Rusiya və Ukrayna Oleşki ətrafında atəşkəs barədə razılığa gəlib

Rusiya və Ukrayna Oleşki ətrafında atəşkəs barədə razılığa gəlib
Oleşki şəhərindən qaçan ailə Kiyev vilayətində yeni həyata başlayır. 26 oktyabr 2026-cı il.
Reuters

Rusiya və Ukrayna Rusiyanın nəzarətində olan Oleşki şəhəri ətrafında lokal atəşkəsə başlayıblar. Razılaşma bölgəyə humanitar yardımın çatdırılması və sakinlərin təxliyəsi üçün şərait yaradılmasını nəzərdə tutur.

Rusiya Müdafiə Nazirliyi “Telegram”da bildirib ki, oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan etibarən Ukraynanın nəzarətində olan Xerson şəhəri istiqamətində atəş dayandırılıb.

Nazirliyin məlumatına görə, məqsəd Dnepr çayının Xersonla üzbəüz sahilində yerləşən Oleşki şəhərinə humanitar yardımın çatdırılmasına və təxliyə əməliyyatına hazırlıq görülməsinə şərait yaratmaqdır.

Ukrayna parlamentinin insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets də atəşkəsin qüvvəyə mindiyini təsdiqləyib. O bildirib ki, Ukrayna razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edir.

Oleşkidən mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizin açılmasını tələb edən insanlar aksiya keçirirlər. Kiyev, Ukrayna, 6 oktyabr 2026-cı il.
Reuters
Humanitar böhran dərinləşir

Rusiya qoşunları 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumun ilk günlərində Oleşki şəhərini ələ keçirib. Şəhər o vaxtdan Rusiyanın nəzarətindədir. Bölgəni tərk etmək imkanları məhdud olan sakinlər ərzaq və dərman çatışmazlığı ilə üzləşirlər.

Oleşkidəki ağır humanitar vəziyyət beynəlxalq ictimaiyyətin, o cümlədən Roma Papası XIV Leonun diqqətini cəlb edib. Papa Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışıqlarında şəhərdəki vəziyyəti müzakirə edib və humanitar atəşkəsə çağırıb.

Ağ Ev oktyabrın 23-də ABŞ-nin birinci xanımı Melaniya Trampın Oleşkidə atəşkəs razılaşmasının əldə olunmasında vasitəçilik etdiyini açıqlayıb.

Bununla belə, Ukraynanın digər bölgələrində döyüşlər davam edir. Oktyabrın 27-də səhər saatlarında Kiyevdə raket hücumları zamanı partlayışlar baş verib.

Teqlər