Banqladeşdə denge qızdırmasından ölənlərin sayı ötən ilin ümumi göstəricisini keçib

Banqladeşdə denge qızdırmasından ölənlərin sayı ötən ilin ümumi göstəricisini keçib
Denge qızdırmasına yoluxmuş uşaqlar xəstəxanada müalicə alırlar. Dakka, Banqladeş, 7 oktyabr 2026-cı il.
Reuters

Banqladeş Səhiyyə Nazirliyinin statistikasına əsasən, bu il ölkədə denge qızdırmasından ölənlərin sayı 2025-ci ilin ümumi göstəricisini keçib. Oktyabr bu il ən çox ölümün qeydə alındığı ay olub.

Məlumata görə, ölkədə 418 nəfər həyatını itirib, 133 mindən çox insan xəstəxanaya yerləşdirilib. Müqayisə üçün, 2025-ci ildə bu xəstəlikdən 413 nəfər ölüb, 102 861 nəfər xəstəxanaya yerləşdirilib.

Təkcə bu ilin oktyabrında 173 ölüm qeydə alınıb. Sentyabrda bu göstərici 148 olub. Oktyabr yeni yoluxma hallarının sayına görə də sentyabrı üstələyib.

Denge qızdırmasının yayılması ölkənin güclü qızılca epidemiyası ilə mübarizə apardığı dövrə təsadüf edir. Oktyabrın 27-nə olan məlumata görə, qızılca diaqnozu təsdiqlənmiş və ya bu xəstəliyə yoluxduğu ehtimal edilən uşaqlar arasında ölənlərin sayı 1 240-a çatıb.

Laboratoriyada “Aedes” ağcaqanadı. Kuritiba, Parana ştatı, Braziliya, 1 sentyabr 2025-ci il.
Reuters

Səhiyyə rəsmiləri hər iki epidemiyanın onsuz da gərgin vəziyyətdə olan səhiyyə sisteminin yükünü artırdığını bildirirlər.

Xəstələr tibbi yardıma gec müraciət edirlər

Həkimlərin sözlərinə görə, bir çox insan yalnız vəziyyəti kəskin ağırlaşdıqdan sonra tibbi yardıma müraciət edir. Paytaxt Dakkadakı Şəhid Suhravardi Tibb Kolleci və Xəstəxanasının direktoru Mirzə Qulam Sərvər bildirib ki, bir gündə 67 yeni xəstənin qəbulu ilə müəssisədə müalicə alan denge xəstələrinin sayı 279-a çatıb.

“Bizə şok vəziyyətində çoxlu xəstə gətirilir. Onların arterial təzyiqi bəzən ölçülə bilməyəcək qədər aşağı olur, qanda oksigen səviyyəsi isə kəskin düşür”, — deyə o bildirib.

Tibb mütəxəssisi Abdulla təkrar yoluxmaların, eləcə də müalicədəki gecikmələrin ağır halların və ölümlərin artmasına səbəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, əvvəllər denge qızdırması keçirmiş şəxslər yenidən yoluxduqda xəstəliyin ağır keçmə riski artır.

O, əhalini ağcaqanadların çoxaldığı yerləri aradan qaldırmağa və simptomlar yaranan kimi həkimə müraciət etməyə çağırıb.

Denge qızdırmasının qarşısını almaq üçün yolda dərmanlama aparılır. Dakka, Banqladeş, 1 oktyabr 2026-cı il.
Reuters

Dakka sakini, 33 yaşlı Faysal Fərdus 2017-ci ildə, 2024-cü ildə və bu il olmaqla üç dəfə denge qızdırmasına yoluxub. Bu dəfə onunla yanaşı, həyat yoldaşı da xəstəxanada müalicə almalı olub.

“Hər dəfə xəstəlik ağır keçir. Təkrar yoluxmalardan sonra xəstəliyi ağır keçirmək riski insanı daha çox narahat edir”, — deyə o bildirib.

Denge qızdırması nədir?

Denge yoluxmuş “Aedes” ağcaqanadlarının dişləməsi ilə insanlara ötürülən virus xəstəliyidir. Yoluxanların bir çoxunda simptom müşahidə olunmur.

Ən çox rast gəlinən əlamətlər yüksək qızdırma, baş, əzələ və oynaq ağrıları, ürəkbulanma və səpgilərdir.

Ağır hallarda xəstəlik daxili qanaxmaya və ölümə səbəb ola bilər. İkinci dəfə yoluxan şəxslərdə xəstəliyin ağır keçmə riski daha yüksəkdir.

Denge qızdırmasının yayıldığı mövsüm uzanır

Səhiyyə mütəxəssisləri denge virusunun hər dörd serotipinin dövriyyədə olduğunu və bunun ağır xəstələnmə riskini artırdığını bildirirlər. Virusun bir serotipinə yoluxmuş şəxs sonradan digərinə də yoluxa bilər. Banqladeşdə denge peyvəndi tətbiq olunmur, lakin hakimiyyət bunu uzunmüddətli tədbir kimi nəzərdən keçirir.

Dakkanın Cahangirnaqar Universitetinin entomoloqu Kabirul Bəşər bildirib ki, ölümlərin oktyabrdakı templə artmağa davam etməsi gözlənilmir. Bununla belə, yoluxmaların noyabr boyunca davam etməsi ehtimalı yüksəkdir.

“Azalma olsa belə, yəqin ki, cüzi olacaq. Dekabra qədər ciddi yaxşılaşma gözlənilmir”, — deyə o vurğulayıb.

Bəşər əlavə edib ki, havaların quraq keçməsinə baxmayaraq, əvvəlki yağışlardan qalan durğun sularda ağcaqanadlar çoxalmağa davam edəcək. Qismən iqlim dəyişikliyi ilə əlaqəli olan yağıntı və rütubət rejimindəki dəyişikliklər onların çoxalma mövsümünü uzadır və “Aedes” ağcaqanadlarının daha uzun müddət aktiv qalmasına səbəb olur.

Teqlər