Albaniyada etirazçılar Baş nazir Edi Ramanın istefasını tələb edirlər

Albaniyada etirazçılar Baş nazir Edi Ramanın istefasını tələb edirlər
Etirazçıların atdığı “Molotov kokteyli”nin partlaması nəticəsində alov yüksəlir. Tirana, Albaniya, 31 oktyabr 2026-cı il.
Reuters

Oktyabrın 31-də Albaniyanın paytaxtı Tiranada minlərlə insan Baş nazir Edi Ramanın istefasını tələb edərək küçələrə çıxıb. Etirazçılar hökuməti korrupsiyada ittiham edir, iş yerlərinin azlığından və təhsilin keyfiyyətinin aşağı olmasından şikayətlənirlər.

22 yaşlı memarlıq tələbəsi Rezarta Sadikaj vətəndaşların problemlərinə uzun müddətdir diqqət yetirilmədiyini bildirib. O, siyasətçiləri korrupsiyada ittiham edərək Ramanı istefaya çağırıb.

25 yaşlı hüquq tələbəsi Arlind Fama da tələbləri yerinə yetirilənə və Rama istefa verənədək aksiyaları davam etdirəcəklərini deyib:

“Biz bu etirazları heç vaxt dayandırmayacağıq. Bəzi günlər küçələrdə daha az insan, tələbə və vətəndaş ola bilər, lakin Edi Rama istefa verənədək nümayişlər davam edəcək”, – deyə Fama bildirib.

Boynundan əleyhqaz asmış 27 yaşlı Evis isə müxalifəti hökuməti məsuliyyətə cəlb edə bilmədiyinə görə tənqid edib.

Aksiya zamanı toqquşmalar və gərginlik

Polis nümayişçiləri dağıtmaq üçün su şırnağından istifadə edib. Daha sonra polis mövqelərinin yaxınlığında kiçik partlayış baş verib.

Etirazçılara yaxınlaşan dron isə ağaca çırpılaraq yerə düşüb. Nümayişçilər bunu alqışlarla qarşılayıblar.

Etirazlar Rama hökumətinə təzyiqi artırır

Son aksiyalar ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin dəstəklədiyi dəbdəbəli sahil layihəsinə qarşı yay boyu keçirilən etirazların davamıdır. Əvvəlki aksiyalar əsasən dinc xarakter daşıyıb.

Etirazlar 2013-cü ildən hakimiyyətdə olan və ötən il dördüncü müddətə seçilən Rama üçün ciddi sınağa çevrilib.

Keçən həftəki etirazlar

Toqquşmalarla müşayiət olunan hökumət əleyhinə aksiyalardan sonra, oktyabrın 29-da müxalif deputatlar parlamentin iclas zalında fişənglər yandıraraq iclasın gedişini pozublar.

Mərkəzi bank haqqında qanun səsverməyə çıxarılarkən müxalif Albaniya Demokratik Partiyasının deputatları kürsüyə keçidi bağlayıblar.

Müxalifət lideri Sali Berişa hakim partiyanın deputatlarını cinayətkar adlandırıb. O bildirib ki, gözyaşardıcı qaz, rezin güllələr və ağır xəsarətlərə gənclər deyil, həmin deputatlar layiqdirlər. Bundan sonra onun mikrofonu söndürülüb.

Hökumət cərimələr tətbiq edib

Rama zorakılığın qarşısını almaq üçün yeni tədbirlər tətbiq edib. Bu tədbirlərə zorakılıqla nəticələnən etirazlarda iştirak edən hər kəsə 500 min lek (6 200 dollar) cərimə kəsilməsi də daxildir. Cərimə şəxsən zorakılıq törətməyən iştirakçılara da şamil olunur.

Baş nazir tələbələri yenidən dialoqa çağırıb. O, yanacağın ucuzlaşdırılması və aztəminatlı ailələrə maliyyə yardımının artırılması kimi yeni iqtisadi tədbirlər də açıqlayıb.

Teqlər