ABŞ və Aİ Şimali Koreyanı nüvə və raket proqramlarından imtinaya çağırıb

ABŞ və Aİ Şimali Koreyanı nüvə və raket proqramlarından imtinaya çağırıb
Şimali Koreya lideri Kim Çen In və qızı Kim Cu E Milli Müdafiə İnqilabı Muzeyinin açılış mərasimində iştirak edirlər. Şimali Koreya, 11 oktyabr 2026-cı il.
Reuters

ABŞ, Avropa İttifaqı (Aİ) və 11 ölkənin iştirak etdiyi birgə bəyanatda Şimali Koreya kütləvi qırğın silahları və ballistik raket proqramlarından imtina etməyə çağırılıb. Bəyanatı imzalayan tərəflər BMT-yə üzv dövlətlərdən Pxenyana qarşı sanksiyaların tam icrasını tələb ediblər.

Oktyabrın 28-də yayımlanan birgə bəyanatda ABŞ, Aİ, Birləşmiş Krallıq, Yaponiya, Cənubi Koreya və digər tərəfdaşlar Şimali Koreyanın “tam, yoxlanıla bilən və geri dönməz şəkildə nüvə silahlarından təmizlənməsi” məqsədinə sadiq olduqlarını təsdiqləyiblər.

Bəyanatı imzalayan ölkələr Aİ, Avstraliya və ABŞ-nin oktyabrda Şimali Koreyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara diqqət çəkiblər. 

Yeni sanksiyalar Şimali Koreyanın xaricdə işləyən vətəndaşları vasitəsilə gəlir əldə etməsinə, zərərli kiberfəaliyyətlərinə və Rusiya ilə qanunsuz əməkdaşlıqda iştirak edən şəxslərə və qurumlara yönəlib.

Bildirilib ki, sanksiyaların məqsədi Şimali Koreyanın kütləvi qırğın silahları və ballistik raket proqramlarını maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq, eləcə də Rusiya ilə qanunsuz hərbi əməkdaşlığının qarşısını almaqdır. Sanksiyalar həmçinin bəyanatı imzalayan ölkələrin Rusiya ilə qanunsuz hərbi əməkdaşlıq kimi qiymətləndirdiyi fəaliyyətlərin qarşısını almağa yönəlib.

Bəyanatda qeyd olunub ki, yeni sanksiyalar Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozması və sanksiyalardan yayınması hallarını izləyən Çoxtərəfli Sanksiyalara Nəzarət Qrupunun (MSMT) hesabatlarına əsaslanır.

Bəyanatda Şimali Koreyanın nüvə silahı və raket imkanlarının aradan qaldırılmasına yönəlmiş səylərə dəstək bir daha ifadə olunub. Tərəflər beynəlxalq məhdudiyyətlərdən yayınma cəhdlərinə qarşı tədbirləri davam etdirəcəklərini bildiriblər.

Sənədi imzalayan ölkələr Şimali Koreya ilə bağlı BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini dəstəklədiklərini vurğulayıb və üzv dövlətləri həmin qərarların tam icrasını təmin etməyə çağırıblar.

Xüsusilə Təhlükəsizlik Şurasının daimi üzvləri də daxil olmaqla, bütün dövlətlərin Pxenyanın silah proqramlarını məhdudlaşdırmağa yönəlmiş sanksiyalara riayət etməsinin və onların icrasını təmin etməsinin vacibliyi qeyd olunub.

Birgə bəyanat Şimali Koreyanın Rusiya ilə hərbi əməkdaşlığı və silah proqramlarını maliyyələşdirmək üçün xaricdəki işçi qüvvəsindən və kiberfəaliyyətlərdən istifadə etməsi ilə bağlı narahatlıqlar fonunda yayılıb.

Teqlər