BMT İnsan Hüquqları Şurası Fransada tələbə etirazlarına polisin müdaxiləsini tənqid edib

BMT İnsan Hüquqları Şurası Fransada tələbə etirazlarına polisin müdaxiləsini tənqid edib
Fransanın Marsel şəhərində etirazçılar Fransa bayrağı və tüstü fişəngi ilə nümayişdə. 24 oktyabr 2026-cı il.
Reuters

BMT İnsan Hüquqları Şurasının xüsusi məruzəçiləri və müstəqil ekspertlərindən ibarət qrup Fransa hakimiyyətinin ölkə üzrə keçirilən tələbə etirazlarına müdaxiləsini tənqid edib.

“Fransada şagird və tələbələrin məruz qaldığı zorakılıq bizi dəhşətə gətirib. Onlar normal fəaliyyət göstərən təhsil sistemi, lazımi maddi-texniki şərait, məktəb və universitetlərdə uyğun dərs cədvəlləri, həmçinin yaşadıqları ərazidən və sosial vəziyyətlərindən asılı olmayaraq keyfiyyətli təhsil almaq üçün bərabər imkanlar tələb edirlər. Bu tələblər uzun müddətdir həllini gözləyir. Müəllimlər də uzun müddətdir bu tələbləri gündəmə gətirirlər”, – deyə ekspertlər bildiriblər.

Onlar polisin etirazçılara qarşı tətbiq etdiyi üsullardan narahatlıq ifadə ediblər. Həmçinin Fransanın şimalındakı Lill şəhərində tələbələrlə polis arasında qarşıdurma zamanı qumbaranın partlaması nəticəsində bir yeniyetmənin əlini itirməsinə diqqət çəkiblər.

BMT İnsan Hüquqları Şurasının təyin etdiyi dörd müstəqil ekspert oktyabrın 28-də yaydığı bəyanatda etirazlar zamanı çoxsaylı saxlanılmaları və həbsləri tənqid edib.

“Əksəriyyəti yetkinlik yaşına çatmayanlardan ibarət bir neçə min nəfərin saxlanılması və həbsi həddindən artıq sərt tədbir kimi görünür. Bu, nümayişçiləri ifadə və dinc toplaşmaq azadlıqlarından istifadə etməkdən çəkindirir”, – deyə ekspertlər bildiriblər.

“Hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı yetkinlik yaşına çatmayan nümayişçilərin ağır, bəzi hallarda isə sağalmaz xəsarətlər alması qəbuledilməzdir və buna heç bir bəraət qazandırmaq olmaz”, – deyə bəyanatda vurğulanıb.

BMT polisin müdaxilə üsullarına yenidən baxılmasını istəyir

Ekspertlər Fransa hakimiyyətini polisin etiraz aksiyalarına müdaxilə strategiyası və üsullarını hərtərəfli nəzərdən keçirməyə çağırıblar. Onların fikrincə, bu, nümayişçilərin narazılıqlarını sərbəst ifadə etməsinə və sosial münaqişələrin dinc yolla həllinə kömək edəcək.

Fransada tələbə etirazları sentyabrın ortalarından davam edir. Aksiyalar əvvəlcə məktəb binalarının yararsız vəziyyəti, siniflərdə şagird sayının çoxluğu və müəllim çatışmazlığı səbəbindən başlayıb. Sonradan yaşayış xərclərinin artmasından narazı olanlar da nümayişlərə qoşulublar. Bəzi aksiyalar zorakılıqla müşayiət olunub.

Fransanın daxili işlər naziri Loran Nunezin məlumatına görə, oktyabrın əvvəlindən lisey şagirdlərinin etirazları ilə əlaqədar 5 mindən çox insan saxlanılıb. Onların təxminən 85 faizi yetkinlik yaşına çatmayanlardır.

Son etiraz aksiyasında 400 mindən çox insan iştirak edib, mindən artıq şəxs saxlanılıb. Əvvəlki nümayişlər zamanı ictimai binalara və küçələrə ziyan vurulub, yüzlərlə ticarət obyekti talan edilib. Bundan sonra hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib.

“Union Étudiante” tələbə ittifaqının sözçüsü Alis Koen-Morzadek bildirib:

“Hazırda Makrona və onun siyasətinə qarşı geniş narazılıq açıq şəkildə özünü göstərir. Bu siyasət hüquqlarımızı və yaşayış şəraitimizi məhv edib”.

BMT ekspertləri Fransa hakimiyyəti ilə əlaqəni davam etdirdiklərini bildiriblər.

Daha ətraflı:

Teqlər