İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
AnewZ-un 29 oktyabr icmalında dünyanın beş qaynar nöqtəsində sülh səyləri ilə artan hərbi təhdidlər arasındakı ziddiyyət diqqət mərkəzindədir. Yaxın Şərq və Şərqi Avropada sülhə ümidlər yenidən artarkən Afrika və Asiyada qeyri-sabitliyin genişlənməsi ilə bağlı xəbərdarlıqlara da yer verilib.
İran ABŞ və İsraillə müharibəyə son qoymaq üçün Qətərin təqdim etdiyi planı rədd edib. İranın yüksəkvəzifəli rəsmisi “Reuters” agentliyinə bildirib ki, təklif olunan şərtlər qəbuledilməzdir və təqdim edilən plan rəsmi təklif sayıla bilməz.
Rəsmilərin sözlərinə görə, Qətərli vasitəçilər etimadın möhkəmləndirilməsi üçün yeddi günlük tədbirləri əhatə edən saziş layihəsi təqdim ediblər. Layihənin beynəlxalq təminatçılar tərəfindən də dəstəklənməsi mümkündür.
Tərəflər güzəştlərin hansı ardıcıllıqla edilməsinə dair razılığa gələ bilmirlər. “Reuters”in məlumatına görə, Vaşinqton İranın nüvə proqramının müzakirələrin əvvəlindən gündəmdə olmasını istəyir. Tehran isə danışıqlarda irəliləyiş üçün əvvəlcə ABŞ-nin dəniz blokadasının və İranın neft ixracına tətbiq edilən sanksiyaların ləğvini tələb edir.
Buna baxmayaraq, İranın xarici işlər naziri Abbas Əraqçi diplomatik həll yolu tapmaq məqsədilə vasitəçilərlə əlaqələrin davam etdiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda görüşə biləcəyini bildirib. Trampın sözləri Rusiya-Ukrayna müharibəsi ilə bağlı birbaşa danışıqların mümkünlüyünü yenidən gündəmə gətirib.
“Air Force One” prezident təyyarəsində jurnalistlərə danışan Tramp iki liderin görüşəcəyini söyləsə də, görüşün tarixi, yeri və formatı barədə məlumat verməyib.
Moskva ilə Kiyev bundan əvvəl ABŞ-nin vasitəçiliyi ilə Əbu-Dabi və Cenevrədə üç raund danışıqlarda iştirak edib.
Putinlə Zelenskinin bir araya gəlməsi diplomatik prosesdə mühüm irəliləyiş ola bilər. Lakin tərəflər hələlik belə bir görüşə hazırlıq aparıldığını təsdiqləməyiblər.
BMT-nin araşdırma missiyasının məlumatına görə, xaricdən gətirilən silahlar, hərbi texnologiyalar və döyüşçülər Sudanda vətəndaş müharibəsinin daha da şiddətlənməsinə səbəb olur. Müstəntiqlər silah axınının məhdudlaşdırılması üçün beynəlxalq səylərin gücləndirilməsinə çağırıblar.
BMT-nin araşdırma missiyası Çad, Liviyanın cənub-şərqi, Somalinin Puntland bölgəsi və Birləşmiş Ərəb Əmirliklərindəki şəxslər və təşkilatlarla əlaqəli şəbəkələr müəyyən edib. Araşdırmaçılar bu nəticələrin həmin ölkələrin hökumətlərinin məsuliyyət daşıdığını sübut etmədiyini vurğulayıblar.
Sudanda döyüşlər davam etdiyi və mülki əhalinin vəziyyəti ağırlaşdığı bir vaxtda missiya silah embarqosunun genişləndirilməsini tələb edib.
ABŞ, Avropa İttifaqı və bir sıra müttəfiq ölkələr Şimali Koreyanı nüvə silahı və ballistik raket proqramlarından imtina etməyə yenidən çağırıblar.
Birgə bəyanatda Koreya yarımadasının tam, yoxlanıla bilən və geri dönməz şəkildə nüvəsizləşdirilməsi məqsədinə sadiqlik bir daha təsdiqlənib. BMT-yə üzv dövlətlər mövcud sanksiyaların icrasını təmin etməyə çağırılıb.
Son vaxtlar tətbiq olunan məhdudiyyətlər xaricdə çalışan Şimali Koreya vətəndaşlarına, şübhəli kiberəməliyyatlara və Pxenyanla Moskva arasında hərbi əməkdaşlıqla əlaqəli şəxslərə yönəlib.
Şimali Koreyanın silah proqramları və Rusiya ilə genişlənən hərbi əməkdaşlığı beynəlxalq narahatlıq doğurmaqda davam edir.
Tayvan Yaponiyanın cənubundan Filippinə qədər uzanan sularda Çinə məxsus 53 hərbi və digər dövlət gəmisinin fəaliyyətini qeydə alaraq bunu regional təhlükəsizliyə açıq təhdid kimi qiymətləndirib.
“Reuters”in məlumatına görə, Tayvanın Milli Təhlükəsizlik Şurasının baş katibi Cozef Vu gəmilərin yerləşdiyi əraziləri göstərən xəritə yayıb. Xəritəyə əsasən, 53 gəmidən 34-ü Çin Hərbi Dəniz Qüvvələrinə məxsusdur. Onların arasında “Liaoning” aviadaşıyıcısı da var.
Aviadaşıyıcının daxil olduğu gəmi qrupu Filippinin şərqində, digər hərbi birləşmələr isə Tayvan və Yaponiya yaxınlığında yerləşib. Vunun sözlərinə görə, Çin hərbi qüvvələrinin bölgədəki fəaliyyəti Tayvan, Yaponiya və Filippinin təhlükəsizliyini eyni vaxtda təhdid edir.
Çin “Liaoning” aviadaşıyıcısının fəaliyyətini adi hərbi təlim kimi təqdim edib. Tayvanın müdafiə naziri Vellinqton Ku isə regional sabitliyi poza biləcək hərbi addımlarla bağlı xəbərdarlıq edib.
Pekin Tayvanı öz ərazisi hesab edir və ada üzərində nəzarəti ələ keçirmək üçün güc tətbiqini istisna etmir. Tayvan isə Çinin suverenlik iddiasını rədd edərək adanın gələcəyini yalnız Tayvan əhalisinin müəyyən edə biləcəyini bildirir.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata görə, bu, 2020-ci ildən bəri bir gündə qeydə alınan ən yüksək göstəricidir.
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücumlarla əlaqədar Rumıniya ordusu iki dəfə qırıcı təyyarələrini havaya qaldırıb.
İtaliyanın fərdi məlumatların mühafizəsi qurumu “Meta Platforms” şirkətini 805 milyon avro (887 milyon dollar) cərimələdiyini açıqlayıb. Qurumun məlumatına görə, şirkət Android istifadəçilərinin foto və videolarına onların xəbəri və razılığı olmadan çıxış əldə edib.
“SpaceX”in “Starship” kosmik gəmisi noyabrın 14-də 22,5 saatdan çox davam edən orbital uçuşdan sonra ilk dəfə Texasdakı buraxılış qülləsinin mexaniki qolları ilə tutulub. Bu, tam təkrar istifadə oluna bilən raket sisteminin yaradılmasında mühüm addımdır.
Filippin və Avstraliya noyabrın 15-də Manilada hərbi əməkdaşlığı genişləndirmək və təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədilə yeni saziş imzalayıblar. Razılaşma Cənubi Çin dənizində Çinlə gərginliyin davam etdiyi bir vaxtda əldə olunub.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın