Əfqanıstanda humanitar böhran: 8 milyard dollarlıq yardım hara xərclənib?

Əfqanıstanda humanitar böhran: 8 milyard dollarlıq yardım hara xərclənib?
Əsma Bibi evində ailəsinin vəziyyətindən danışır. Kabul, Əfqanıstan, 31 oktyabr 2026-cı il.
AnewZ

2021-ci ildən bəri Əfqanıstana ayrılan 8 milyard dollarlıq humanitar yardımın yalnız 9 faizinin ilkin alıcılardan sonra hara yönəldiyini açıq sənədlər əsasında izləmək mümkündür. Bu barədə Kabul İnstitutunun oktyabrın 22-də dərc etdiyi hesabatda bildirilir. 

Birləşmiş Millətlər Təşkilatı (BMT) isə nəzarət sistemlərinin hesabatlılığı təmin etdiyini vurğulayır.

Vaşinqtonda yerləşən institut 2026-cı il sentyabrın 30-dək qeydə alınmış ödənişləri təhlil edib. Hesabata görə, 1,42 milyard dollar vəsaitin alıcılarının kimliyi məxfi saxlanılıb. Ümumi yardımın 80 faizi isə əvvəlcə BMT qurumlarına və çoxtərəfli təşkilatlara yönəldilib.

Tədqiqatçılar vurğulayırlar ki, məlumatlardakı bu boşluqlar vəsaitlərin mənimsənildiyini sübut etmir. BMT-nin məlumatına görə, 2026-cı ildə 21,9 milyon əfqanın humanitar yardıma ehtiyacı var.

Əfqanıstanda ailələr yardım gözləyir, qış isə yaxınlaşır

Kabulda yaşayan dörd uşaq anası, dul qadın Əsma Bibi AnewZ-a müsahibəsində sonuncu dəfə Ramazan ayında yardım aldıqlarını bildirib:

“Sonuncu dəfə yardımı Ramazan ayında almışıq. Bizə duru yağ, un və düyü verilmişdi. O vaxtdan bəri heç nə almamışıq”.

O, qışa hazırlıqla bağlı çətinliklərdən də danışıb:

“Qış yaxınlaşır və artıq havalar soyuyub. Qızınmaq üçün odun almağa belə imkanımız çatmır”.

BMT-nin Humanitar İşlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesablamalarına görə, humanitar yardıma ehtiyacı olanlar ölkə əhalisinin təxminən 45 faizini təşkil edir.

BMT maliyyə nəzarətini müdafiə edir

OCHA-nın mətbuat katibi Olqa Çerevko AnewZ-un sorğusuna cavabında bildirib ki, ictimaiyyətə açıq məlumatların məhdud olması vəsaitlərin itməsi demək deyil.

Onun sözlərinə görə, hesabatda əsas diqqət açıq məlumatların məhdudluğuna yönəlib. Vəsaitlərin uçotdan kənarda qalmasına və ya təyinatına uyğun istifadə edilməməsinə dair sübutlar isə təqdim olunmur.

Çerevko bildirib ki, yardım xərclərinə auditlər, donorlara təqdim olunan hesabatlar və yerində yoxlamalar vasitəsilə nəzarət edilir:

“Bu mexanizmlər humanitar resursların təyinatı üzrə istifadə olunmasını və təşkilatların təsirə məruz qalmış icmalar, donorlar və rəhbər qurumlar qarşısında hesabatlı qalmasını təmin etmək üçün nəzərdə tutulub”.

BMT vəsaitlərin nə qədərinin proqramların həyata keçirilməsinə, nə qədərinin isə inzibati xərclərə ayrıldığını açıqlamayıb.

Əfqanıstanın İqtisadiyyat Nazirliyi fevral ayında bildirmişdi ki, 2025-ci ildə ayrılmış 1 milyard 9 milyon dolların 590 milyon dolları layihələrə, qalan hissəsi isə əməkhaqqı və əməliyyat xərclərinə sərf olunub. Bu rəqəmlər fərqli dövrü və əhatə dairəsini əks etdirir.

Teqlər