G20 görüşündə Rusiya ilə bağlı diplomatik qarşıdurma yaşanıb

G20 görüşündə Rusiya ilə bağlı diplomatik qarşıdurma yaşanıb
ABŞ-nin dövlət katibi Marko Rubio G20 tədbiri çərçivəsində keçirilən rəsmi qəbulda çıxış edir. Atlanta, ABŞ, 30 oktyabr 2026-cı il.
Reuters

ABŞ-nin Atlanta şəhərində keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə Ukrayna müharibəsi ilə bağlı ciddi fikir ayrılıqları yaranıb. Avropa rəsmiləri Rusiyanın iştirakına etiraz edərək xarici işlər naziri Sergey Lavrovla birgə foto çəkdirməkdən imtina ediblər.

ABŞ-nin dövlət katibi Marko Rubionun sədrliyi ilə keçirilən ikigünlük görüş oktyabrın 30-da başlayıb. Toplantı G20 ölkələri arasında Ukrayna və Yaxın Şərqdəki münaqişələrlə bağlı fikir ayrılıqlarını üzə çıxarıb və qlobal məsələlər üzrə ortaq mövqeyə gəlmək imkanlarını sual altına qoyub.

Rubionun dəvəti ilə görüşə qatılan Lavrovun iştirakı bir sıra Qərb ölkələrinin etirazına səbəb olub.

Birləşmiş Krallığın xarici işlər naziri Ed Milibend görüş zamanı Lavrova birbaşa müraciət edərək Rusiyanı Ukraynada mülki şəxslərin ölümünə səbəb olan hücumları davam etdirməkdə ittiham edib.

“Təkcə dünən sizin dron hücumlarınız nəticəsində 15 nəfər həlak olub. Müharibə boyunca günahsız mülki şəxsləri öldürməyinizə dair saysız-hesabsız nümunə var. Hamımız bilirik ki, təcavüzkar tərəf sizsiniz”, – Milibend bildirib.

Rusiya xəbər agentliklərinin məlumatına görə, Lavrov daha sonra jurnalistlərə açıqlamasında Moskvanın Ukrayna ilə bağlı mövqeyinin dəyişmədiyini deyib. O bildirib ki, Moskva Ukraynanın Rusiyanın qanuni təhlükəsizlik maraqlarına hərbi təhdid yaratmasını qəbul edə bilməz.

Avropa rəsmilərinin Lavrovla birgə foto çəkdirməkdən imtina etməsi səbəbindən G20-nin ənənəvi qrup fotosu ləğv edilib. ABŞ rəsmilərinin sözlərinə görə, qərarı Vaşinqton verib.

Bildirilib ki, Vaşinqton görüşü kölgədə qoya biləcək diplomatik qalmaqaldan yayınmaq istəyib. Bir qərb diplomatının bildirdiyinə görə, Avstraliya və Kanada da daxil olmaqla, G20 üzvlərinin təxminən üçdəbiri birgə foto çəkdirilməsinə etiraz edib.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Lavrovla birgə foto çəkdirməyin qəbuledilməz olduğunu deyib.

“Rusiya ilə münasibətləri normal hesab etmək olmaz”, – o bildirib.

Görüş iştirakçılarından birinin sözlərinə görə, Lavrov da toplantı zamanı birgə foto ilə bağlı narahatlıqlara toxunub.

Rubio G20 ölkələrini əməkdaşlığa çağırıb

Fikir ayrılıqlarına baxmayaraq, Rubio G20 ölkələrinin xarici işlər nazirlərini artan iqtisadi və geosiyasi problemlərin həlli üçün əməkdaşlığa çağırıb.

O xəbərdarlıq edib ki, bir-biri ilə əlaqəli böhranlar qlobal enerji və ərzaq təchizatını, beynəlxalq ticarəti və gəmiçiliyin sərbəstliyini təhdid edir.

Rubio nazirləri dekabrın 14–15-də Mayamidə keçiriləcək G20 liderlərinin sammitinə qədər ortaq mövqe əldə edə biləcəkləri məsələləri müəyyənləşdirməyə çağırıb.

Lakin rəsmilər görüşün birgə bəyannamə əvəzinə, sədrlik edən ölkənin bəyanatı ilə yekunlaşacağını gözləyirlər. Çünki birgə bəyannamənin qəbulu üçün bütün üzvlərin razılığı tələb olunur.

Qərb rəsmilərinin sözlərinə görə, əsas hədəf dekabr sammitində ortaq bəyannamənin qəbul edilməsidir. Rusiya Prezidenti Vladimir Putinin sammitdə iştirak edəcəyi isə hələ məlum deyil.

Yaxın Şərqdəki qarşıdurma da G20 görüşünün əsas müzakirə mövzularından olub. Nazirlər münaqişənin dünya iqtisadiyyatına təsirindən narahat olduqlarını bildiriblər.

İki Qərb rəsmisinin sözlərinə görə, G20 üzvləri Yaxın Şərqdəki qarşıdurmanın demək olar ki, bütün ölkələr üçün ciddi iqtisadi problemlər yaratdığı barədə həmfikirdirlər.

İştirakçıların bir çoxu ABŞ-nin İrana yenidən zərbələr endirəcəyi təqdirdə neftin kəskin bahalaşacağından və iqtisadi vəziyyətin daha da ağırlaşacağından narahatdır.

“İranda yeni hərbi əməliyyat ehtimalı hər kəsi narahat edir. Hamı ciddi təzyiq altındadır”, – Qərb rəsmilərindən biri bildirib.

Rəsmi açıqlama vermək səlahiyyəti olmayan mənbə adının açıqlanmasını istəməyib.

G20-də fikir ayrılıqları ortaq qərar qəbulunu çətinləşdirir

Atlantadakı görüş G20 daxilindəki daha geniş fikir ayrılıqlarını da üzə çıxarıb. Ukrayna və Yaxın Şərqdəki müharibələrlə yanaşı, ABŞ ilə Çin arasındakı strateji rəqabət də üzv ölkələrin ortaq mövqeyə gəlməsini çətinləşdirir.

Barak Obama administrasiyası dövründə ABŞ Dövlət Departamentinin baş iqtisadçısı olmuş Haydi Krebo-Rediker bildirib ki, ABŞ ilə Çin arasındakı rəqabət fonunda Rusiya, Braziliya və Hindistan kimi ölkələrin öz maraqlarını qorumağa çalışması G20 daxilində fikir ayrılıqlarını dərinləşdirir.

“Fikir ayrılıqları heç vaxt indiki qədər dərin olmayıb”, – o bildirib.

Krebo-Redikerin sözlərinə görə, əvvəllər G7 ölkələri G20 görüşlərindən öncə öz aralarında ortaq mövqe razılaşdıra bilirdilər. İndi isə buna nail olmaq da çətinləşib.

Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başladıqdan sonra G20 ölkələri birgə bəyannamələrin qəbulunda çətinlik çəkirlər. Çünki bu sənədlərin qəbulu üçün bütün üzvlərin razılığı tələb olunur.

Ukraynaya dəstək də mübahisə mövzusudur

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı son qərarları diplomatik vəziyyəti daha da mürəkkəbləşdirib.

Görüş iştirakçıları Vaşinqtonun Rusiya dizel yanacağını almaq barədə razılaşmasına və bəzi sanksiyaları yumşaltmasına diqqət çəkiblər. Onlar həmçinin Ukraynanın “Starshield” peyk rabitəsi xidmətindən istifadədə üzləşdiyi problemləri qeyd ediblər.

Ukrayna G20 xarici işlər nazirlərinin görüşünə dəvət olunmayıb. Bununla belə, ABŞ Dövlət Departamenti oktyabrın 30-da Ukraynaya təxminən 2,1 milyard dollar dəyərində 500 ədəd “Patriot PAC-3” raketinin satışını təsdiqləyib.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas görüşdən əvvəl Ukraynaya dəstəyin artırılmasına çağıracağını bildirib.

O, həmçinin Rusiyanın məsuliyyətə cəlb edilməsi üçün Xüsusi Tribunal və İddialar Komissiyası ilə bağlı işlərdə irəliləyişə nail olunmasının vacibliyini vurğulayacağını açıqlayıb.

“Rusiya məsuliyyətə cəlb olunmalıdır”, – Kallas “X” sosial şəbəkəsində yazıb.

Teqlər