ilə noyabrda keçiriləcək görüşü müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, hər iki lider Putini Ukraynanın enerji obyektlərinə və infrastrukturuna hücumları azaltmağa çağırıb.

⦿ 14:32 | YENİLƏNİB

Putin Ukraynada sülh üçün şərtlər irəli sürüb

Reuters

Kremlinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə danışıqlarda bildirib ki, Ukraynada sülh yalnız Rusiyanın maraqları tam və qeyd-şərtsiz nəzərə alındığı halda mümkün olacaq.

Kremlin açıqlamasına əsasən, Putin Avropa İttifaqı və NATO-nu münaqişənin uzanmasına səbəb olan qarşıdurma siyasəti yürütməkdə də ittiham edib.

⦿ 14:10 | YENİLƏNİB

Danimarka Finlandiya və Norveç liderlərinin Putinlə danışıqlarını tənqid edib

Reuters, TASS

Danimarkanın Baş naziri Mette Frederiksen Finlandiya və Norveç liderlərinin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmasını tənqid edib. O bildirib ki, bu təşəbbüs digər Avropa tərəfdaşları ilə razılaşdırılmayıb.

“Norveç və Finlandiyanın bu təşəbbüsünə ciddi şübhə ilə yanaşıram. Bu addım bizim heç birimizlə razılaşdırılmayıb”, – deyə Frederiksen DR telekanalına bildirib.

Danimarka Baş nazirinin açıqlaması Putinin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışıqlarından sonra səsləndirilib.

Rusiya dövlət mediasının məlumatına görə, liderlər Ukraynadakı vəziyyəti, Oleşki ətrafındakı atəşkəsi və Əbu-Dabidə keçiriləcək görüşləri müzakirə ediblər. Tərəflər əlaqə saxlamağa davam etmək barədə razılığa gəliblər.

Zelenskinin köməkçisinin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski də daha sonra Finlandiya və Norveç liderləri ilə telefon danışıqları aparıb.

⦿ 13:56 | YENİLƏNİB

Zelenski Putinlə danışıqlardan sonra Finlandiya və Norveç liderləri ilə danışıb

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 27-də Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışıqları aparıb. Zelenskinin köməkçisinin sözlərinə görə, hər iki lider bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Rusiyanın TASS dövlət xəbər agentliyi Kremlin sözçüsü Dmitri Peskova istinadən Putinin həmin gün Finlandiya və Norveç liderləri ilə telefon danışıqları apardığını təsdiqlədiyini bildirib.

Danışıqların təfərrüatları hələlik açıqlanmayıb.

⦿ 13:42 | YENİLƏNİB

Kreml Putinin Norveç və Finlandiya liderləri ilə mümkün danışıqlarına münasibət bildirib

Reuters

Kreml “Bloomberg”in Rusiya Prezidenti Vladimir Putinin Norveç və Finlandiya liderləri ilə Ukraynada sülh sazişinin əldə olunması perspektivlərini müzakirə etmək üçün oktyabrın 27-də telefon danışıqları apara biləcəyi barədə məlumatını nə təsdiq, nə də təkzib edib.

⦿ 13:30 | YENİLƏNİB

Kreml Oleşkidə atəşkəsə əməl olunduğunu açıqlayıb

Reuters

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyanın nəzarətində olan Ukraynanın Oleşki şəhəri ətrafında indiyədək atəşkəsin pozulması halı qeydə alınmayıb. Moskva və Kiyev bölgədə humanitar əməliyyatların başlanması üçün atəşin dayandırılması barədə razılığa gəliblər.

Oktyabrın 27-də qüvvəyə minən atəşkəs Ukraynanın cənubunda, cəbhə xəttində yerləşən Oleşki şəhərinə humanitar yardımın çatdırılmasına və sakinlərin təxliyəsinə şərait yaratmaq məqsədi daşıyır. Şəhərdə ciddi ərzaq və dərman çatışmazlığı yaşanır.

⦿ 13:06 | YENİLƏNİB
Zelenski: “Rusiyanın Kiyevdəki əsas körpülərdən birinə zərbəsi ciddi eskalasiyadır”
Reuters

Rusiya gecə saatlarında Ukraynaya 16 ballistik raket və 280-dən çox dronla hücum edib. Hücum zamanı Kiyevdəki əsas avtomobil körpülərindən biri vurulub. Ukrayna Prezidenti Volodimir Zelenski bunu ölkənin logistika infrastrukturuna qarşı hücumların ciddi şəkildə genişləndirilməsi kimi qiymətləndirib.

“Təəssüf ki, Kiyevdə insan tələfatı və dağıntılar var. Cənub körpüsü də vurulub”, – deyə Zelenski “X” sosial şəbəkəsində bildirib. O, paytaxtı iki hissəyə ayıran Dnepr çayı üzərindəki əsas avtomobil körpülərindən birini nəzərdə tutub.

“Bu, Rusiyanın logistika infrastrukturumuza qarşı əməliyyatlarında ciddi eskalasiyadır. Kiyev, Vinnitsa, Zaporojye, Dnepr, Xarkov, Odessa, Çerniqov, Sumı, Donetsk, Xerson və Çernovtsı vilayətlərinə də zərbələr endirilib”, – deyə Zelenski əlavə edib.

⦿ 10:28 | YENİLƏNİB
Rusiya Kiyevdə nəqliyyat infrastrukturuna zərbələr endirib
Reuters

Rusiya Kiyevdə nəqliyyat infrastrukturuna, Xarkov vilayətində logistika mərkəzinə və yük gəmilərinə zərbələr endirib.

“Reuters” xəbər verir ki, bu barədə oktyabrın 27-si Rusiya Müdafiə Nazirliyinə istinadən Rusiya xəbər agentlikləri məlumat yayıb.

Rusiyanın raket zərbəsindən sonra universitet şəhərciyinin kənarında yaranan çuxurun ətrafına toplaşan tələbələr. Kiyev, Ukrayna, 26 oktyabr 2026-cı il.
Reuters

⦿ 10:25 | YENİLƏNİB
Rusiya yük gəmisini vurduğunu bildirib
Reuters

Rusiya Müdafiə Nazirliyi qüvvələrinin Qara dənizdə Ukrayna ordusu üçün yük daşıyan gəmiyə, həmçinin Kiyevdə pilotsuz uçuş aparatlarının istehsalı və saxlanılması ilə məşğul olan sənaye obyektinə zərbə endirdiyini bildirib.

Bu barədə oktyabrın 27-də  Rusiya xəbər agentlikləri məlumat yayıb.

⦿ 10:23 | YENİLƏNİB
Zaporojyedə avtobusa dron hücumu: bir nəfər ölüb, 30 nəfər yaralanıb
Reuters

Ukraynanın Zaporojye vilayətinin Rusiyanın işğal etdiyi hissəsində sərnişin avtobusuna dron hücumu nəticəsində bir nəfər ölüb, 30 nəfər yaralanıb. Bu barədə Rusiyanın təyin etdiyi qubernator Yevgeni Balitski məlumat verib.

Bu arada Rusiya və Ukrayna Xerson vilayətində Rusiyanın nəzarətində olan Oleşki şəhəri ətrafında ayrıca lokal atəşkəsə başlayıblar. Rusiyanın məlumatına görə, humanitar yardımların çatdırılması və mülki şəxslərin təxliyəsi üçün oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində atəş açılması dayandırılıb.

⦿ 10:13  | YENİLƏNİB
Kiyevə hücum nəticəsində Cənub körpüsü və metro infrastrukturu zədələnib
Reuters

Kiyevin meri Vitali Kliçko bildirib ki, oktyabrın 27-si şəhərə edilən hücum nəticəsində Cənub körpüsü və körpüdən keçən metro infrastrukturu zədələnib.

Şəhər hakimiyyətinin məlumatına görə, hücumdan sonra körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Teqlər