Börnhem qul ticarətinə görə üzr istənilməsini istisna etməyib, lakin təzminat ödənilməyəcək

Börnhem qul ticarətinə görə üzr istənilməsini istisna etməyib, lakin təzminat ödənilməyəcək
Reuters

Birləşmiş Krallığın Baş naziri Endi Börnhem ölkəsinin quldarlıqdakı tarixi roluna görə üzr istənilməsi çağırışlarına açıq olduğunu bildirib. O, bu açıqlamanı gələn həftə keçiriləcək Millətlər Birliyi sammiti ərəfəsində verib. Sammitdə onun maliyyə təzminatı tələbləri ilə üzləşəcəyi gözlənilir.

Baş nazir “The Guardian” qəzeti üçün yazdığı məqalədə Britaniyanın transatlantik qul ticarətindən zərər çəkənlərlə sistemli dialoq təklif etdiyini bildirib. Bu ticarət zamanı ən azı 12,5 milyon afrikalı qaçırılaraq kölə kimi satılıb.

O, Britaniya dövləti adından rəsmi üzr istənilməsi çağırışlarını dinləməyin bu prosesin mühüm hissəsi olacağını qeyd edib və əlavə edib: “Bu çağırışlara açığam”.

Lakin Börnhem maliyyə təzminatlarını istisna edib. O bildirib ki, bugünkü Britaniya xalqı “başqa bir dövrdə, fərqli qanunlar çərçivəsində baş vermiş və şəxsən iştirak etmədiyi” tarixi ədalətsizliklərə görə məsuliyyət daşıya bilməz.

Əvəzində o, borcla bağlı yeni təşəbbüsə başlamaq istədiyini deyib. Bu təşəbbüs daha həssas ölkələrə borclarını daha uzun müddət ərzində və daha əlverişli faiz dərəcələri ilə ödəməyə kömək etməyi nəzərdə tutur.

XV–XIX əsrlərdə milyonlarla afrikalı avropalı tacirlər tərəfindən kölə kimi satılıb. Transatlantik Qul Ticarəti Məlumat Bazasına əsasən, Britaniya qul ticarətinin 1807-ci ildə qadağan edilməsinə qədər Atlantik okeanı üzərindən təxminən 3,2 milyon insan daşıyıb.

Millətlər Birliyinin Hökumət Başçılarının İclası gələn həftə Antiqua və Barbudada keçiriləcək. Karib ölkələrinin liderlərinin tarixi ədalətsizliklərin əvəzinin ödənilməsi tələblərini irəli sürəcəkləri gözlənilir. Bu tələblər çox vaxt borc yükünün yüngülləşdirilməsi, inkişafın maliyyələşdirilməsi, təhsil, səhiyyə və iqlim dəyişmələrinə davamlılığın artırılmasını əhatə edir.

Sammit ərəfəsində Karib hövzəsi ölkələrinə səfər edən Kral III Çarlz bildirib: “Keçmişdə yaşanan böyük əzabları və ədalətsizlikləri etiraf etməyimiz tamamilə doğrudur”.

Antiqua və Barbudanın Baş naziri Qaston Braun Börnhemin açıqlamalarını mühüm və müsbət addım kimi qiymətləndirib, onun praktiki yardımla bağlı təkliflərini alqışlayıb. Lakin o, “Facebook” hesabında Karib ölkələrinin tarixi ədalətsizliklərin əvəzinin ödənilməsi ilə bağlı uzunmüddətli mövqeyinin dəyişmədiyini yazıb.

Barbadosun Baş naziri Mia Mottli də Börnhemin rəsmi üzr istəməyə açıq olmasını və dialoq təklifini müsbət qarşılayıb. Bununla yanaşı, o, təzminatlarla bağlı fikir ayrılıqlarının qaldığını qeyd edib.

Teqlər