Pentaqon Avropadan Rusiya ilə bağlı ritorikanı yumşaltmağı istəyib

Pentaqon Avropadan Rusiya ilə bağlı ritorikanı yumşaltmağı istəyib
NATO-nun Baş katibi Mark Rutte Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə. Ankara, Türkiyə, 7 iyul 2026-cı il.
Reuters

Pentaqon rəsmiləri bir neçə NATO ölkəsindən Rusiyanın yaratdığı təhlükə ilə bağlı bəyanatlarını yumşaltmağı istəyiblər. “Reuters”ə verilən məlumata görə, ABŞ tərəfi bəzi Avropa liderlərinin açıqlamalarının qitənin təhlükəsizliyinə xələl gətirdiyini bildirib.

Mənbələrin verdiyi məlumata görə, bu çağırışlar son həftələrdə Litva, Latviya və Estoniya nümayəndələri ilə ikitərəfli görüşlərdə səsləndirilib. Digər Avropa hökumətlərinə də belə mesajların verilməsi barədə məlumat yoxdur.

Bu addım Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsinə danışıqlar yolu ilə son qoymaq istiqamətində səylərini yenidən gücləndirdiyi dövrə təsadüf edir. Vaşinqton bir tərəfdən Rusiyaya sanksiyaların yumşaldılması da daxil olmaqla, müəyyən güzəştlər təklif edir, digər tərəfdən isə Ukraynaya Rusiyanın enerji infrastrukturuna hücumları dayandırması üçün təzyiq göstərir.

Pentaqon rəsmisi bildirib ki, müttəfiqlər arasında danışıqlar məxfi olaraq qalır və bu səbəbdən qurum həmin iddiaları şərh etməyəcək.

Elbric Kolbi: “Rusiyanı təhrik etməyin”

Mənbələrdən verilən məlumata görə, Pentaqonun siyasət məsələləri üzrə rəhbəri Elbric Kolbi də bu mesajı çatdıran rəsmilər arasında olub. O, Baltikyanı ölkələrdən birinin rəsmisini Rusiyanı təhrik etməməyə çağırıb.

Kolbi Avropa rəsmilərinin Rusiyanı “küncə sıxışdırılmış siçovul” adlandırmasını düzgün hesab etməyib. Onun konkret hansı açıqlamanı nəzərdə tutduğu məlum deyil. Lakin Estoniyanın Baş naziri Kristen Mixal sentyabrın sonunda Rusiya Prezidenti Vladimir Putini bu ifadə ilə xarakterizə etmişdi.

Başqa bir avropalı rəsmi Pentaqonun mesajını belə ifadə edib: “Biz sizə kömək edirik. Amerikalılar oradadır. Sadəcə, səsinizi ucaltmayın. Hay-küy salmayın”.

Mənbələrdən verilən məlumata görə, Pentaqon ayrıca görüşdə Estoniya nümayəndə heyətini də açıqlamalarında daha təmkinli olmağa çağırıb. Lakin ABŞ rəsmilərinin konkret hansı bəyanata etiraz etdikləri barədə məlumat verilməyib.

Litva, Latviya və Estoniyanın müdafiə nazirlikləri şərh sorğularına cavab verməyib. NATO da məsələni şərh etməkdən imtina edib.

Avropanın təhlükəsizliyi ilə bağlı fikir ayrılığı

NATO ölkələri arasında Rusiyanın yaratdığı təhlükə barədə ictimaiyyətə açıq məlumat verilməsi ilə bağlı fikir ayrılıqları var. Bəzi Qərb rəsmiləri hesab edirlər ki, bu təhlükənin qabardılması cəmiyyətdə qorxu yarada və Kremlin maraqlarına xidmət edə bilər. Digərlərinin fikrincə isə, vətəndaşlar müdafiə xərclərinin artırılmasının səbəblərini başa düşmək üçün mövcud təhlükələr barədə məlumatlandırılmalıdırlar.

Bu müzakirələr Qərb kəşfiyyat rəsmilərinin Rusiyanı Avropada gizli təxribat fəaliyyətini genişləndirməkdə ittiham etdiyi dövrə təsadüf edir. Moskva isə ittihamları rədd edir.

Avropalı rəsmilərdən birinin sözlərinə görə, Baltikyanı ölkələrin kəşfiyyat xidmətləri son aylarda Rusiyanın NATO-nun kollektiv müdafiə mexanizmini sınağa çəkməsi ehtimalını aşağı qiymətləndiriblər. Digər NATO ölkələrinin kəşfiyyat xidmətləri isə Rusiyanın yaxın vaxtlarda Avropada təxribat fəaliyyətini kəskin artıra biləcəyi barədə xəbərdarlıq ediblər.

Eyni zamanda, ABŞ rəsmiləri Rusiya-Ukrayna müharibəsinə son qoymaq istiqamətində aparılan danışıqlar çərçivəsində Moskva ilə mümkün kommersiya razılaşmalarını müzakirə edirlər. Bir çox Avropa rəsmisi isə Rusiyanın iqtisadi təcridinin davam etdirilməsini dəstəkləyir.

Pentaqon ABŞ-nin Avropadakı hərbi mövcudluğuna yenidən baxır. Nəticədə regionda yerləşdirilən Amerika hərbçilərinin sayı kəskin azala bilər. Vaşinqton isə Avropadakı müttəfiqlərindən öz müdafiələrinə görə daha çox məsuliyyət götürməsini istəyir.

Teqlər