Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 27-də Moskvada keçirilən sammitdə qaz istehsalçılarını dünya bazarına tədarükü artırmağa və infrastruktura daha çox sərmayə yatırmağa çağırıb. O, ABŞ ilə enerji sahəsində mümkün əməkdaşlıqdan danışıb.
Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) VIII sammitində çıxış edən Putin dünyada təbii qaza tələbatın artdığını bildirib. O, yeni qaz yataqlarının işlənməsinə, emal müəssisələrinin tikintisinə və nəqliyyat infrastrukturunun inkişafına daha çox sərmayə yatırmağın vacibliyini vurğulayıb.
“Qaz tədarükünü artırmalıyıq”, – deyən Putin Rusiyanın ABŞ şirkətləri ilə enerji sahəsində birgə layihələr həyata keçirmək imkanlarını nəzərdən keçirdiyini bildirib.
Putinin sözlərinə görə, təbii qazın qlobal enerji istehlakındakı payı təxminən 25 faizdir. 2025-ci ildə dünyada qaz istehlakı 1,2 faiz artaraq 4,2 trilyon kubmetrə çatıb.
Rusiya Prezidentinin proqnozuna görə, əsrin ortalarınadək illik qaz tələbatı 5,5 trilyon kubmetrə, beynəlxalq qaz tədarükü isə 1,7 trilyon kubmetrə çata bilər.
Putin qaz sənayesinin əsas problemləri sırasında geosiyasi gərginliyi, təchizat marşrutlarında fasilələri, avadanlıq və texnologiyalara tətbiq edilən məhdudiyyətləri göstərib. O, Avropaya Rusiya qazını daşıyan “Şimal axını” kəmərlərində baş verən partlayışları da xatırladıb.
Rusiya Prezidenti bildirib ki, Rusiyanı qlobal qaz bazarından kənarlaşdırmaq cəhdləri digər ölkələrdə istehlakçılar, müəssisələr və ev təsərrüfatları üçün ciddi fəsadlar yarada bilər.
O, Avropa ölkələrini Rusiya enerjisindən asılılığı azaltmaqla öz sənaye və sosial sahələrinə zərər vurmaqda ittiham edib.
“Başqasına quyu qazan özü düşər”, – deyə Putin Avropanın enerji siyasətini tənqid edib.
Rusiya Prezidenti qaz ixracatçılarını məhdudiyyətlər tətbiq etmək əvəzinə, əməkdaşlığı gücləndirməyə, mövcud müqavilələrə əməl etməyə və istehsalçılarla istehlakçıların maraqları arasında tarazlığı qorumağa çağırıb.
Putin qaz sənayesi üçün üç əsas prioritet müəyyənləşdirib: tədarük marşrutlarının inkişafı, uzunmüddətli investisiyaların artırılması və qaz ixrac edən ölkələr arasında texnoloji əməkdaşlığın gücləndirilməsi.
O, enerji infrastrukturuna hücumlar da daxil olmaqla, qaz bazarları üçün mövcud təhlükələri qiymətləndirmək və sabit tədarükü təmin etmək məqsədilə Qaz İxrac Edən Ölkələr Forumu (GECF) çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi təklif edib.
Rusiya Prezidenti istehsalçıları yeni qaz yataqlarını istismara verməyə, emal müəssisələrini modernləşdirməyə, qaz nəqli imkanlarını və mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturunu genişləndirməyə çağırıb.
Putinin sözlərinə görə, uzunmüddətli müqavilələr alıcıların etibarlı qaz təchizatını təmin edə, istehsalçılara isə yeni layihələri maliyyələşdirmək üçün əlavə imkanlar yarada bilər.
Putin OPEC+ çərçivəsində neft istehsalçıları arasında əməkdaşlığı bazarda sabitliyin və proqnozlaşdırıla bilənliyin təmin edilməsinə nümunə göstərib. Bununla yanaşı, qaz sektorunun xüsusiyyətlərinə uyğun ayrıca mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb.
Rusiya Prezidenti bildirib ki, ölkəsi LNG istehsalı, dərin qaz yataqlarının istismarı, seysmik kəşfiyyat və qaz yataqlarının rəqəmsal modelləşdirilməsi sahələrində yerli texnologiyalarını inkişaf etdirir.
O əlavə edib ki, Moskva bu sahələrdə əldə etdiyi texnoloji yenilikləri beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırdır. Putin nüvə və su elektrik enerjisi layihələrini də beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkanlar kimi qiymətləndirib.
Sammitdə iştirak edən liderlər arasında İran Prezidenti Məsud Pezeşkian, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, Mozambik Prezidenti Daniel Şapu, Ekvatorial Qvineya Prezidenti Teodoro Obianq Nqema Mbasoqo və Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Mənfi də var.
Putinin İran Prezidenti Məsud Pezeşkian, eləcə də Qətər, Mozambik, Ekvatorial Qvineya və Liviya nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Qaz İxrac Edən Ölkələr Forumu (GECF) dünyanın aparıcı təbii qaz istehsalçısı olan ölkələri birləşdirir. Təşkilatın məlumatına görə, üzv ölkələr dünya üzrə təsdiqlənmiş təbii qaz ehtiyatlarının təxminən 70 faizinə sahibdirlər.
GECF-in Moskvada bundan əvvəlki sammiti 2013-cü ildə keçirilib. Builki toplantı isə forumun yaradılmasının 25-ci ildönümünə təsadüf edir.
Sammitin sonunda Moskva Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur. Sənədin məqsədi etibarlı qaz təchizatını təmin etmək, ticarət marşrutlarını şaxələndirmək və ixracatçı ölkələr arasında əməkdaşlığı genişləndirməklə qlobal enerji təhlükəsizliyini gücləndirməkdir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın