Hindistanda minlərlə insan baş seçki komissarının istefasını tələb edir

Hindistanda minlərlə insan baş seçki komissarının istefasını tələb edir
Rahul Qandi və “INDIA” müxalifət blokunun liderləri səhnədə. Yeni Dehli, Hindistan, 1 noyabr 2026-cı il.
Reuters

Noyabrın 1-də Hindistanın paytaxtı Yeni Dehlidə minlərlə insan seçici siyahılarına edilən mübahisəli dəyişikliklərə etiraz olaraq küçələrə çıxıb və ölkənin baş seçki komissarının istefasını tələb edib.

Müxalif Konqres Partiyasının lideri Rahul Qandinin rəhbərlik etdiyi nümayiş Baş nazir Narendra Modi hökumətinə qarşı keçirilən silsilə etiraz aksiyalarının davamı olub.

Müxalifət lideri Rahul Qandinin kartondan hazırlanmış təsviri yanında dayanan insanlar. Yeni Dehli, Hindistan, 1 noyabr 2026-cı il.
Reuters

Müxalifət qüvvələri iddia edir ki, seçici siyahılarındakı dəyişikliklər Modinin rəhbərlik etdiyi Bharatiya Canata Partiyasına (BJP) haqsız üstünlük qazandıra bilər.

Qandi Seçki Komissiyasını seçicilərin səslərini oğurlamaqda ittiham edir

Etirazçılar minlərlə insanın toplaşdığı “Ramlila Maydan” meydanına doğru yürüş edərkən Yeni Dehlinin mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib. Polis və təhlükəsizlik qüvvələri tarixi mitinq meydanını mühasirəyə alıblar. Ərazidə qalxan və dəyənəklərlə təchiz olunmuş təhlükəsizlik əməkdaşları da yerləşdirilib.

Nümayişçilər qarşısında çıxış edən Qandi baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edib. O, Kumarın vəzifədən uzaqlaşdırılmasını ölkəni “‘yenidən doğru yola qayıtması” üçün ilk addım adlandırıb.

Qandi hakimiyyəti vətəndaşları demokratik hüquqlarından məhrum etməkdə ittiham edib.

“Seçici siyahılarından adların kütləvi şəkildə çıxarılması Hindistanın hər bir vətəndaşının səsinin oğurlanması deməkdir”, – deyə o bildirib.

Mübahisənin əsas səbəbi seçici siyahılarına edilən dəyişikliklər nəticəsində 130 milyondan artıq şəxsin adının siyahılardan çıxarılmasıdır. Bu rəqəm Yaponiya əhalisinin sayından da çoxdur. Müxalif partiyalar iddia edirlər ki, dəyişikliklər müsəlmanlara və digər azlıq qruplarına daha çox təsir göstərib.

Ailələr seçici siyahılarından çıxarılan adlarla bağlı cavab tələb edir

Bəzi etirazçılar dəyişikliklərin birbaşa onların ailələrinə təsir etdiyini bildiriblər.

Konqres Partiyasının tələbə təşkilatının üzvü Rina Mahto “Reuters” agentliyinə bildirib ki, Çhattisqarh ştatında uzun illərdir eyni ünvanda yaşamalarına baxmayaraq, ailəsinin dörd üzvünün adı seçici siyahısından çıxarılıb.

“İndi isə qəfildən bizi öz evimizdən köçmüş kimi qeyd ediblər”, – deyə o bildirib.

Mahto buna görə məsuliyyət daşıyan şəxslərin cavab verməli olduğunu və bunu tələb etmək üçün aksiyaya qatıldığını bildirib.

Digər etirazçı Dineş Sinq isə gələcək nəsillərin taleyindən narahat olduğu üçün aksiyaya qatıldığını bildirib.

“İstəyirəm ki, uşaqlar gələcəkləri uğrunda mübarizə apardığımızı unutmasınlar”, – deyə o vurğulayıb.

Seçki Komissiyası bildirir ki, siyahıların yenidən nəzərdən keçirilməsində məqsəd seçici siyahılarındakı təkrar qeydləri və səsvermə hüququ olmayan şəxslərin adlarını çıxarmaqdır. Qurum siyasi qərəz ittihamlarını rədd edir və adları səhvən siyahıdan çıxarılan şəxslərin yenidən qeydiyyatdan keçmək üçün müraciət edə biləcəklərini bildirir.

BJP isə müxalifət partiyalarını seçki prosesini şübhə altına alaraq demokratik institutların nüfuzuna xələl gətirməkdə ittiham edib.

Hökumət etirazçıların iddialarını rədd edir

Hindistanın səhiyyə naziri Caqat Prakaş Nadda etirazçıların iddialarını rədd edərək mitinqi “əvvəlcədən diqqətlə hazırlanmış tamaşa” adlandırıb.

O, müxalifəti demokratiyadan bəhanə kimi istifadə edərək ölkədə qeyri-sabitlik yaratmağa çalışmaqda ittiham edib. Nazir nümayişi “ölkəni anarxiyaya sürükləmək üçün düşünülmüş sui-qəsd” kimi qiymətləndirib.

Sentyabrın sonlarında başlayan etiraz aksiyalarında müxalifət partiyaları, tələbə qrupları və gənclərin rəhbərlik etdiyi Tarakan Xalq Partiyası iştirak edirlər.

“The Indian Express” qəzetinin məlumatına görə, Seçki Komissiyasının iki üzvü seçicilərin qeydiyyatı prosedurları, siyahılara edilən dəyişikliklər və rəqəmsal sistemlərlə bağlı qurum daxilində narahatlıqlarını ifadə ediblər. Bu məlumatın yayılmasından sonra etirazlar daha da güclənib.

Getdikcə genişlənən etiraz aksiyaları 2014-cü ildən hakimiyyətdə olan Modi üçün ciddi siyasi çağırışa çevrilib.

Bununla belə, onun hökuməti sabitliyini qoruyur və Hindistanda növbəti ümumi seçkilərin 2029-cu ildə keçirilməsi nəzərdə tutulur.

Teqlər