Kim Çen In dron texnologiyasında üstünlük əldə etməyə çağırıb

Kim Çen In dron texnologiyasında üstünlük əldə etməyə çağırıb
Şimali Koreya lideri Kim Çen In dron texnologiyaları sərgisində və silah nümayişində iştirak edir. KCNA, 30 oktyabr 2026-cı il.
Reuters

Şimali Koreya lideri Kim Çen In ölkəsini dron texnologiyasında “mütləq üstünlük” əldə etməyə çağırıb. O, bu barədə pilotsuz uçuş aparatları sərgisində və silah nümayişində çıxış edərkən danışıb.

Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA-nın məlumatına görə, oktyabrın 29-da keçirilən sərgidən sonra təşkil olunan silah nümayişində taktiki kamikadze dronları, taktiki qanadlı raketlər, çoxməqsədli dronlar və 600 millimetr çaplı yaylım atəşli reaktiv sistemlərlə təchiz edilmiş batalyon iştirak edib.

Nümayiş Kim Çen Inın dron və süni intellekt texnologiyalarından istifadə etməklə Şimali Koreya ordusunu modernləşdirmək səylərini əks etdirir. Pxenyan Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən hərbçilərinin qazandığı təcrübədən, eləcə də dünyanın digər bölgələrindəki münaqişələrdən nəticə çıxarmağa çalışır.

Cənubi Koreya ordusu oktyabrın 29-da Şimali Koreyanın dəniz istiqamətində qısamənzilli ballistik raketlər də daxil olmaqla, təxminən 10 raket buraxdığını açıqlayıb. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər Şimali Koreyanın şərq sahilindəki Vonsan şəhəri yaxınlığından buraxılıb və təxminən 250 kilometr məsafə qət edib.

Kim Çen In dronlara və süni intellektə üstünlük verir

Kim Çen In müasir müharibələrin xarakterinin dəyişdiyini vurğulayaraq, dron texnologiyasında üstünlük əldə etməyi “əvəzolunmaz seçim” adlandırıb.

O, həmçinin qabaqcıl süni intellekt texnologiyalarının pilotsuz silah sistemlərində tətbiqinin Şimali Koreya ordusunun modernləşdirilməsində əsas prioritetlərdən biri olmalı olduğunu vurğulayıb.

Kim Çen In daha əvvəl də dronlara və hərbi sahədə süni intellekt texnologiyalarına yatırımların artırılmasına çağırıb.

Dövlət mediasının məlumatına görə, o, 2024-cü ilin noyabrında kamikadze dronlarının kütləvi istehsalına göstəriş verib, 2025-ci ilin martında isə süni intellektlə təchiz edilmiş dronların sınaqlarına nəzarət edib.

2025-ci ilin sentyabrında Kim Çen In süni intellekti ölkənin silah sistemlərinin modernləşdirilməsində əsas prioritetlərdən biri kimi müəyyənləşdirib.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Şimali Koreya 2024-cü ilin oktyabrından bəri Rusiyaya Ukraynaya qarşı müharibədə dəstək vermək məqsədilə 16 mindən çox hərbçi göndərib. Bu hərbçilər dron əməliyyatları, radioelektron mübarizə və müxtəlif qoşun növlərinin birgə döyüş əməliyyatlarının aparılması sahəsində təcrübə qazanıblar.

Daha ətraflı: 

Teqlər